Davud Nəsib işığına yığılanlar

 

Azərbaycan Yazıçılar Birliyinin, “Qazax" Xeyriyyə İctimai Birliyinin və ailəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində unudulmaz sənətkar, şair, yazıçı, publisist, tərcüməçi və yaddaqalan mahnıların müəllifi Davud Nəsibin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə AYB- in sədri, Xalq yazıçısı Anar, AYB Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə, professor Qəzənfər Paşayev, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, millət vəkilləri, İctimai Birliyin üzvləri, ictimaiyyət nümayəndələri, media nümayəndələri, Davud Nəsibin ailə üzvləri iştirak ediblər. 

Gecəni giriş sözü ilə Nəriman Həsənzadə açıb. Qardaş ölkə Türkiyə Respublikasında baş verən zəlzələdə həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Nəriman Həsənzadə Davud Nəsiblə 14 il bir yerdə işlədiklərini, unudulmaz xatirələrini qonaqların diqqətinə çatdırıb. 

Xatirə gecəsində Davud Nəsibin "Cavanşir" tarixi romanından səhnələr nümayiş olunub, şeirləri səsləndirilib.

Təbrizli müğənni-bəstəkar Arif Mehmandost və Aşıq Şahin Süleymanov şairin şeirlərinə

bəslənmiş musiqiləri ifa ediblər. 

Davud Nəsibin "Cavanşir" tarixi romanı və iki cildlik "Ata laylası" kitabı qonaqlara hədiyyə edilib. 

Sonda Davud Nəsibin ailəsi adından oğlu Xəyyam Nəsibov çıxış edərək qonaqlara, tədbirdə zəhməti keçən hər kəsə təşəkkürünü bildirib. 

Davud Nəsib 1942-ci il avqustun 25-də Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır.

Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım — Mənim Kür çayım" adlı ilk şeiri ilə başlamışdır. Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olmuşdur. SSRİ xalqları poeziyasından bədii tərcümələri də vardır. Macar şairi Mikloş Radnotinin şeirlər kitabını Azərbaycan dilinə çevirmişdir. Onun Moskvada "Sovetski pisatel" nəşriyyatı tərəfındən "Anama məktublar" (1974), "Ocaq daşları" (1981) şeirlər kitabları çap olunmuşdur.

1966–1969-cu illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləmişdir.

Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirmişdir (1971–1972). Sonra Bakıya qayıtmış, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, təsviri sənət şöbəsinin müdiri olmuş, sonra burada poeziya şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü idi. 1978–1980-ci illərdə Macarıstan Xalq Respublikasında yaradıcılıq ezamiyyətində olmuşdur.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1984), Ümumittifaq və Azərbaycan komsomolu Fəxri fərmanlarına layiq görülmüşdür.

2003-cü il martın 26-da qəzaya uğrayıb dünyasını vaxtsız dəyişmişdir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2023)