“Libraff”da yazıçı Varis ilə görüş keçirilib Featured

QARABAĞ MÜHARİBƏSİNDƏN BƏHS EDƏN ƏN TƏSİRLİ ROMAN MÜZAKİRƏ EDİLİB

 

Ötən gün “Libraff” Mağazalar şəbəkəsinin Elmlər filialında "Böyük Qayıdış" Gənclər Təşkilatının və  Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə tanınmış yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Avrasiya Millətlər Assambleyasının həmsədri Varisin gənclərlə görüşü keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində işıq üzü görən “Qırmızı ləçəklər" romanının müzakirəsi əsasında baş tutub. İki saat davam edən görüşdə iştirak edən gənclər  bu dəyərli əsər haqqında müəllifin özündən məlumat alıblar, fikir mübadiləsi aparıblar,  onları düşündürən suallara cavab tapıblar.

Azərbaycanın milli qəhrəmanı Əlif Hacıyevlə belarus gözəli Qalina Mankonun Belarusiyada başlayıb Xocalıda bitən müdhiş sevgi əhvalatından bəhs edən, erməni vəhşiliklərini və Xocalı müdafiəçilərinin qəhrəmanlıqlarını tərənnüm eləyən bu roman təsadüfi deyil ki, oxucular tərəfindən çox sevilir, ilk tirajı bitdikdən  sonra təkrar nəşr edilərək kitabsevərlərin ixtiyarına verilib. 

Tədbirdə gənc ədiblər də iştirak ediblər, onlar yazıçıdan oxunaqlı yazı yazmağın sirlərini öyrəniblər.

Tədbirin sonunda “Böyük Qayıdış" Gənclər Təşkilatının və  Azərbaycan Nəşriyyatları Assosiasiyasının gənc auditoriya ilə gördükləri işlərin böyük faydasından, o cümlədın kitab təbliğatına verdikləri dəyərdən bəhs edilib, təşkilatlara gələcək fəaliyyətlərində uğurlar, yazıçıya isə Azərbaycan həqiqətlərini yorulmadan dünyada təbliğ etməsi işində bol enerji və yeni-yeni müvəffəqiyyətlər arzulanıb.

 

Fotolar Sərxan Rüstəmovundur.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2023)