Zərgər dəqiqliyi tələb edən sənətdən danışacağıq Featured

Rate this item
(0 votes)

Söhbət bilirsiniz, hansı sənətdən gedir? Çəlləkçilikdən. O qədər də populyar olmayan bu sənətin Göygöl rayonunda yaşayan nümayəndəsi, usta Çingiz Şükürovun bu yaxınlarda AzərTAC-ın müxbirinə söylədiyi: “Bu sənət atama əmimdən atamdan isə mənə yadigar qalıb. Azərbaycanın elə bir yeri, fabriki yoxdur ki, orada mən bu işlə məşğul olmuyam. Təəssüf ki, indiki gəncləri bu sahəyə marağı yoxdur. Əvvəl çəlləklərə tələbat çox olduğundan maraqlananlar olurdu. İndi demək olar yox səviyyəsindədir” sözlər diqqətimizi çox çəkdi. 

Demək ki, bütöv bir sənətin arxaikləşməsi təhlüləsi labüd imiş. 

Göygöl rayonu tarixi ənənələri və xalq sənətkarlarının çoxluğu ilə seçilən rayonlarımzdandır. Burada müxtəlif sənət sahələri üzrə sənətkarlar fəaliyyət göstərir. Maraqlı və sənətkarı getdikcə azalan sənət növlərindən biri də çəlləkçilikdir. 

Göygöl rayonunun adlı-sanlı çəllək ustası Çingiz Şükürovun böyük emalatxanası var, orada onun taxtadan hazırladığı sənət nümunələri sıralanıb. 

Ç. Şükürov 2006-cı ildən bu işlə məşğul olduğunu hazırladığı sənət nümunələri ilə alıcılarını heyran qoya bildiyini deyib

Azərbaycanda vaxtilə bu sənət növü ilə məşğul olan insanların sayı çox olub. Buna təsir edən amil o zamanlar insanların çəlləyə tələbatının olduqca çox olması ilə bağlıdır. Çəllək hazırlamaq fiziki cəhətdən ağır iş olduğundan bununla ancaq kişilər məşğul olub. Taxtadan hazırlanan çəlləklər şərab, konyak, bal, bəkməz və s. kimi ərzaq və içkiləri uzun müddət saxlamaq qabiliyyətinə malikdir. 

“Avqust-sentyabr aylarında daha çox şərab istehsalçıları tərəfindən sifarişlər artır. Şərabı saxlamaq üçün ən yaxşı üsullardan biridir çəllək də saxlama forması. Digər zamanlarda da həm təmir üçün, həm də hədiyyə etmək üçün çəllək sifariş edənlərdə olur. Təxminən bir çəlləyin qiyməti 50 manatdan başlayır. Həcm böyüdükcə qiymətdə artır,” – deyə çəllək ustası bildirib. 

Çəlləyin hazırlanma qaydası isə fərqli və maraqlıdır. Palıd ağacından hazırlanan taxtalar dairəvi formada yığıldıqdan sonra içərisində ocaq qalanıb taxtalar su ilə isladılır. Buxar vasitəsilə taxta yumşalır. Su ilə taxta isladılıb buxarda yumşaldılarkən kəmərlə sıxılır. Nəticədə çəllək sıxılaraq hazır vəziyyətə gətirilir. 

Çəlləklər ancaq palıd ağacından hazırlanır. Buna səbəb isə palıddan fərqli olaraq digər ağaclardan hazırlanan çəlləklərin içərisində bir müddət məhsul saxlandıqdan sonra həmin ağacın dadı və ətrinin məhsulda hiss edilməsidir.

Maraqlıdır, deyilmi?

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)