O kəklikotulu çayın ətrini hələ də duyuram… Featured

“Ədəbiyyat və incəsənət” portalının poçtunda ötən gün 50 illik yubileyini qeyd edən gözəl şairimiz, portalımızın Redaksiya Heyətinin üzvü Əkbər Qoşalı ilə bağlı ürək sözləri o qədər çoxdur ki, onların hamısını dərc etmək də mümkün deyil. Seçmə yazıların dərcini davam etdiririk, bu gün Təranə Vahid “Sözün Əkbəri” deyir. 

 

 

Təranə VAHİD 

 

SÖZÜN ƏKBƏRİ 

 

Əkbərin təmiz ruhundan havalanan dualar var: “Günün ağ olsun!”duası kimi.

İlk dəfə Əkbər Qoşalını “Azərbaycan gəncləri” qəzetində görmüşəm, yazı gətirmişdi. Yazının içində kəklikotulu çay da vardı və o kəklikotulu çayı elə təsvir etmişdi ki, o çayın ətrini hələ də duyuram... Əkbər yadımda bugözəl yazıyla, bir də üzündəki nurla qaldı. Sonralar biləcəkdim ki, istedadlı asamlar bir-birini elə o nurdan tanıyır...

Əkbərlə iş yoldaşı olmadıq, bir yerdə işləmədik, qonşu olmadıq, ayda-ildə hansısa tədbirdə ya qarşılaşdıq, ya heç qarşılaşmadıq. Amma ədəb-ərkanı, ağayanalığı, sözə, ədəbiyyata, xalqına, millətinə, Türk dünyasına sonsuz sevgisiylə Əkbəri həmişə özümə dost bildim. Zaman   keçdi, çox sular axdı, Əkbərin şeirləri   qanad açıb uçdu, kitabları çap olundu,   Türk dünyasının gənclərini başına toplayıb   türk ruhunu, türk şeirini bir araya gətirdi, minillik bağlar yenidən pöhrələdi. 

Əkbər ədəbiyyat naminə çox işlər gördü.   Amma nə ötən illər, nə qazandığı uğurlar, nə yaşadığı bu qoca şəhər Əkbəri dəyişdirə bilmədi, heç özü də dəyişmək istəmədi; nə duruşunu, nə tövrünü, nə Tovuzlu ləhcəsini...   Əkbərlə bağlı bir xatirə də yadımdadı. “Ulduz” jurnalının “Variasiya” layihəsi vardı.   Heç yerdə çap olunmayan hekayə sonluğu   verilmədən saytda yayımlanırdı. Qələminə   güvənən yazarlar sonluq yazır, müəllif onlardan birini seçirdi. “Vağzaldakı qarı” hekayəmə maraqlı, gözlənilməz sonluqlar   yazanlar çox oldu. Əkbərin yazdığı sonluğu   seçdim. Dostolduğumuza görə yox, Əkbərin yazısında işıq vardı və o işığı - Zəfər işığını indi hər kəs görür... Heç yadımdan çıxmır, Əkbər neçə il öncə bir status paylaşmışdı. Təxminən beləydi ki, mənim Qarabağda çoxlu dostlarım var. Laçından, Kəlbəcərdən... Ən ağır illərdə belə onlarla bir çay süfrəsinə yığışanda hər kəsdən qabaq   qalxıb hesabı verərdilər. Onları həmişə qürurlu, mərd gördüm... Bilmirəm niyə, amma bu status məni kövrəltmişdi...

Dəyərli dostum, mənə elə gəlir ki, sən türkün ayağı dəyən hər yerdə yaşamısan, Səmərqənddə, Buxarada, Aşqabadda, Türküstanda, Bişkəkdə, Tibetdə, Sibirdə, Altayda... Tanrı dağlarında Türk dünyasının birliyi üçün dua eləmisən, türk boylarının ozan gecələrində türk ruhunu öymüsən, Sakit okenadan Atlantik okena kimi baş qurdların başında getmisən və hələ də gedirsən... Nağıl qəhrəmanlarının, dastan   qəhrəmanlarının yaşı olmur, köhnə dostum, nə niyyətin varsa, hasil olsun, ruhun qanadlı, sözün axarlı, ömrün uzun olsun!

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)