Bineyi-qədimdən ağ ruhların atı türklərin müqəddəsi sayılıb Featured

Rate this item
(0 votes)

 

Aida Eyvazlı yazır

 

 

Yenə də əzəli türk torpaqları olan Saxa - Yakutiya barədə yazıram. Yakutiyanı fəth etməyə gələn missionerlər 1634-cü ildə  I rus çarı Mixail Fedoroviç Romanova yazırdılar: “Yakol torpağı çox genişdir, intəhasızdır. Burada əhali çoxdur, atlarının sayı bilinmir”.

Yakutiyanın  bol sərvətli  torpağını, təbiətini mənimsəməyə böyük üstünlük verən rus çarı Mixail Romanov bu torpaqları öyrənmək və kəşf etmək üçün  hər il bir neçə ekspedisiya qrupu göndərirdi. Belə ekspedisiyaların birində iştirak edən holland əsilli ilk kartoqraf, hüquqşünas və siyası xadim Nikolas Vitsen 1692-ci ildəki qeydlərində yazırdı ki, yakutlar ta qədimdən heyvandarlıqla məşğuldurlar. Onlar həm at sürməyi bacaran süvaridirlər,  həm də at ilxıları sahibidirlər.

1892-ci ildə digər bir ekspedisiyada olan zooloq, təbiətşünas akademik Aleksandr Middendorf hesabat məruzəsində qeyd edirdi ki, Yakutların yaşadığı ərazilərdə 131978 baş atları və 243153  mal-qaraları vardır. Burada hər ailə başına ən azı 1 at və 2 baş inək düşür. At yakutların təkcə işçi qüvvəsi deyil, həm də onların həyat şəraitini yaxşılaşdırmaq üçün  ərzaqlarını daşıyan minik vasitəsidir.

Yakutlar belə deyirlər ki, qədim zamanlarda at onların Tanrısı olubdur.  Siz heç toy mərasimində atın kəsilmiş başının  evin qapısının sağ küncündə qoyulduğunu görmüsünüzmü? Toy evinə girənlər əvvəlcə küncə qoyuymuş at başına salam verir, sonra da ailəyə sadiqlik andı içirlər.

Yakutların inancına görə inək qurban kəsilərsə, bu aşağı dünyada yaşayan qara ruhları sakitləşdirmək üçündür, at qurban kəsilərsə, bu yuxarıdakı ağ ruhlar üçündür. Yakutların dini ayinləri keçirərkən mütləq ocaq yandırırlar. Onlar yanan ocağın içərisinə heç vaxt inək tükü atmazlar, belə rituallarda ancaq at tükündən istifadə edərlər. Müqəddəs Issıax bayramında Atın quyruğu və tükləri ilə sərgələri, sütunları bəzəyirlər, ağcadan yonulan çoronlara,  süd kasalarına da at tükü bağlayırlar. At tükü ilə həm də kumıs vedrəsini, kumıs torbasını bəzəyirlər. Əslində Issıax həm də Atın şərəfinə keçirilən bayramdır.  

Middendorf yakutların ata olan sevgisini dərindən öyrənmişdi. Başqa bir qeydində yazırdı: “At yakutlar üçün o qədər müqəddəsdir ki, hər evin həyətinin günəşə açılan qapısının yanında mütləq bir neçə bəzəkli sərgə  bərkidilir. Sərgəni bağlayanda deyirlər ki: “Qoy bu sərgə yurda üç insan əsri qədər xidmət eləsin!”. Yəni ki, bu yurd, bu ev, bu məkan hər zaman qonaqlı-qaralı olsun.  Çünki sərgə gələn qonağın atlarını bağlamaq üçündür. Kiməsə qarğış edərkən belə deyirlər: “ Dəli kimi çığırıb, bu qurumuş ağacı qucaqlayasan!”

Hər hansı bir səbəbdən öz evindən, kəndindən, yurdundan köçüb gedən varlı yakutlar həyətlərindəki sərgəni də özləri ilə aparırlar.(Sərgə- atın başını baöladıqları dirək adlanır.). Sərgə basdırmaq yakutların ən çox sevdikləri mərasimdir. Hətta yol qıraqlarında da rəngli ipək parçalarla- salamalarla bəzənmiş, at tükü ilə bağlanmış sərgələrə rast gəlmək olur. Əgər hər hansı bir yakut yolda atın  sümüklərinə və ya başına rast gələrsə, onu mütləq qaldırıb hər hansı bir ağacın gövdəsinə və ya budaqlarına asacaq. Elə buna görə də ağcaqayın , şam ağacından düzəltdikləri çoron, yemək qabları, sandıqların ayaqlarını da at ayağına oxşadırlar. Hətta yurtalarında (alaçıqda)   asdıqları asılqanları , silahlarının  gövdələrini  də at ayağına oxşadır, at fiquru ilə bəzəklər vururlar.

Middendorf daha sonra əlavə edir: “Gözəl bir qızı görkəminə görə ata bənzədirlər. Deyirlər ki, “At kimi gözəldir!”. Saxa yakutları insanı heç vaxt inəyə bənzətmirlər. Bu insanın şəxsiyyətini alçaltmağa bərabərdir. Atın iç-çalatı, əti və yağı yakutlar üçün ən ləzzətli və ləziz yeməkdir, at südündən hazırlanan kumıs isə  bənzərsiz içkidir. Onu baldan şirin sayırlar”.

Qədimlərdə yakutlar  ev tikməyə başlayanda  yurtanın əsas dirəklərinə  at piyi və at qanı çəkərdilər. Əbəs yerə deyil ki, yakutların olonxosunda- yəni dastanlarında at  insanın ən yaxın dostu, qardaşı, məsləhətçisi, yardımçısı və yol göstərənidir. Onlar atı müdrik və nəcabətli sayırlar.  Belə deyirlər ki, Tanrı qarşısında da At çox vaxt öz sahibinin günahlarını , ağırlığını öz üstünə götürür. Yakutlar deyirlər ki, öz atını  buraxan  igid, kişi taleyinin pis oyununa gələr, qəza başından əskik olmaz. Sahibinin öz atına yiyə durmaması ən böyük günah sayılır.

Belə rəvayət edirlər ki, əvvəl at yaranıb, sonra yarıat və yarıinsan yaranıb, və ən sonda insan dünyaya gəlib. Şimal insanlarının inancına görə Atı göylərin Ağ paşahı yaradıb, inək isə suyun içərisindən peyda olub.

Alman səyyahı Samuil Georq Gmelin 1736-cı ıldə yazırdı:  “Mən hələ bir dəfə  də hər hansı bir yakutun atı söydüyünü və ya qamçıladığını görməmişəm. Bir yakut mənimlə söhbətində deyirdi ki: “ Atlar insan kimi  ağıllıdırlar: onları təhqir etmək günahdır. Siz bir atların çəmənlikdə yorğa yerişlə , ehtiyatla gəzmələrinə baxın. Onlar inəklərdən fərqli səliqəlidirlər,  ehtiyatla gəzir, çəmənliyi bulaşdırmır, otları əzməməyə çalışırlar. Onalr insan əməyinə qiymət verirlər. Atların qəlbi o qədər zərifdir ki, onlar pisliyi və yaxşılığı unutmurlar!”. Yakutlar atı ailəsinin bir üzvü , doğması kimi sevirlər. Öz atlarının şərəfinə mahnı oxuyur, onu tumarlayır, əzizləyirlər. At yakutun dostudur! Burada hər bir ulusun özünün  ərazisi, kəndi və yurdu vardır.  Bu yerlərin igid oğlanların qəhrəmanlığından söz açarkən deyirlər ki,  onun yurdunda gözəl atları vardır. Rəvayətə görə Yurunq Uolanın  köhlən atının adı Xan Cəyirli idi. Madyan atının adı isə Kün -Kedelyə. Xan və kün yakutlarda ən şərəfli tituldur. Mənim tanıdığlm yakutlar deyirlər ki, bizim əcdadlarımız keçmişdə ötüb keçdikləri  hər yerdə evləri, alaçıqları olub. Biz heyvanlarımızı otarmaq üçün yurd-yurd gəzmişik. Ot yığmamışıq, yay-qış tədarükü etməmişik”.

Bizim Kamçatkaya etdiyimiz ekspedisiyalar zamanı bu soyuq ərazilərdə işləməyə başlayandan sonra, yakutların atlarının sayı azalıb. Çünki ekspedisiya üzvləri bu atları amansızcasına işlədirlər, yorurlar, çoğvuna və şaxtaya tab gətirməyən atlar bəzən ilxı ilə ölürlər. Onlar daha çox acından ölürlər. Bir at öldümü ekspedisiya üvü  kənddəki at sahibinin atını məcburən əldə edir.

Akademik Gmelin qeyd dəftərinin başqa bir səhifəsində yazırdı:

“...Lakin indi yakutlar artıq yazın gəlişi ilə ot yığımına və tədarükünə başlayıblar. Yarımköçərilər kimi yaşayırlar. Qışı onlar  “kısınqı”-deyilən  damlarda keçirir, yayda isə “saylı və ya sayinqə” deyilən evlərinə köçürlər.  Qışlaq yurdlarını elə  ot bol olan çəmənlikdə qururlar.  Bir ərazidə 10-15 qışlaq alaçığı  olur. Bir-birinə çox uzaq ərazidə yurd salsalar da,  köç vaxtı bu evlərin sahibləri hamısı bir yerdə yığışıb, yaylağa köçürlər. Aprel ayından başlayaraq yaylaq evlərinə, yurdlarına gəlib, damlardan, həyətdən qar ötrtüyünü təmziləyirlər. May ayında Tayqa cana gəlir. Hər yerdə yaşıl otlar , çiçəklər, ağaclar göyərir. Yol byu insanları və heyvan sürülərini hərəkətdə görürsən. Arabalara yığılmış yükləri öküzlər və atlar çəkirlər. Arabalarda yakutun sandığı, mətbəx avadanlığı, stol və stulları, geyim əşyaları, məişət əşyaları, süd  nehrələri, yağ saxlamaq üçün dəri  vedrələri yüklənir.  Körpələrin beşikləri, yeni doğulan buzov, oğlaq, dayça,  qulunlar da araba ilə daşınır. Bu insan köçünü aparan  karvanın qabağında  cins itlər gedirlər, insanların üzündə xüsusi bir xoşbəxtlik və qayğısızlıq, günəş kimi təbəssüm olur.  Yol boyu heyvanlar dayanıb  məxmər yamaclardakı  yamyaşıl otları yeyirlər, gövşəyə-gövşəyə  qarınlarını doydururlar. Yakutlar köç üçün həmişə günəşli günləri seçirlər. Onlar çox az hallarda yağışa düşürlər. Çünki  karvanın içərisində  havanın necə keçəcəyini əvvəlcədən bilən adamlar olur. Köç zamanı bir qayda olaraq, günəş onlara yoldaşlıq edir. Buradakı  çəmənlərdə, dərələrdə, dağlarda  bulaqlar dumdurudur.  Buna görə də yola çıxanların susuzluq problemi olmur. Bütün köç yurddan çıxandan sonra, ən axırda  ilxıçılar at ilxılarını çıxarırlar. Qışlaq yurdu boş qalır. Yaylaq yerinə çatmaq üçün 10 gün vaxt sərf edirlər. 3 ay davam edən yay qurtaran kimi, yenə geriyə qışlağa qayıtmağa başlayırlar”.

Bura qədər bəhs etdiyimiz  rus imperiyasının təmsulçiləri olan məşhur səyyahların, alimlərin qeyd dəftərçəsinə gördklərimiz idi. İndi ki, yakutların müqəddəs at kultundan danışırıq, o zaman bu atların xasiyyətini də bilməyimiz yaxşı olardı.

 

Müqəddəs at kultu

At yakutlar üçün müqəddəs heyvandır.  Ata olan inancları  həyatlarının, məişətlərinin  hər sahəsində mövcuddur. Yakutlar belə hesab edir ki, təbbiəti və onun qoynunda yaşayan  canlıları İççi səmavi ruhu qoruyur və idarə edir. Əvvəlki yazılarımızda da qeyd edtiyimiz kimi, İççi ruhu aşağı və yuxarı aləmin  ruhlarının qəza-qədərlərini təyin edən məkanda yerləşir. Əgər hər hansı bir yakut insanının və ya ailəsinin başında bir bəla, qəza mövcuddursa, həmin şəxsin həyətində mütləq at qurbanı kəsilməlidir.

Atı qurban  kəsmək ritualı isə mütləq şamanın iştirakı ilə keçirilməlidir.  Qədim dövrlərdə, lap elə bu gün də  bu ritual yerinə yetirilərkən qocaman bir ağacın gövdəsindən ayrılan iki budağının ortasına taxtadan düzəldilmiş nizə bərkidilir, belə nizəyə “kerex” deyirlər. Bu nizədən isə qurban kəsilən heyvanın başı asılır.  Belə müqəddəs ağac isə Yürex adlanır.

Bu ritualı yerinə yetirmək üçün bir neçə qolu güclü kişi əvvəl  qurban kəsiləcək atın ayaqlarını kəndirlə bir-birinə bağlayır, sonra isə atı beli və ya böyrü üstə uzadırlar. Qəssab qurbanlıq atın ya sinəsindən, ya da boynundan kəsik açır, sonra isə qolunu həmin kəsikdən içəriyə salıb ürəyini sinəsindən kəsib çıxarır,bir də ki, boynunun şah damarını dartıb kəsir.  

Müqəddəs Yürex ağaclarına atın dərisi ilə birlikdə  dırnaqları və quyruğu da asılır.

Qurban kəsilmiş atın  ətinin bölünməsinin də qayda-qanunu bu günə qədər saxlanılır. Bu mərasimə yakut dilində “sataa bıısıı” deyilir. Atın cəmdəyini bıçaqla bölür,  onun əzalarını və sümüklərini çox səliqə ilə ayırırlar ki, nə əzalara nə də sümüklərə kəsik düşməsin. Zədələnmiş parçanı  kiməsə pay göndərmək, təhqir sayılır. Və ya bu zaman ritual zamanı oxunan alqışlar və dualar Tanrıya çatmaya bilər.

Olmuş bir əhvalatda xatırlanır ki,  hələ Rusiyanın tərkibinə girməzdən əvvəl, iki tayfa -- bayaginlər və baxsıt tayfaları  arasında münaqişə başlayır.  Münaqişədə məğlub edilən bayaginlərin çox gözəl bir köhlən atları da ölür. Məğlub bayaginlər tayfası  zəfər çalan baxsıtlar tayfasından sevimli  atlarını basdırmaq üçün icazə istəyirlər. Qalib tərəf əsil ilxıçılara xas olan  adətə görə  onlara köhlən atı təntənə ilə  basdırmağa icazə verirlər.

Yakutların inancında ağır xəstəliyə tutulan insan da atın köməkliyi ilə sağlamlığına qovuşa bilir. 1928-ci ildə   Suntar Ulusunun Tonoqostoox aymakında Bırkıya adlı  çox varlı bir yakutun qızı epillepsiya xəstəliyinə tutulur. Şamanı köməyə çağırırlar. Şaman Yuxarı aləmin ruhları ilə danışandan sonra, deyir ki, ruhlar  at qurbanı istəyirlər. Bırkıya sevimli  atını gətirib şamana verir. Şaman isə həmin atı açıb azadlığa buraxır. Bundan sonra at öz sahibinin evinə  qayıtsa da, kimsə o atı minib sürmür.  Həmin atla yük daşımırlar.  Belə at artıq  ulusda müqəddəs at sayılırdı. Şaman tərəfindən azadlığa buraxılan at öz əcəli ilə ölürdü.  Müəyyən vaxt keçəndən sonra adamlar onun sümüklərini tapıb toplayır və aranqas (məbəd) tikib orada məzar qazıb, ayin keçirib, sümüklərini basdırırdılar.

82 yaşlı  Mariya Baraşkova danışırdı ki, 1940-cı ildə Çurpaçin rayonunun  Baxıt nasleqindəki  “Kirov” adına kolxozda atı basdırıb,  məzarı üstündə taxtadan yonulmuş abidəsini ucaltmışdılar. Çünki o at həm ağıllı, həm də güclü idi. Atın sahibi pıçıltıyla “Yola çıxıram” kəlməsini deyən kimi, at sahibinin yanına gələr, dizlərini yerə qoyardı ki, sahibi onu yəhərləyib, minsin. At qocalıb öldü, lakin hamımız onun üçün ağlayırdıq, üzülürdük. Biz onu əziz bir dost, gözəl bir insan kimi dəfn etdik.

Atı qurban kəsmək adəti bu gün də qorunub saxlanılır.  Ölən adam üçün ehsan veriləndə mütləq at kəsirlər. 1940-cı illlərə qədər  ölən adamın ehsanına kəsilən atın başını, dırnaqlarını isə  məzarın yanındakı  üzü  şərqə baxan qara şam ağacından asırdılar. Qurban kəsməzdən əvvəl atı rəngarəng çul və üzəngi ilə bəzəyir, sonra isə ölən adamın gəzdiyi yerlərdən keçirir, sonda isə ölənin məzarı başına gətirib, orada kəsirdilər. Belə mərasimdə kəsilən atı xüsusi təntənə ilə dəfn edirdilər.

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2022)