Şabranda Poeziya gecəsi keçirilib Featured

Təbiətin ən dilbər guşələrindən birində - Şabran rayonunun Pirəbədil kəndində yerləşən Shabran Wellbeing Resort istirahət kompleksinin açılışını, xatırlayırsınızsa ölkə prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva etmişdilər. Bura gələrək ölkə vətəndaşları ən yüksək səviyyədə istirahətlə təmin olunurlar. Amma bu guşənin bir özəlliyi də var. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mədəniyyət xadimlərinə dövlət qayğısının bariz nümunəsi olaraq istirahət kompleksində yazıçılar, bəstəkarlar və rəssamlar üçün 30 kotec də istifadəyə verilib, mədəniyyət xadimləri gəlib 10 gün müddətinə burda həm ödənişsiz istirahət edə, həm də yeni əsərlər üzərində işləyə bilərlər.

Hazırda orada dincələn yazarlar iyulun 8-də  Poeziya gecəsi təşkil ediblər. Xalq yazıçısı, AYB sədri Anar, Xalq şairi Ramiz Rövşən, AMEA prezidenti İsa Həbibbəyli, AYB sədrinin müavini Rəşad Məcid, millət vəkili, yazıçı Aqil Abbas, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, şairə Ofelya Babayeva, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və digərlərinin qatıldığı tədbirə istirahət evinin xidməti personalı və çoxsaylı qonaqları maraqla tamaşa ediblər.

Ədəbiyyatın bunca təbliği əlbəttə ki, təqdirəlayiqdir. Harda ədəbiyyat varsa orda humanizm, mənəvi kamillik və gözəllik var. 

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)