Bakıda Uşaq Kitab Festivalı müvəffəqiyyətlə davam edir

Şənbə günü uşaqlar və ədəbiyyataevərlərin müştərək bayramını seyr edə bildik, Bakı İdman Sarayında İkinci Uşaq Kitab Festivalının açılış mərasimi təşkil olundu, bu gün festival davam edəcək. Heydər Əliyevin 100 illiyinə həsr olunan festivalın təşkilatçıları Mədəniyyət, Gənclər və İdman, Elm və Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyidir.

 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festival  çərçivəsində on minlərlə kitabın endirimli qiymətlərlə satışı, ustad dərsləri, məşhurların nağıl saatları, kukla teatrı, əyləncəli tamaşalar təşkil edilməkdədir, eyni zamanda iştirakçılar sevilən uşaq yazarları ilə görüşür, onların imzalı kitablarını əldə edə bilirlər. 

Qeyd edək ki, girişi sərbəst olan 2-ci Uşaq Kitab Festivalı sabaha - aprelin 11-dək davam edəcək.

 

Gəlin bir qədər açılış mərasiminə rakurs edək. Mərasimdə öncə Dövlət Himni səsləndirildi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Açılış mərasimindəki bəzi çıxışlardan fraqmentləri diqqətinizə çatdırırıq: 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova:

 

“Bizim ölkəmizdə belə sərgilərin keçirilməsi böyük hadisədir. Düşünürəm ki, biz hər gün sabahımıza və gələcəyimizə kitabla getsək gələcəyə gedən işıqlı yol daha da asanlaşacaq. Gələcəyə kitabla addımlamağın ən gözəl nümunəsi şahidi olduğumuz bu festivaldır. İkinci dəfə bu festivalda iştirakımdan çox şadam. Bu iş özlüyündə gözəl bir təşəbbüsdür və mən bu sərgidə əziyyəti keçən hər bir kəsə öz təşəkkürümü bildirirəm. Təşkilatçılardan biri olaraq mən də bu prosesdə iştirakımdan qürur duyuram, inanıram ki, belə mötəbər layihələr davamlı olacaq. Kitabla bağlı hədəflər və təbliğat böyük iş sayılır və düşünürəm ki, biz bu yolda davamlı olaraq birgə irəliləməyə çalışmalıyıq. Bu gün uşaqlarımıza qoyulan kapital gələcəyimizə qoyulan kapitaldır. Kitaba sevgi hər zaman olmalıdır və bu cür kitab təbliğatları daimi işlək bir prosesə çevrilməlidir".

 

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva:

 

“Hazırda kitabın işığına toplaşmışıq. İnsanlığın ən yaxın, etibarlı, sadiq dostları kitablardır. Biz kitabla böyüyürük, öyrənirik, kamilləşirik, intelektual oluruq və mənəviyyatımız daha da dərinləşir, zənginləşir. Bu cür gözəl işdə əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Biz həmçinin bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd edirik. Ulu Öndər belə deyirdi - "Bizim gələcəyimiz uşaqlarımıza və gənclərimizə nəyi necə öyrətməyimizdən çox asılı olacaq”. Uşaqlarımızın savadlı, vətənpərvər, mənəviyyatlı və dünyagörüşünün zəngin olması millətimizin, dövlətimizin, vətənimizin işıqlı gələcəyi deməkdir. Bunun da ən önəmli yolu kitablara sevgidən keçir. Bu kitab festivalı da məhz buna xidmət edir”.

 

ANAIB-in sədri Şəmil Sadiq: 

 

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi artıq üç ilə yaxındır fəaliyyət göstərir. Bu üç il ərzində kitab təbliğatı istiqamətində xeyli işlər görülür. İlk dəfə 8 nəşriyyat bir arada toplaşmışdı, hazırda isə ölkəmizin demək olar ki, bütün əsas nəşriyyatları ANAIB-in üzvüdür. Biz hətta bölgələrimizdə də kitab tanıtımına başlamışıq. Bu istiqamətdə işlər davam etdirilir. Düşünürəm ki, mütaliə edən, özünü inkişaf etdirmək istəyən uşaqlar yetişdirsək ölkəmizin işıqlı gələcəyinə töhfə vermiş olarıq. Ölkəmizdə belə bir sərgi təşkil etməklə uşaqlarımızın kitaba olan sevgisini daha da artırmış oluruq. Bu bizim prioritetlərimizdəndir. Ötənilki festivalda təqribən 20 minə yaxın insan iştirak etmişdisə, bu il bu rəqəmi biz 50 minə çatdırmaq niyyətindəyik. Qarşıdakı illərdə bu festivalı beynəlxalq festival etməyi hədəfləyirik”. 

 

 

Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli:

 

“Mədəniyyət Nazirliyi ölkədə kitab üzərində siyasəti həyata keçirən birinci orqan kimi kitaba, mütaliəyə olan marağı daim diqqətdə saxlayır. Bu gün “Azərbaycan Naşirləri Assosiasiyası” İctimai Birliyi tərəfindən keçirilən 2-ci Uşaq Kitab Festivalı da məhz Mədəniyyət Nazirliyinin və digər dövlət qurumlarının dəstəyi nəticəsində ərsəyə gəlib. Burada məqsəd uşaqlarda daha kiçik yaşlardan mütaliəyə marağı, kitaba sevgini formalaşdırmaqdır. Bu festival hər il davam edəcək. Bu sərginin əhəmiyyəti ondadır ki, burada uşaqların daha kiçik yaşdan sosial şəbəkələrə olan bağlılıqdan ayrılaraq mütaliə mədəniyyətinə yiyələnmələri üçün geniş imkanlar var. Uşaqlarımızın savadlı və vətənpərvər olması millətimizin işıqlı gələcəyi üçün vacib amillərdəndir. Bu da kitaba olan bağlılıqdan keçir. Kitaba sevgi hər zaman olmalıdır və bu cür kitab təbliğatları daim aparılmalıdır. Ölkəmizdə belə bir festival təşkil etməklə uşaqlarımızın kitaba olan marağını daha da artırmış oluruq”.

 

Tədbirdə Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan Nəşriyyatları Assosiasiyası idarə heyətinin üzvü Fatimə Alxaz çıxış edərək festivalların əhəmiyyətini vurğuladılar və gələcək illərdə də belə sərgilərin keçirilməsinin davamlı olmasını arzuladılar.

Sərginin ilk günündə proqrama yazıçılar Reyhan Yusifqızı, Amin Oruc, Fatimə Alxaz və qiraətçi Xəzər Süleymanlının nağıl saatı daxil edildi. Uşaqlar üçün Aytac Qəmbərovanın təqdimatında kukla tamaşası, 3 nömrəli Uşaq-Gənclər İnkişafı Mərkəzinin "Vokal" dərnəyinin musiqili proqramı təqdim olundu. Eyni zamanda, tanınmış ədiblərlə yanaşı, gənc yazarlara, debutantlara da diqqət ayrılmışdı, onların imza mərasimləri, təqdimatları keçirildi. 

Növbəti gündə Xalq artisti Mənsum İbrahimov və aktyor Kamal Yaşarın nağıl saatı keçirildi. Bundan əlavə Türkiyədən gəlmiş qonaqlar - yazıçı Suat Turqut, həkim Özge Lokman kimi mütəxəssislərin panelləri baş tutdu. 

Dörd gün davam edəcək tədbirin ideyası “Azərbaycan Nəsriyyatları Assosiasiyası” İctimai Birliyinə məxsusdur. Festivalın könüllü dəstəyini isə “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi həyata keçirir. 

Sərgiyə gəlin, əziz kitabsevərlər. Övladlarınızda kitab sevgisi formalaşdırın.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)