Əli Kərimin xatirə gecəsində yaşananlar Featured

Rate this item
(0 votes)

Xəbər verdiyimiz kimi, Beynəlxalq Muğam Mərkəzində Milli Məclisin Mədəniyyət komitəsinin dəstəyi ilə görkəmli Azərbaycan şairi Əli Kərimin azərbaycanca, Türkiyə türkcəsində və rusca çıxmış kitablarının təqdimat mərasimi və xatirə gecəsi təşkil edilib.

 

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı tədbiri açaraq ilk olaraq sözü komitənin sədri Qənirə Paşayeva verib. Qənirə xanım XX əsr Azərbaycan şeirinin görkəmli nümayəndəsi Əli Kərimin yaradıcılığından, onun ədəbiyyat tariximizdəki yerindən bəhs edib. Vurğulayıb ki, Əli Kərimin yaradıcılığını hər zaman sevdirən onun müasir dünyagörüşüdür: "Əli Kərim Azərbaycan şeirinin miqyasını, hüdudlarını genişləndirən poeziya dühalarındandır". 

Türk dünyasının tarixi şəxsiyyətlərinin tanıdılması istiqamətində görülən işlərin önəmindən danışan deputat qeyd edib ki, Əli Kərimin poeziya yaradıcılığı bundan sonra da Azərbaycanda sevilərək oxunacaq. 

Daha sonra mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Əli Kərim yaradıcılığından danışaraq, belə ədəbiyyat nümayəndələrinin unudulmayaraq daim qəlblərdə yaşadığını qeyd edib: "Əli Kərim böyük və əhatəli bir şairdir. Onun yaradıcılığı ürəyə yatımlıdır, məzmunludur, dolğundur. Onun dillər əzbərinə çevrilmiş şeirləri çox sevilir və həmişə də ürəklərdə yaşayacaq. Davamlı olaraq belə təqdimatların keçirilməsi özlüyündə Azərbaycan ədəbiyyatının təbliği deməkdir".

AYB sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, filologiya elmləri doktoru, ədəbiyyatşünas Vaqif Yusifli, BAMF prezidenti Umud Rəhimoğlu şairin yaradıcılığından söhbət açıb, onun Azərbaycan poeziyası, ədəbiyyatı naminə misilsiz xidmətlərindən danışıblar. 

Bildirilib ki, şairin “İki sevgi”, “Həmişə səfərdə”, “Qızıl qanad”, “Qaytar ana borcunu”, “Seçilmiş əsərləri”, “Qayıt” və başqa kitabları bu gün də oxucuların stolüstü vəsaitidir. 

Sonra şairin oğlu Paşa Əlioğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirərək, atası ilə bağlı xatirələrini danışıb.

Tədbirin bədii hissəsində Əməkdar artist Ağalar Bayramov və Nadir Hüseynov şairin poeziyasından şeirlər səsləndiriblər.

Bir sözlə, Əli Kərimin adına layiq bir tədbir keçirilib. Gəlin unutmayaq ki, tək elə bircə “Qaytar ana borcunu” şeiri bəs edər ki, Əli Kərimin adı ədəbiyyat tariximizdə qalsın. 

 

Bir gözəl, bir sevimli oğul böyütdü ana.

O bəd, uğursuz günü – ərinin öldüyünü

Bildirmədi heç ona.

Kədəri dalğa-dalğa doldusa da ürəyə,

Lakin nə saç yolaraq verdi əsən küləyə,

Nə şivən etdi ana.

Ürəyində ağlayıb, gülmək öyrətdi ona.

Dözərək davanın da dərdinə, bəlasına,

Öz boğazından kəsib yedirdi balasına…

Bir oğul böyütdü ki, gur, çatma qaş, gensinə.

Bir oğul böyütdü ki, oğul deyirəm sənə...

 

Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,

Oğul instituta qızıl medalla girdi.

Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!”

Ana yuxularında tez-tez Bakıya getdi.

Ana məktub yazdı ki: “Yanıltma gümanımı,

Pul nədir, pul deyirsən, göndərərəm canımı”.

Nə zaman ki oğlunun getdiyi dörd il oldu,

Məktubları kəsildi, gəlmədi tətil oldu.

Ananı fikir aldı, ananın əsdi dizi,

Ana müqəssir etdi tramvayı, dənizi.

O yenə dözdü, durdu… O yolmadı saçını,

Səslədi qonşuları Əsmər, Çiçək bacını.

Yenə də azalmadı ürəkdən bala dərdi,

Onlar oğul vermədi, onlar təsəlli verdi.

Məktub məktub dalınca axdı, Bakıya axdı,

Ana da məktubların dalınca baxdı, baxdı…

Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,

Məktublar əzik-üzük, məktublar bezdi gəldi.

Ana yenə də baxdı gah dolama yollara,

Gah da oğul boyuna həsrət qalan qollara.

 

Ana oğul böyütdü gur, çatma qaş, gensinə,

Ana oğul böyütdü, özgəyə qismət oldu.

Ana fikirləşdi ki, mən neyləmişəm sənə?

Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?

...Ana bilsəydi əgər, böyütməzdi oğlunu,

Yox, bunu yandım dedim, yenə atmazdı onu.

Bir gözəl, bir sevimli oğul böyütdü ana,

Ürəyində ağlayıb, gülmək öyrətdi ona.

Oğul! Nədir etdiyin bəs bu haqq-say üçün?

Qaytar onun ömrünə neçə gecə, neçə gün!

Qaytar onun saçının qaralığını geri.

Qaytar o dilindəki şirin-şirin sözləri!

O sözü, o söhbəti, gülüşü anan verib

Ana dodaqlarından bala dodaqlarına.

İndi ondan gen gəzən oğul, ayaqlarına

Yerişi anan verib.

Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,

Qaytarsan o yerişi, yerindəcə qalarsan.

Qaytarsan o gülüşü, hırıldamazsan daha.

Qaytar, qaytar onları, qaytar, qoyma sabaha!

 

Sən ki dərd verdin, oğul, sənə gülüş verənə,

Oğul demərəm sənə!

Deyirəm ki, o boyu, buxunu qaytar geri!

Deyirəm ki, varını, yoxunu qaytar geri!

Qaytar onun borcunu,

Gülüşünü, adını, sözünü qaytar geri!

Qaytar ana borcunu,

O borc sənin özünsən, özünü qaytar geri!

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2023)