“... Getdiyin uzaqlar elə tanışdı” - Şəfa Vəlinin şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalı bu dəfə Poetik qiraət rubrikasında yeni imza təqdim edir: Şəfa Vəli. 

Onun bu şeirini çox bəyənəcəyinizə əminik. 

 

 

Günlərlə kompüterindən uzaq qalan mən və zehnimdə yığılıb qalan səslərin sözə çevrilməyə can atması...

 

*

Zehnimdə sərçələr yuva qurub, gəl, 

Bir ovuc vüsal səp, mən də sevinim...

Bilirəm, bombozdu, yumrudu əcəl,

O gedir... 

Gedirəm...

... Belə sevirəm...

 

Gözümdə səhra var, bulud olub gəl,

Bir əlçim kölgə sal yanağım üstə..

Hissləri süzmüsən, qupquru qalıb

Kədərim ömrümün yamağı üstə... 

 

Hər həkim yamaqçı, hər dərman yamaq-

Keyidən, yatıran, iştah gətirən...

Min ildi dilimdə adın umacaq,

Min ildi ürəyim sevda ötürən...

 

... Getdiyin uzaqlar elə tanışdı,

Xəylalım min dəfə dolanar-gəzər...

Sərçələr zehnimdə yuva qurmuşdu...

Bir şeir üfürdüm, uçub getdilər... 

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)