Səudiyyə Ərəbistanı, İordaniya və Tacikistanla turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Rate this item
(0 votes)

Yanvarın 15-də Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev ilə Səudiyyə Ərəbistanı, İordaniya və Tacikistanın ölkəmizdəki səfirləri İssam bin Saleh əl-Cuteyli, Ömər Bərəkət əl-Nahar və İlxom Abduraxmon arasında görüş keçirilib.

 

AzərTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə bu ölkələr arasında qarşılıqlı turist səfərlərinin sayının artırılması, turizm əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

DTA-nın sədri Fuad Nağıyev cari il ərzində Səudiyyə Ərəbistanında bir sıra marketinq tədbirlərinin təşkil ediləcəyini qeyd edib. Səfir İssam bin Saleh əl-Cuteyli, öz növbəsində Səudiyyə Ərəbistanı vətəndaşlarının Azərbaycanı uzunmüddətli səfərlər üçün uyğun destinasiyalardan biri hesab etdiklərini diqqətə çatdırıb. Görüşdə Azərbaycan vətəndaşları üçün viza sadələşdirmə proseduru haqqında da fikir mübadiləsi aparılıb.

 

Agentliyin sədrinin İordaniya və Tacikistan səfirləri ilə görüşündə isə birbaşa aviareyslərin açılması, mövcud aviareyslərin artırılması istiqamətində işlərin aparılması və turizm sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi haqqında fikir mübadiləsi edilib. Turizm əlaqələrinin gücləndirilməsi məqsədilə Yol Xəritəsi üzərində işlənilməsi təklif olunub.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)