Beynəlxalq Türk Akademiyası Anarı təltif edib Featured

 

IX Qlobal Bakı Forumunda iştirak edən Beynəlxqlq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlı və Akademiyanın vitse prezidenti Füzuli Məcidli  Azərbaycan Yazıçılar Birliyini ziyarət ediblər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Yazıçılar Birliyinin mətbuat katibi qonaqlara Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti, Birliyin yerləşdiyi tarixi bina haqqında məlumat verib. 

Beynəlxqlq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın Türk dünyası ədəbiyyatındakı yeri, yaratdığı əsərləri barədə fikirlərini bölüşüb və ədibin Akademiyanın Əlişir Nəvai Qızıl medalına layiq görüldüyünü bildirib. 

Medalı təqdim edən D.Kıdırali  Əlişir Nəvai Qızıl medalının türk dünyası ədəbiyyatı sahəsində böyük xidmətləri olan tanınmış insanlara verildiyini diqqətə çatdırıb. Eyni zamanda  bir neçə həftə əvvəl Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə keçirilən I Türk Dünyası Kitab Festivalından danışıb.

Azərbaycan Yazıçılar Birliyin sədri Anar  Darxan Kıdırəliyə ona verdiyi dəyərə görə öz minnətdarlığını bildirib. Və Beynəlxalq Türk Akademiyasının  türk dünyasının elm və ədəbiyyat, tarixi irsimizin qorunması və araşdırılması sahəsində ortaya qoyduğu uğurlu nəticələrin bütün Türkdilli xalqlar üçün əhəmiyyətindən danışıb. 

Xalq yazıçısı qeyd edib ki, Əlişir Nəvai qızıl medalını alması onun Azərbaycan Yazıçılar Birliyinə sədirlik etməsinin 35-ci ildönümünə təsadüf edir və rəmzi mənası vardır.

Qeyd edək ki, görüşdə Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibləri Çingiz Abdullayev, Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi, Səyyad Aran, mətbuat katibi Xəyal Rza, sədrin müşaviri Salman Aruz, eləcə də Azər Turan, Şahin Musa, Aida Eyvazlı işirak ediblər.