Türk yazıçısı, qısa hekayə ustası Ömər Seyfəddindən “Üç nəsihət” Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu dəfə növbə “Dərgidə kitab”ındır. Türk yazarı Ömər Seyfəddinin “Üç nəsihət”ini dilimizə Azad Yaşar çevirib.

 

 

DƏRGİDƏ KİTAB                                                     

 

Ömər SEYFƏDDİN

(1884-1920)

 

Türk nasiri, yazıçısı və şairidir. 36 illik qısa ömrünə o həm də hərbi və pedaqoji fəaliyyəti sığdıra bilib.

Türk ədəbiyyatında qısa hekayə janrının banilərindən biri olmaqla yanaşı, ədəbi dilin sadələşdirilməsinin təəssübkeşi kimi də tanınıb.

Ədəbiyyatda türkçülük cərəyanının başlıca təmsilçilərindəndir.  

 

 

ÜÇ NƏSİHƏT

 

Durmuşun anasından başqa bir kimi-kim­səsi yox idi. Kasıb olsa da, cavan idi, güc­lü idi. İki ökü­zü­nün biri öləndən sonra daha tarlasını da şumlaya bilmədi.

Pul qazanmaqdan, təkrar əkinçiliyə girişmək­dən ötrü qürbət ellərə yollanmaq qərarına gəldi. Qürbət isə İstanbul demək idi. Həmin kənddə çarəsiz qalan, işi­nin axarı pozulan hər kəs İstanbula üz tuturdu axı. Durmuş da yol torbasını çiyninə aldı. Çarıqları­nın iplərini sıxdı. Əlinə bir dəyənək aldı. Qür­bətə gedənlərə qoşuldu. Dərələr, təpələr aşdı. Ən nəha­yət, İstanbula yetişdi.

İlk iki günü həmyerlilərinin yı­ğış­dığı qəhvəxanada gecələdi. Hansı işə girişəcə­yi­ni bilmirdi, çünki bir işi-peşəsi yox idi. “Ən azından nö­kərçilik edim” – dedi. Qapı-qapı dolaşmağa başladı. Bir həftəni belə yola versə də, uyğun bir iş tapa bilmədi.

Bir gün qəhvəxanada ona Müstəqim əfəndi adlı biri­sinə müraciət eləməyi məsləhət gördülər, evi Ədir­nə­qapı tərəfdə imiş.

Durmuş üzündən nur yağan həmin ahıl əfəndini tapdı. Ağsaqqal adam idi. Ətə­yini öpdükdən sonra dedi:

– Nökər axtarırmışsınız, məni işə götürün, əfən­dim, – dedi.

Müstəqim əfəndi onu təpədən-dırnağa süzdü, ha­ralı olduğuyla maraqlandı.

– Qastanboludanam, – dedi.

– Evlisən?

– Yox.

– Ata-anan varmı?

– Təkcə anam var. Atam rəhmətə gedib...

– Bəs İstanbula nə vaxt gəlmisən belə?

– On gün əvvəl...

– Bu on gün boyu boş-bikarmı dolaşmısan?

– İş axtarırdım.

– Tapa bildinmi?

– Tapmadım.

Sonra ev sahibi onun qazanacağı pulu nəyə xərcləyəcəyi, bir borcu olub-olmadığıyla da maraqlandı. Durmuşun verdiyi cavablardan məmnun qaldı.

– Yaxşı, oğlum, – dedi. – Səni yanıma almağa razıyam, ancaq... çox pul ödəyə bilməyəcəyəm...

Durmuş dedi:

– Mən sizdən çox pul ummuram ki, əfəndim.

– Amma mən sənə hədsiz az pul verəcəyəm.

– Nə qədər verəcəksiniz ki?

– Bircə quruş.

– Günə bir quruş?

– Yox.

– Həftəyə bir quruş?

– Yox.

Durmuş karıxıb qaldı. Təkrar soruşdu:

– Yəqin, aya bir quruş, eləmi?

– Yox! İlə bir quruş...

Durmuş bu ahıl kişinin onunla zarafat elədiyini düşündü. Güldü. Sonra özünü yığışdırdı. Amma Müstəqim əfəndi yenə dediyində durdu:

– Hə, ilə bir quruş... Amma bununla da məsələ bitmir. Hələ sənə nəsihət də verəcəyəm.

Durmuş baxışlarını yerdən qaldırdı:

– Nəsihəti neyləyəcəm ki?! Mənə pul lazım­dır, əfəndim.

– O pul dediyin şey ya xərclənib gedər, ya da iti­ri­lər, oğ­lum. Amma insanın aldığı nəsihət qalıcı olar və ta ölənə qədər işinə yarayar.

                         

***

 

Durmuş məhzun halda yenə önünə baxdı. Quru sözlərin nə vaxtsa işinə yarayacağı ağlına heç cür batmırdı. Yenidən Müstəqim əfəndinin ətəyini öpdü. Çı­xıb getmək istəyirdi. Ahıl kişi ona:

– Dayan, oğlum, – dedi. – Hələ bu divarlara bax­sana... Görürsən də... Hamısı kitablarla doludur... Bu­ra­da beş min kitab var. Mən bunların hamısını oxu­­muşam. Ömrümü elmə sərf eləmişəm. Bu saç-saqqalı da o kitablar üzərində ağartmışam. Nəticədə ağlın pul­dan daha qiymətli olduğu, puldan daha çox işə ya­ra­dığı qənaətinə gəlmişəm. Nəsihət – yığcam şəklə salınan bir ağıl, zəka deməkdir. Yoxsa sənə ildə beş-on lirə də verə bilərdim. Ancaq mən puldan daha dəyərli sa­yılacaq nəsihət verməyə niyyətliyəm. Ağlın varsa, yanımda qal, getmə. Yəni xidmətimdə dur.

– Olmaz, əfəndim, mənə nəsihət yox, pul-para la­zımdır... – deyən Durmuş qapıdan çıxdı.

Küçədə tək-tənha qalıb fikrə getdi: “Görəsən, o puldan qiymətli nə­si­hət nəmənə şeydir elə?”

Qəhvəxanaya yollandı.

O gecə içinə qurd düşdü və yata bilmədi. Bircə qu­ruşa əlavə kimi veriləcək o nəsihət nə ola bilərdi axı?

Sə­hər açılan kimi Ədirnəqapının yolunu tutaraq, təkrar Müs­tə­qim əfəndinin yanına getdi. Ətəyini öpüb dedi:

– Verəcəyiniz o nəsihət məndə maraq oyatdı. Onun qarşılığında düz bir il xidmətinizdə duracağam.

– Yaxşı, oğlum, il başa çatanda sən o nəsihəti alacaq­san.

                       

***

 

Sonrakı bir il boyu Durmuş kitablarla dolu o ota­ğı silib-süpürdü. Bağı bellədi, su daşıdı. Nərdivanları yu­du, pəncərələri silib parıldatdı. Müstəqim əfəndinin hərtərəfli  xidmətində durdu.

İlin tamamında ağası onu yanına ça­ğırıb dedi:

– Hə, oğlum, yanımda çalışmağının bir ili geridə qal­dı. Qulaqlarını açıb verəcəyim bu nəsihəti diqqətlə din­lə:

– Yo­lu­na, izinə bələd olmadığın yerə əsla getmə. Al, bu da sənin bir quruşun...

Durmuş ağasının ona uzatdığı quruşu aldı. Qə­fildən canı sıxıldı, çünki ondan müdrik bir nəsihət alacağını umurdu, ancaq eşitdiyi quruca bir söz idi. Dedi:

– Mən bu nəsihəti elə sizsiz də bilir­dim.

Müstəqim əfəndi bu cavaba güldü:

– Bilmək yaxşıdır... Amma indi o bildiyin qə­naə­ti xatırlamağın daha yaxşı oldu...

Durmuş key-key durub baxırdı. Belə çıxırdı ki, bu üç-beş kəlmədən ötrü o, düz bir il çalışıbmış, elə­mi?.. Ağasının ətəyini öpüb, izn istədi ki, çıxıb get­sin. Ağsaqqal yenə dilləndi:

– İstəyirsənsə, bir il də qal, işlə. Yenə sənə növbəti nəsihət və bir quruş ödəyim.

Durmuş:

– Xeyr, əfəndim, istəmirəm, – deyərək, tələsik oranı tərk elə­di.

Həmyerlilərinin yığışdığı qəhvəxanaya üz tutdu. Hə­min gecə marağı ucbatından yuxusu ərşə çəkildi. Görəsən, veriləcək növbəti nəsihət nədən ibarət idi? İşlədiyi bir il qarşılığında o, birinci nəsihəti artıq öyrən­miş­­di. Marağından az qalırdı dəliyə dönə: görəsən, ikinci nəsihət nə idi axı?

Dözə bilməyib yatağından qalx­dı. Birbaşa Müstəqim əfəndinin evinə yollandı. Yenə düz bir il ona xidmət göstərdi. İl başa çatanda Müs­təqim əfəndi yenə onu yanına çağırdı. Bu dəfə bir quruşu bəri başdan verdi. Sonra isə: “Bu da sənin nəsihə­tin: Əmanətə heç vaxt xəyanət eləmə!” – dedi.

Durmuşun yenə səbri daraldı:

– Əfəndim, mən bu nəsihəti bilirdim axı.

– Bu daha yaxşı oldu... Bilirdinsə, indi sən onu bildi­yi­ni də xa­tırladın. Çünki bildiyini xatırlamaq təzə bir şey öyrənmək qədər faydalı sayılır.

Durmuş onu tərk edərkən ağası, eynilə ötənilki kimi, dedi:

– Oğlum, əgər bir il də qalsaydın, sənə verəcək bir quruşum və sonuncu nəsihətim də var idi.

Durmuş bu təkliflə razılaşmayıb, qapıdan çıxdı. Yenə həmyerlilərinin qəhvəxanasına üz tutdu. Bir ge­­cə, iki gecə, üç gecə keçdi... Yuxusuna haram qatıldı ki, görəsən, ağasının o sonuncu nəsihəti nə imiş? Bəlkə, yenə bildiyi həqiqətlərdən biriydi? Amma nə idi axı? Oturub-durub bu barədə düşündü. Veyil-veyil dolaşıb özünə iş axtardı. Amma tapa bilmədi. Nəhayət, qəti qərara gəldi: “On­suz da iki illik əməyim puça çıxdı. Ən azından bir il də işləyər, o son nəsihəti də öyrənər və bu nigaran­çı­lıqdan qurtularam”.

Yenidən ora qayıtdı, köhnə işinə davam elədi. Daha bir il Müstəqim əfəndinin xidmətin­də dayandı. İl tamamlanınca, ağası yenə onu hüzuruna çağırdı. Quruşu ovcuna basdıqdan sonra dedi:

– Nəsihətini də al: Özün gecələmədiyin yerdə arvadının qalmasına əsla razı olma!

Bu nəsihəti eşidincə Durmuş yenə çiyinlərini çək­di. Ürəyində: “Bu nə mənasız sözmüş belə?” – de­di.

İzn istəyib qapıdan çıxacağı əsnada ağası ha­ra­ya gedəcəyi ilə maraqlandı.

– Artıq məmləkətə dönəcəyəm, əfəndim.

– Başqa heç yerə getməyəcəksənmi?

– Yox.

– Niyə ki?

– Üç ildən bəri qürbətdə idim. Anam yaşlanıb, ge­dib maraqlanım, görüm necədir.

– Elə də et, oğlum, amma yola çıxmazdan qa­baq yolunu buradan sal, sənə bir hədiyyə verim. Onu məndən anana hədiyyə kimi apar, olarmı?

– Əlbəttə, olar, – dedi.

Həmyerlilərinin qəhvəxanasına yollandı. Bu il və­­tənə dönəcək qürbətçilərə başına gələnləri danış­dı. Hamısı gülərək dedi:

– Adə, sən lap dəli imişsən ki!

Daha İstanbulda qalmaq istəmədi. Amma öz el-obasına hansı üzlə dönəcəkdi? Cibində o üç quruşdan başqa pulu yox idi. Qürbət elə piyada gəlmək olardı, amma qürbətdən yurda piyada dönmək də ol­maz­dı axı. Pul tapmalıydı. Hər kəs kirayə haqqı  ödəməklə, özünə qafilə atı tuturdu, axı piyada halda o qəriblər kar­vanıyla ayaqlaşmaq imkansız iş idi.

Həmyerli­ləri onun halına acıdılar. Bir köhlən at kirayə götürə  bil­məsi üçün yetərli məbləği topladılar.

Üsküdar tərəfə keçməzdən əvvəlki axşam Durmuş öz ağa­sının evinə baş çəkdi və dedi:

– Artıq gedirəm, əfəndim.

Ağsaqqal yerindən qalxdı:

– Yolun uğurlu olsun. Bu hədiyyəni də al, ana­na verərsən, – deyə ona bir cüt iri kömbə çörək uzat­dı. Durmuş ürəyində: “Vay səni, vecəyaramaz hə­rif! Bunun göndərdiyi hədiyyəyə bax da!” – deyib hid­dət­ləndi. Amma bunu üzdə heç büruzə verməyib, köm­bə­ləri aldı. Qəhvəxanaya qayıtdı. Çörəkləri heybəsi­nə qoydu. Karvan yoldaşlarına qoşulub Üsküdar tə­rəfə keçdi. Karvansarada onları gözləyən atlara mindilər. Gecəyarı, Ay işığında yola düzəldilər. Də­rə-tə­pə, düz gedib dağlar aşdılar.

Səfərin ikinci günündə yolçuların önünə dəli-dolu, çağlayan bir çay çıxdı. Qarşı sahilə adlamaq üçün uyğun bir yer tapa bilmədilər. Həmyerlilərinin sel qar­şı­sın­dakı qorxaqlığını görən Durmuşu gülmək tutdu. Elə atını çaya sürmək istəyirdi ki, ağasının verdiyi ilk nəsihət ağlına gəldi: “Yoluna-izinə bələd olmadığın yerə əsla getmə!”

Yüyəni çəkdi. Artıq atın qabaq ayaqları suyun için­də idi. Böyründəki yoldaşı isə dayanmayıb, atını irəli sürdü. Heç ikicə addım getməmiş adam qəfildən sulara qərq oldu. Çıxar deyə, gözlədilər, amma adam çıxmadı. Ətrafda bir çobana rast gəldilər. Suyun keçid yerini ondan öyrəndilər. Sən demə, bayaqkı yerdə su burulğanı varmış... O ölən zavallıdan əv­vəl atla çaya girmədiyinə görə Durmuş şükür elədi, çünki o ara ağasının nəsihətini yadına salmışdı. Bir illik haqqını o ağ­saqqala halal elədi. Yol boyu həmyerliləri onu ye­di­rdib doyururdular.

Bir gün o, möhkəm acdı. Dü­şündü: “Gəlsənə, ağamın hədiyyə verdiyi o kömbələrdən biri­ni kəsib yeyim...”

Elə əlini heybəsinə atmaq istəyəndə düz bir illik əməyi qarşılığında eşitdiyi ikinci nəsihət yadına düş­dü: “Əmanətə heç vaxt xəyanət eləmə!”

Əlini heybədən çək­di. “Şeytana uymayım” – dedi.

Bir neçə gün və bir ne­çə gecə də yol getdilər. Qaranlıq me­şənin yanından keçəndə sıx ağaclığın arasından: “Təslim olun!” – nidası eşitdi. Ayaq saxladı. Ona baxıb bütün karvan da dayandı. Quldurlar dörd tə­rəf­lərini bürümüşdülər.

Quldurbaşı irəli atı­lıb bağır­dı:

– Canını qurtarmaq istəyən kəs üst-başında olan-qalan nəyi varsa, buraya qoysun ki, öz yoluna sağ-salamat davam eləyə bilsin...

Bir kimsə nə müqavimət göstərə, nə də qaça bil­di, çünki quldurlar dörd tərəfi tutmuşdular. Can mal­dan şirindir deyə, hər kəs əlində-ovcunda olanı qul­dur­başının qarşısına tökdü. Bunların arasında illər uzunu işlə­yib yığ­dıq­ları lirələr və qızıllar ilə dolu bel kəmərləri, pul kisə­ləri, gümüş zinət əşyaları, daha nələr, nələr vardı...

Növbə Durmuşa çatanda dedi:

– Mənim heç nəyim yoxdur.

Quldurbaşı bu sözə inanmadı:

– Bəyəm sən də qürbətdən qayıtmırsan ki?!

– Qürbətdən qayıdıram.

– Yəni heçmi işləmədin?

– İşlədim.

– Pul-para qazanmadınmı?

– Yox, qazanmadım...

– Yalan deyirsən.

– Vallah, qazanmadım. İnanmırsansa, həmyerli­lə­­rim­dən soruş...

Quldurbaşı onun həmyerlilərinə də eyni sualı verdi. Hamısı Durmuşun ilə bir quruş qarşılığında işlədiyi üçün pul qazana bilmədiyini ona izah elədilər. Qul­dur­başı da Durmuşun bu axmaqlığına həm güldü, həm də acığı tutdu. Adamlarına əmr elədi:

– Bu yelbeyinin sümüklərini yaxşıca isladın ki, bir daha pul qazanmadan qürbətdə sülənməyə tövbə eləsin.

Durmuşu yerə yıxdılar. Ta ölümcül vəziyyətə dü­şə­nə qədər tüfənglərinin qundaqlarıyla döydülər.

                          

***

 

O biri qürbətçilər də, eynilə Durmuş kimi, əl­lə­ri ətəklərindən uzun halda evlərinə dönməli oldu­lar.

Durmuşun anası xeyli yaşlanmışdı. Zavallı qa­dın üç ildə qatlaşdığı səfalətdən oğluna bəhs elədikdən sonra, qınayarmış kimi, ondan xəbər aldı:

– Bəs niyə pul qazanmadın, ay oğul?

Durmuş dedi:

– Əgər mən də həmyerlilərim kimi pul-para qa­zansaydım belə, quldurlar onları  əlimdən alasıydılar və mən yenə də evə əliboş dönəcək­dim...

Çox acımışdı deyə, anasından yeməyə bir şey is­tədi. Bunu eşidən qadın ağlayaraq dedi:

– Heç nəyim yoxdur, ay bala. Bu iki gündə dilimə heç­ nə dəyməyib.

Durmuş dedi:

– Bu heybənin içində ağamın sənə hədiyyə ola­raq göndərdiyi iki kömbə var. Gəl onlardan birini bölüb birlikdə qarnımızı doyuraq.

Heybədən kömbəni çıxartdılar. Or­ta­dan böldükləri zaman içindəki qızıl pullar cingil­tiy­lə yerə töküldü. Heyrətdən ana-bala yerində donub qaldı. Digər kömbəni də böldülər, onun da içi qızıl pul­larla dolu idi. Sevincək bunları bir yerə yığdılar. Dur­muş iki il boyu qapısında çəkdiyi zəhməti ağa­sı­na halal elədi. Əgər bir il boyu işləyib, eşitdiyi: “Yo­lu­na, izinə bələd olmadığın yerə əsla getmə” nəsihətini vaxtında ağlına gətirməsəydi, o, burulğana düşüb məhv ola­­caqdı. İkinci ilin qarşılığında aldığı: “Əmanətə heç vaxt xəyanət eləmə” nəsihətinə əgər məhəl qoymasaydı, yol­da kömbələrin içində qızıl olduğunu öyrənəcək və sonra bunlar da, həmyerlilərinin qazancı kimi, o qul­durlara qismət olacaqdı...

İndi oturub, soyuq ağıl­la dü­şündükcə, ağasının necə müdrik, necə dərin bir ağıl sahibi olduğunu anlamağa başlayırdı. Əgər ona İstanbulda aylıq maaş versəydi, böyük ehtimalla Dur­muş onu da sağda-solda xərcləyəcək və yığa bil­mə­yəcəkdi. Hətta nələrsə alıb yığsaydı belə, onlar da o soyğunçulara qismət olasıydı. Bütün bunları düşünən Durmuş da ağı­lın puldan daha dəyərli olduğu qənaətinə gəl­di, çün­ki ağlı olmayan adam əlindəki pulu da hədər edə­rdi. Həmyerliləri buna əyani sübut idi... İçi pulla dolu kəmərlərlə dağlar aşıb, meşələrdən keçərkən quldur­la­ra ürcah olmağın aqibətini onlar yaşamışdılar.

Var-dövlətə yiyələnən Durmuş özünə torpaq sa­hə­si və bağ aldı, iri bir tövlə qurdu. Kəndin ağa­larından birinə çevrildi. Ancaq heç cür evlənə bilmirdi. Ya­şı otuzu ötsə dəS, bir qız tapıb bəyən­mək­də aciz idi. Ona evlənməyi məsləhət görən kənd ağalarına da deyirdi:

– Bunu mən də istəyirəm ey, ancaq bircə şərtim var.

– O nə şərtdir, ağa?

– Arvadımı özüm olmadığım yerə əsla qonaq gön­dərmərəm.

– Heç qohumlarının yanına da göndərməzsən ki?

– Yox, göndərmərəm.

– Ata-anasının yanına da göndərməzsən?

– Özüm olmadığım heç bir yerə göndərmərəm.

– Niyə ki?

– Orasını bilmirəm...

Öz ağasının üçüncü nəsihəti Durmuşun ağlın­dan heç cür çıxmırdı. Elə ilk iki nəsihətin faydasını da o əvvəl-əvvəl anlamamışdı. Amma sonradan onların nə qədər xeyirli olduğunu görmüşdü. Nə öz kəndlərində, nə də qonşu kəndlərdə bu şərti eşidən heç kəs qızını ona ərə vermirdi. Hamı deyirdi: “Biz qızımızı əsir-yesir elə­­mə­rik”.

Ən nəhayət, Durmuş öz evlərindən iki saat­lıq məsafədəki kənddə ata-anasız bir qız tapıb onunla evləndi, öz adına layiq toy məclisi qurub xoş­bəxtliyə qovuşdu. Hələ bir oğlan övladı da dünya­ya gəldi.

Aradan dörd il ötsə də, o, arvadını heç yerə qonaq göndərmədi, getdiyi hər yerə də onunla getdi.

Bir gün arvadının qohumları qapılarına gəldi, qadını kənddəki qo­humlarının toyuna aparmaqdan ötrü Durmuşdan bir ge­cə­lik izn istədilər.

O etiraz elədi:

– Xeyr, olmaz.

– Niyə ki?

– Deyə bilmərəm.

Ağasının verdiyi nəsihət onun ağlından heç cür çıxmırdı. Nə qədər yalvarıb-yaxarsalar da, buna razılıq vermədi ki, vermə­di. Öz kəndliləri də onu dilə tutub yumşalt­mağa çalışdılar:

– Belə getsə, zavallı qadın lap vərəmləyəcək! – de­dilər.

Hamılıqla üstünə necə düşdülərsə, axırda Dur­muş bu qədər israra davam gətirmədi. Bircə gecə qal­maq şərtiylə arvadını qonşu kəndə göndərdi. Am­ma həmin axşam qapıldığı peşmanlıq ucbatından boğazından bir loxma da keçmədi: “Axı niyə mən ağamın nəsihətinə əməl eləmədim?!” – deyə təlaşlandı. Axı o biri  iki nə­si­hətdən o heç gözləmədiyi qədər fayda görmüşdü. İndi isə üçün­cü nəsihətə məhəl qoymadığı üçün, kim bilir, necə böyük zərərə uğrayacaqdı. Dözə bilmədi. Nökərlə­rə atını hazırlamağı tapşırdı. Gecəylə iki saatlıq məsafədəki o qonşu kəndin yolunu tutdu və toy evinin qabağını kəsdirdi.

Çəpərlərə söykənən cavanlar həyətdə yanan məşəllərin işığında rəqs edən qız-gəlinə tamaşa edirdilər. O da cavanlara yaxınlaşdı. Qucağında uşağı­nı saxlayan arvadının bir küncdə büzüşüb oturdu­ğu­nu görüb düşündü: “Görəsən, qadın bu gecə hansı qohumu­nun yanında qalacaq?”

İçinə qurd düşmüşdü. Qan­rılıb arxasına baxdı. Bir qoca qarı yanından keçirdi.

– Mənə bax, nənə, səndən bir şey soruşa­cam.

– Buyur, oğlum.

– O küncdə oturub qucağında uşaq tutan cavan gəlin var ey, onu görürsən?

Diqqətlə baxan qarı: “Görürəm” – dedi.

– Kimlərdəndir o?

– Eh, ay oğul, orasını heç soruşma. Onu zalım bir kişi alıb və zavallı gəlinin başına bütün dünyanı dar eləyib. Aradan dörd il ötüb və o, öz kəndinə ilk dəfə qə­dəm qoyub...

– Qəribədir.

– Hə, bu gün bütün kənd əhli yalvar-yaxarla onun ərindən güc-bəla izn ala bilib. Əri elə qaraürəkli, elə zalım bi­ridir ki...

Ürəyi köksündə çırpınmağa başlayan Durmuş dedi:

– Bəs bilmirsən o gəlin bu gecə harada yata­caq?

– Yox, bilmirəm, – dedi qarı.

Bir az düşünüb-daşınan Durmuş qarıya belə bir təklif elədi:

– Əgər mənim bu gecə o qadınla yatmama şərait yaratsan, sənə beş qızıl verərəm.

– Qadası, bundan asan nə var ki?!

– Deməli, sən o gəlini mənim yatağıma salacağını vəd edirsən?

– Əlbəttə.

– Bəs bunu necə edəcəksən?

– Onun qohumları mənim qapıbir qonşularım­dır. Mənim sözümdən də əsla çıxmazlar. Həyətlərinin aşağı başında təkotaqlı bir tikili var. Gedib onları razı salaram ki, gəlinə həmin otaqda yataq açsınlar. Əl-ayaq çəkiləndən sonra isə səni gizlicə həmin o ota­ğa ötürərəm.

– Dediyini edəcəksən də?

– Əlbəttə, qadası! Sən qızılları bəri ver.

Durmuş pul kisəsindən beş qızıl çıxarıb qarıya uzatdı. Atını onun həyətində bağladı. O ara qəzə­bin­dən də tir-tir əsirdi.

Gecə yarı oldu. Qarı ardınca gəlib onu apardı. Dar bir bağça qa­pısından keçirdikdən sonra onu həyətin lap ayaq qis­min­dəki tək otağa saldı. Durmuş üzünü şal ilə sa­rı­mışdı deyə, arvadı onu tanımayıb tez çığır-bağıra baş­­ladı. Durmuş isə səsini çıxartmadan qapını arxa­dan kilidlədi və qadının üstünə getdi. Bir küncə bü­zü­şən qadın o ara həm bağırıb həm də təpik atmaqla Dur­muşu əsla yaxınına buraxmadı. Axşam­dan ya­tan uşağı isə yatağın üstündə idi. Anasının o qədər haray-həşirinə oyanmadan mışıl-mışıl yatırdı. Arvadı çığır-bağırına ara versin deyə, Durmuş qapının ağzındaca oturdu. Heç cınqırını da çıxartmadı. Bütün gecəni göz yaşı axıdan qadın sübhə doğru həm təlaşdan, həm də yorğunluqdan süst düşdü.

Həyətdən ilk xoruz banı yüksəldi. Durmuş yataq­da uyuyan övladını ehmalca qucağına alıb səssiz­cə bayıra çıxdı. Həyəti keçib atına mindi. Dördnala çaparaq öz kəndlərinə qayıtdı.

                         

***

 

Arvadının qohum-əqrəbası həmin gecə uşağın oğurlandığını öyrənincə nə edəcəklərini bilmədilər: “Bəs indi biz ağaya nə cavab verəcəyik?!” – deyə baş sındırmağa başladılar.

O araçı qarı bu müşkülə də bir çözüm tapdı: “Bu tikili onsuz da köhnədir... Od vu­run buna. Deyərsiniz ki, gecə yanğın baş verdi və uşağı xilas eləyə bilmədik.

Qarının dediyi kimi də elədilər. Ti­kilini külə döndərəndən sonra ağlayıb-sızlamaqla Durmu­­şun arvadını öz evinə gətirdilər. Alınlarına qara yaylıq bağlayan bu yaslı adamlar hey ağlayıb-sıt­qayırdılar.

Durmuş onlardan:

– Bəs uşaq hanı? – deyə soruşdu.

– Ehh, başımıza müsibət gəldi. Gecə tikilimiz yandığından övladını oddan qurtara bilmədik, – dedilər.

Durmuş güldü:

– Niyə ağlayırsınız, canım?! Allah səbir versin. Əlhəmdülillah, biz hələ cavanıq. Allah-təala bizə başqa bir öv­lad verər.

Durmuşun müsibətə belə soyuqqanlı yanaşma­sı­­nı görən adamlar qismən fərəhlənən kimi ol­dular. Tam o məqamda qapı açıldı və Dur­mu­şun oğ­lu içəri girib anasının qucağına atıldı. Bayaqdan bu uşağın yandığını iddia eləyənlər karıxıb qaldılar.

Durmuş onların üstünə qışqırdı:

– Ay alçaq yalançılar! Özüm olmadığım yer­də arvadımın gecələməsinə niyə izn vermədiyimi bəs in­di ne­cə, anladınız?

Gələnlərin hamısını şillə-yumruqla evdən qov­duqdan sonra o, ar­vadının yanına qayıtdı:

– Ötən gecə əgər sənə toxunmama izn versəy­din, bax, səni oradaca öldürəcəkdim. Odur ki, bu hadisədən ibrət al və bir daha ərindən ayrı harayasa get­mək niyyətinə düşmə, – dedi.

Sonra isə üç il boyu ahıl ağasına göstərdiyi xidməti də ona ha­lal elədi.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.