Əlli beş il bundan əvvəl… - Vaqif Yusifli yazır Featured

Bu yaxınlarda 55 yaşını qeyd edən, Azərbaycan ədəbi gəncliyinin mayakı olan, yüksək ədəbi zövqün formalaşmasına xidmət edən “Ulduz” jurnalı barədə tanınmış tənqidçi Vaqif Yusiflinin “Əlli beş yaşlı “Ulduz”umuz” yazısını diqqətinizə çatdırırıq. “Ulduz”umuz o qədər parlaqdır ki, onun barəsində nə qədər deyilsə, yenə də azdır. 

 

Altmışıncı illərin ortalarıydı. Ədəbiyyatımız yeni bir inkişaf mərhələsinə qədəm qoyurdu. Ədəbi həyat ötən onilliklərdən fərqli olaraq daha gur və canlı, daha demokratik və hamının arzuladığı bir axarda davam edirdi, yeni meyillər, tendensiyalar şeirimizə, nəsrimizə, dramaturgiyamıza öz təsirini göstərir, nəticədə yeni, orijinal bədii əsərlər yaranırdı. Ədəbiyyatda şəxsiyyətin, insan amilinin qüvvətli şəkildə meydana çıxdığı, köhnə, şablon ifadə tərzinin tədricən aradan qalxdığı, janrlarda mühüm dəyişikliklərin diqqəti cəlb etdiyi, yeni ədəbi nəslin isə  özünü təsdiqlədiyi bir dövr idi. Təbii ki, bütün bu proseslərin, xüsusilə ədəbi gəncliyin daha intensiv şəkildə özünü ifadəsi üçün yeni bir dərgiyə ehtiyac hiss olunurdu. 1923-cü ildən nəşr olunan "Azərbaycan" jurnalı, 1934-cü ildən çıxan "Ədəbiyyat və incəsənət" qəzeti cavanların yaradıcılığına biganə qalmayıb, yeri gəldikcə öz saylarında gəncliyə də diqqətini artırıb. Amma hər iki dərgidə əsasən yaşlı və tanınmış yazıçıların əsərlərinə daha çox yer verildiyindən ədəbi gənclik bəzən özünə yer tapa bilmirdi. Məhz 1967-ci ilin yanvarından işıq üzü görən "Ulduz"un nəşri bu boşluğu aradan qaldırdı. 

İlk nömrənin çapından düz əlli beş il keçib. Əgər "Ulduz"u insan ömrü ilə müqayisə etsək, o artıq orta yaşlı bir insanın ömrünü xatırladar. Ancaq bu müqayisəyə heç bir ehtiyac yoxdur, çünki "Ulduz" jurnalı hələ gəncliyini yaşayır və zənnimcə, illər keçdikcə elə cavan "Ulduz" olaraq qalacaq. 

İlk sayı çapdan çıxanda mən  heç tələbə də deyildim, orta məktəbdə oxuyurdum, amma ədəbiyyat həvəskarı olduğumdan rayon mərkəzindəki köşkdən  böyük həvəslə əlimi "Ulduz"a uzatdım və mən əlli beş ildir ki, əlimi ondan çəkmirəm. Həm bir oxucu, həm də müəllif kimi... 

Jurnalın baş redaktoru Qulu Ağsəsin təşəbbüs və başçılığı ilə bu ilin sentyabr-oktyabr birgə sayı "Ulduz"un əlli beş ildə keçdiyi "ömür yolu"nu, daha doğrusu, ədəbi həyat yolunu işıqlandıran yubiley nömrəsi ilə çoxsaylı oxucularının görüşünə gəlib. Çox gözəl, olduqca dəyərli bir təşəbbüsdür.

Bu yubiley nömrəsini səhifə-səhifə gözdən keçirirəm. 1967-ci ildən ta bugünümüzə qədər jurnalda dərc edilən bədii, publisistik, elmi-tənqidi yazıların əksəriyyəti mənə tanışdır, vaxtilə o yazıları böyük maraqla oxumuşam. 

Elə ilk saylarından başlayaraq "Ulduz" təkcə gənclərin yazılarını  dərc etməyib, eyni zamanda yaşlı yazıçıların da yazılarına müraciət edib. Bu mənada "Ulduz" bütün ədəbi nəsillərin  və yaşından asılı olmayaraq bütün oxucuların sevimli dərgisinə çevrilib. Təbii ki, yaşlı sənətkarların yazılarında gənclərin mənəvi inkişafına, xüsusən onların ədəbi tərbiyəsinə kömək edən məsələlər ön plana çıxarılıb. Deyim ki, görkəmli ədibimiz Mir Cəlalın didaktik məzmunlu "Abadlıq" hekayəsi (1967), yazıçı-publisist Nurəddin Babayevin o zaman cavanlar arasında böyük rezonans doğuran "Qızlar, sözüm sizədir" ("Ulduz"-1971) bədii-publisistik oçerklər silsiləsi məhz bu jurnalda cavanların, xüsusən indi çoxdan nənə olmuş, amma o zaman cavan olan qızların sevə-sevə oxuduqları yazılar idi.  Biz Nurəddin müəllimin – bu görkəmli publisist yazarın gənclərin tərbiyəsi ilə bağlı digər  əsərlərini də unutmamışıq. O əsərlər indi də aktuallığını itirməyib. Anarın "Qarabağ şikəstəsi" yazısı isə o illərdə Qarabağ haqqında yazılan ən gözəl yazılardan biri idi. Bu sıraya jurnalın nəşr olunduğu ayrı-ayrı illərdə İ.Şıxlının, O.Sarıvəllinin, B.Vahabzadənin, Qabilin, Hüseyn Arifin, Əli Kərimin, Məmməd Arazın, Nəriman Həsənzadənin, Xəlil Rzanın, Anarın, Eçinin, Əkrəm Əylislinin, İsa İsmayılzadənin, Ələkbər Salahzadənin, Camal Yusifzadənin, Tofiq Bayramın, Musa Yaqubun, Sabir Rüstəmxanlının, Sabir Azərinin, Vahid Əzizin, Vaqif Nəsibin və digər tanınmış yazarların əsərlərini də əlavə edirik. 

Jurnalın  bu yubiley nömrəsini vərəqlədikcə ilk növbədə 60-80-ci illərin ədəbi gəncliyi gözlərimiz qarşısında canlanır. O zamankı cavan şair və nasirlərin ilk kitabları təzəcə işıq üzü görürdü, çox keçmədən onların əksəriyyəti etiraf olundu. Yaradıcılığa şeirlə başlayan, sonralar bir nasir kimi şöhrətlənən Seyran Səxavətin, sevgi şeirləri ilə gənc qızların, oğlanların ürəyinə yol tapan Nüsrət Kəsəmənlinin, elə ilk yazılarından özünü istedadlı bir şair kimi tanıdan Eldar Baxışın, ilk hekayələri ilə ədəbi ictimaiyyətin diqqətini cəlb edən Afaq Məsudun, Saday Budaqlının "Ulduz"dakı yazıları müasir Aərbaycan ədəbiyyatında başlanan və davam edən yeniləşmənin təzahürləri idi. 

"Ulduz" da dərc edilən şeirləri  elə o illərdə də sevə-sevə oxuyurdum. Hiss edirdim ki, "Ulduz"da ilk şeirləri ilə çıxış edən cavanların əksəriyyəti doğru yoldadırlar. Onlar şerimizin yaşarı ənənələrinə sadiqdirlər, xalq poeziyasından bəhrələnirlər, amma kimsəni təkrar etmirlər.   

Yanıb-sönən ocaq gördüm,

Boz  külü közündən baha.

Yüz bulaqlı bir dağ gördüm,

Dərəsi düzündən baha.

 

Ömür verin gülcə mənə – 

Toxunmayın bircə mənə. 

Ürək istər bu çəmənə 

Qönçənin gözündən baxa. 

 

Desəm yoxdur dərd duyanım, 

Demə dərdin, dərddi yanım, 

Mən görürəm bu dünyanın 

Astarı üzündən baha. 

 

Taleyimin çağasıyam, 

Ürəyimin ağasıyam. 

Bu yoxuşu çıxasıyam, – 

Tutmayın dizimdən, bax ha… 

 

Bu şeir Adil Cəmilindir və Adil Cəmil 40 il bundan əvvəl "Ulduz"da dərc etdirdiyi  bu şeiri ilə ənənəvi heca şeirində seçilə bildi. Tək deyildi Adil Cəmil, 60-80 və sonrakı onilliklərdə də bizim ənənəvi şeirin özəlliklərinə sadiq qalan, amma yeni bədii təfəkkürün işığına bürünən gənc şairlər az deyildi. Zəlimxan Yaqubdu, Ağacəfər Həsənliydi, Nisəbəyimdi, Əbülfət Mədətoğluydu, Sabir Sarvandı, İbrahim İlyaslıydı, İslam Sadıqdı, Məmməd İlqardı, Arif Fərzəliydi, Barat Vüsaldı,  Ramiz Qusarçaylıydı, Sahib İbrahimliydi, Elçin İskəndərzadəydi, Ədalət Əskəroğluydu, Akif Səməddi, Kəramət Şükürlüydü, Sabir Yusifoğluydu, Qəşəm Nəcəfzadəydi, Fərqanəydi, Ramiz Kərəmdi, Qulu Ağsəsdi və s. Adını çəkdiyim bu şairlərin, demək olar ki, hamısının yaradıcılığı barədə məqalələr, resenziyalar yazmışam. Özü də etiraf edim ki, ilk dəfə onların şeirlərini "Ulduz"da oxumuşam. İndi o sıradan altı şair dünyasını dəyişib. Və şəxsən məni  Akif Səmədin qəfil ölümü xeyli həyəcanlandırdı. Şeirimizə ürfani bir ruh gətirdi Akif:

         

Ömrün boyu umdun, küsdün,

Dünya sənin nəyindi ki?

Arxasınca asdın, kəsdin,

Dünya sənin nəyindi ki?

 

Yan, oduna yanan deyil,

Bir dərdini qanan deyil,

Atan deyil, anan deyil,

Dünya sənin nəyindi ki?

 

Dağlarda qara bax, oğlan,

Qəlbində yara, bax, oğlan,

Ağlama, qarabığ oğlan,

Dünya sənin nəyindi ki?

 

"Ulduz" jurnalında müasir Azərbaycan nəsrinin son əlli beş ildəki mənzərəsini də izləmək olar. Yubiley nömrəsində Xalq yazıçısı İsmayıl Şıxlının "Mənim rəqibim", Elçin Hüseynbəylinin "Bred  Pitin saqqalı, Ancelina  Colinin çənəsi və mənim körpəm", Afaq Məsudun "Qəza" hekayələri təqdim edilir. Bu hekayələr müasir Azərbaycan nəsri üçün səciyyəvi olan üslubi çalarları əks etdirir. Əlbəttə, "Ulduz"un əlli beş illik nəsr sərgisini bu üç hekayə ilə məhdudlaşdırmırıq. Anarın, Elçinin, Sabir Süleymanovun, Əkrəm Əylislinin, İsi Məlikzadənin, Fərman Kərimzadənin, Seyran Səxavətin, Sabir Azərinin, Vaqif Nəsibin, Aqil Abbasın 70-80-ci  illərdə qələmə aldıqları və oxucuların böyük maraqla oxuduqları povestlər məhz "Ulduz"da dərc edilib. Yeri gəlmişkən, qeyd edim ki,  Azərbaycan povestinin son 55 illik inkişafını izləmək istəyirsinizsə, ilk növbədə "Ulduz" jurnalına müraciət edə bilərsiniz.

Təbii ki, "Ulduz" jurnalı hər bir sayında tənqid və ədəbiyyatşünaslığa, həmçinin publisistik yazılara da yer verir. Yubiley nömrəsində Qulam Məmmədliin "Gənclərin "Molla Nəsrəddin" müəllimi", Qara Qarayevin "Üzeyir Hacıbəyov haqqında söz", Elçinin "Azərbaycan uşaq əəbiyyatı haqqında düşüncələr", Akif Hüseynovun "Tarixi düşüncə vüsəti"  yazıları təqdim olunur. Əlbəttə, bu tipli yazıların sayını artırmaq da olar. Amma "Ulduz"da  elə  maraqlı tənqidi  yazılar dərc edilib ki, bu gün onları xatırlamamaq günah olardı. Məsələn, yetmişinci illərin əvvəllərində Anarın İsa İsmayılzadənin, Ələkbər Salahzadənin və Səyavuş Sərxanlının şeirləri barədə bir məqaləsi dərc edilmişdi və Anar yazmışdı ki, Ələkbər Salahzadə şeiri qurur, İsa İsmayılzadə rəsm edir, Səyavuş Sərxanlı isə deklamasiya edir. Bu məqalə onların yaradıcılığını forma-sənətkarlıq baxımından düzgün səciyyələndirirdi. 

"Ulduz"da müxtəlif nəsildən olan tənqidçi və ədəbiyyatşünaslar çıxış ediblər. Son iyirmi ilə nəzər saldıqda Əsəd  Cahangirin, Elnarə Akimovanın, Cavanşir Yusiflinin, Nərgiz Cabbarlının tənqidi yazılarına daha çox rast gəldik, bu da təbiidir, yeni tənqidçi nəsli   də öz  sözünü deməlidir.  

 Yubiley nömrəsinin bir bölümü 1967-2002-ci illərdə "Ulduz"a rəhbərlik etmiş baş redaktorların yaradıcılığına həsr olunub. Onların qısa təqdimindən sonra hər birinin yaradıcılığından bir nümunə verilir.  İlk  baş redaktor-Yasif Nəsirli "Bir dəstə gül" yazısında unudulmaz Mir Cəlal müəllimi xatırlayır, bu böyük sənətkara  ehtiramını bildirir. Yasif müəllimin ilk baş redaktor kimi əməli fəaliyyəti ondan ibarət oldu ki, redaksiyaya əməkdaşlar cəlb elədi. O əməkdaşlardan indi yalnız biri -rəssam Ədalət Həsənov 55 ildir ki, yerindədir və siz "Ulduz"un müxtəlif saylarında onun həm tərtibçi, həm də rəssam kimi göz oxşayan işlərinin şahidisiniz. Yasif Nəsirlidən sonra "Ulduz"a Cabir Novruz baş redaktor təyin edildi və deyim ki, 1968-1972-ci illərdə  "Ulduz" ən gözəl illərini yaşadı. Cabir müəllim o illərdə Azərbaycan poeziyasının və nəsrinin üzdə olan sanballı əsərlərinə müraciət etdi və həm də "altmışıncılar" ədəbi nəslinə dəstək oldu. 1972-1973-cü illərdə tənqidçi-əbəbiyyatşünas Akif Hüseynov baş redaktor seçildi. Jurnalda ədəbi tənqid ruhu gücləndi. Əhməd Cəmilin baş redaktorluğu (1973-1976)  dövrünü xatırlayaq. "Ulduz" ənənəsi bu illərdə də davam etdi.

 Mən Yusif Səmədoğlunun baş redaktor işlədiyi (1976-1987) dövrü "Ulduz"un ədəbi həyatının ən maraqlı illəri hesab edirəm. Yusif Səmədoğlu böyük yazıçı idi, orijinal nəsr ustası idi, "Qətl günü" romanı, "Qalaktika", "Astana", "İncə dərəsində yaz çağı", "Bayatı- Şiraz" kimi şedevr əsərlərin müəllifi… Çox yazmadı, amma yazdığı əsərlər Azərbaycan nəsrinin ən qiymətli nümunələrindən hesab olunur. Amma söhbət onun "Ulduz"dakı baş redaktorluğundan gedir. Deyim ki, "Ulduz" ənənəsi bu illərdə də öz mahiyyətini qoruyub saxladı, amma yetmiş-səksəninci illərin ədəbi gəncliyi məhz bu illərdə jurnalda göründü. Bu işi Abbas Abdulla, Ələkbər Salahzadə və Elçin Hüseynbəyli də davam etdirdi. İndi isə jurnalın baş redaktoru şair Qulu Ağsəsdir. Qulu çalışır ki, jurnalda öz dəst-xətti olsun. "Dərgidə kitab" yaxşı təşəbbüsdür. Və hər şeydən əvvəl ədəbi gəncliyin istedadlı nümayəndələrinin yaradıcılığını önə çıxarır, onlara gen-bol yer verir. Onun üçün fərqi yox, istər modernist  şair olsun,  istər postmodernist, istərsə də  ənənəvi şeir yazsın, bu, ədəbiyyat dərgisidir. Zövqlər ayrı olsa da… Bəli, redaktorlar bir-birini əvəz edir, amma "Ulduz"un hər bir sayı yeni, daha maraqlı əsərlərlə diqqəti cəlb edir.  

Əlbəttə, insafsızlıq olar ki, vaxtilə "Ulduz"da çalışan əməkdaşları yada salmayım. İsi Məlikzadəni, Sabir Azərini, Mövlud Süleymanlını, Vidadini, Taleh Həmidi, Vaqif Cəbrayılzadəni, Səyavuş Sərxanlını, Əhəd Muxtarı,  Seyran Səxavəti unutmaqmı olar? Mən "Ulduz" da illər boyu çalışan Fərqanə Mehdiyevanı necə unuda bilərəm.  

 

MƏN VƏ "ULDUZ"

Mənim "Ulduz" jurnalında ilk yazılarım səksəninci illərin əvvəllərində dərc edilib. 40 il ərzində 100-ə                                              yaxın müxtəlif məzmunlu ədəbi-tənqidi məqalələrim, resenziyalarım, portret yazılarım bu jurnalda işıq üzü görüb. İndi o yazıları fərəh hissilə xatırlayıram və deyim ki, mənim bir tənqidçi kimi formalaşmağım "Azərbaycan" jurnalı, "Ədəbiyyat qəzeti" ilə yanaşı, "Ulduz"la da bağlıdır. O yüzə yaxın yazıların sırasında mən Əli Kərim, Ələkbər Salahzadə, İsa İsmayılzadə və Camal Yusifzadə ilə bağlı bir məqaləni, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı və Çingiz Əlioğlu yaradıcılığını birləşdirən və fərqləndirən yazını, "Şeirimizin Ramiz Rövşən günü" oçenrk-məqaləmi, həmçinin 90-cı illərin əvvəllərindən başladığım "Yollar hayana aparır" silsiləli yazıları, "Qanadlandıq uçmağa" seriyasından neçə məqaləmi yada salıram və sevinirəm ki, bu yazıların əksəriyyətində mən bir-birini əvəz edən  gəncliyin yaradıcılığını təhlil etmişəm. Beləliklə, özümü "Ulduz"un sadiq oxucusu və müəllifi sayıram.  

  "Ulduz"a bundan sonrakı illərdə də öz parlaqlığını itirməməyi arzu edirəm.

 

P.S. Ədəbiyyatşünas Abid Tahirliyə də təşəkkür edirəm – yubiley nömrəsinin tərtibçisi kimi.      

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2023)