Pərvanə Seyidlinin həm hekayəsi, həm rəsmləri Featured

Rate this item
(1 Vote)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət” 

 

Hörmətli oxucularımız. Sizə Pərvanə Seyidlini təqdim edirəm. Pərvanə 1994-cü ildə Xızı şəhərində anadan olmuşdur. 2001-ci ildə Sumqayıt şəhəri 14 saylı orta məktəbin I sinfinə daxil olmuş, 2012-ci ildə məktəbi bitirmişdir. O, yaxşı mətnlər yazmaqla yanaşı, həm də gözəl rəssamdır. Uğurlar Pərvanə xanım! 

Oxucularımıza Pərvanə xanımın bir hekayəsini və bir neçə rəsm əsərini təqdim edirik. 

  

Cənnətə məktub... 

 

Bu yazımı zamansız dünyayla vidalaşıb şəhidlik məqamına ucalan qəhrəman analara həsr edirəm. 

 

Həyat sınaqlarla doludur. İnsan deyilən varlıq dünyaya gəldiyi bir vaxtdan sınaqlardan keçməyə başlayır. Hər kəs öz payına düşənləri yaşayır. Kimiləri bu sınaqlardan sevinərək çıxır, kimiləri isə silinməz izlər qoyaraq…

Bu gün sevinc və kədər bir-birini əvəz edir. Bu gün yoxluğundan var olduğum qəhrəmanımı sizinlə tanış etmək istəyirəm. Hər kəs Ana ola bilər, amma hər kəs sənin kimi qəhrəman ola bilməz. Qəhrəmanlar qəhrəman olaraq dünyaya bəxş edilir, onlar sonradan yaradılmır. Səni necə vəsf edəcəyimi bilmirəm. Saçların uzunmuydu?, gözlərin qəhvəyiydi, yoxsa mavi? Nələri sevib-sevmədiyini belə bilmirəm. Çünki mən səni tanımadan böyüdüm.

Mənim əzizim gəncliyinin ta başlarından ömrünü doya-doya yaşamayıb, canı bahasına səbrsizliklə gözlədiyi qızını görmədən, qoxusunu duymadan, ana kəlməsini belə eşitmədən dünyayla vidalaşıb əbədi olaraq Allahın yanına getdin. Sən mənim üzünü görmədiyim, heç bir zaman saçları ağarmayacaq, hər zaman cavan qalan, iyirmili yaşlarında cavan yaşda torpaq olanımsan. Nə sən məni tanıdın, nə də mən səni tanıdım. Səni mənə xatırladan nə səsin var, nə də ki, siman. Bir- birimizdən uzaq düşdük. Sən Allahın dərgahında şəhidlik məqamına ucaldın, mənsə bu vəfasız dünyanın sınaqlarıyla həyatı davam edirəm. Əzizim, bura çox soyuqdur, o incəcik bədəninin üşüdüyünü hiss edirəm. Dur gedək desəm əlimdən tutub mənimlə gələrsənmi? Ömrü kimi, ümidləri də, arzuları da yarım qalanım, şəhadətə ucaldığın anda cənnət qapısında səni kimlər qarşıladı? Kaş ki, son anlarında nə hiss etdiyini bilərdim, görən qəlbində nələr vardı? Kaş ki, qəlbimə axan göz yaşlarımı görə biləydin. O zaman bəlkə də ürəyin dözməzdi, gələrdin. Mən də sevinərdim ki, cənnətdən qonağım gəlib...

Məndən nigaran qalma, əzizim, sən rahat yat, cənnətdə məni gözlə. Zamanı gələndə Allahın izniylə görüşəcəyik. İlk görüşümüz olacaq, amma heç vaxt bir-birimizdən ayrılmayacağıq, itirmək qorxusuyla yaşamayacağıq. Əbədi olacağımız günə kimi xudahafiz. Səni cox sevirəm, mənim qəhrəmanım...  

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2023)