Tarixi romanlar ustadı Yunus Oğuzla ana vətəni Şirvanda görüş keçirilib

Rate this item
(0 votes)

 

İyunun 22-də Şirvan şəhər Mərkəzi Kitabxanaaının təşkilatçılığı ilə Şirvan şəhər Heydər Əliyev Mərkəzində  Azərbaycan Jurnalistikasının inkişafındakı xidmətləriinə görə "Tərəqqi" medalına layiq görülmüş, Əməkdar Mədəniyyət işçisi, tarixi romanlar müəllifi, yazıçı, publisist Yunus Oğuzla görüş keçirilmişdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbir iştirakçıları şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər. Tədbir Mərkəzi Kitabxananın əməkdaşları- Aysel İsmayılova və Gülnar Muradova tərəfindən hazırlanmış  "Yunus Oğuzun həyatı" adlı video çarxla başlamışdır. 

Görüşdə Şirvan şəhər Mərkəzi Kitabxanasının əməkdaşları- Alma Cəfərova, İlhamə İmanova "Yunus Oğuzun yaradıcılığı", Kəmalə Quliyeva müəllifin yeni çapdan çıxan  "Cığır" kitabı haqqında çıxış edərək qeyd etmişlər ki, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi roman janrının ustadlarından olan Yunus Oğuz Azərbaycan tarixinin təbliği və gənc nəslin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayır.  Onun "Nadir şah", "Təhmasib şah", "Əmir Teymur- zirvəyə doğru", "Əmir Teymur- dünyanın hakimi", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan", "Atabəy Eldəniz", "Ovçu", "Səfəvi Şeyxi" tarixi romanları var. Yunus Oğuz yalnız tarixi romanlar müəllifi kimi deyil, həm də esse və felyetonları ilə də oxuculara yaxşı tanışdır. Tədbirdə yazıçının bacısı Mətanət Zərbəliyeva, sinif yoldaşı Dilbər Abdullayeva onun haqqında xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər. 

Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi Adəm Hüseynov, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər ərazi  partiya təşkilatının sədri Zahir Qəhrəmanov, alim, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Elmlər Akademiyasının əməkdaşı Şəhla Məcidova, 18 nömrəli məktəb liseyin direktoru İsmayıl Usubov, şəhər ziyalısı Rasim Xəlilov Yunus Oğuzun yazdığı tarixi romanların əhəmiyyətindən  söhbət açmışlar. Tarixi romanlar əsasında filmlər çəkilməsini təklif etmişlər.
Yunus Oğuz çıxış edərək, Mərkəzi Kitabxananın rəhbərliyinə və kollektivinə onunla görüş təşkil etdiklərinə görə  öz təşəkkürünü bildirərək qeyd etmişdir ki, ilk dəfədir, kitabxana tərəfindən onunla görüş təşkil olunur. 

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev Yunus Oğuza  kitabxananın "Fəxri oxucusu"  fəxri  fərmanı  və hədiyyə təqdim etmişdir. Sonda yazıçı öz kitablarını oxuculara hədiyyə etmişdir. Tədbirdə "Yunus Oğuz tarixi romanlar müəllifi " adlı sərgiyə baxış da keçirilmiş və xatirə şəkilləri çəkilmişdir.