Yazıçı Varisin sumqayıtlı gənclərlə görüşü keçirilib

 

Sumqayıt şəhərində Sumqayıt Gənclər Klubu və D&B Kitablı kafenin birgə təşkilatçılığı ilə yazıçı Varislə görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, şəhərin 9-cu mikrorayonda, Sərvər Bədəlbəyli küçəsi 50/56 ünvanında, Hədəf kursları binasının birinci mərtəbəsinə yerləşən D&B Kitablı kafesi (D- dədə, B- baba anlamında) yarandığı qısa müddətdə Sumqayıt gənclərinin sevimli məkanına çevrilib. Xüsusən tələbələr burada bir fincan çay, qəhvə içərək müasir ədəbiyyatımızı, bədii kitabları müzakirə edirlər, kimlərsə yeni kitablar alır, kimlərsə kitab mübadiləsinin üstünlüklərindən yararlanır. Buranın ən böyük üstünlüyü isə ən çox tələb olunan yazıçıları müəyyənləşdirib onlarla görüşlərin təşkil edilməsidir. 

Layihənin təşkilatçı rəhbəri Elvir Musayev, eləcə də Sumqayıt Gənclər Klubunun sədri  Aqil Abdullayev tədbirə təşrif buyuran gənclərə tədbirin mahiyyəti barədə məlumat verdikdən sonra Ayşə Əmrahovanın moderatorluğu ilə əslən Sumqayıtdan olan yazıçı ilə görüşə start verilib.

Görüşdə yazıçının həyat yoluna, ölkədə və xaricdə qazandığı uğurlara işıq salınıb, mütaliənin rolundan danışılıb, müasir gənci kitaba cəlb etməyin əsas prioritetlərinə toxunulub, eləcə də yazıçı gənclərə dünya məşhurlarının uğur listəsində kitabların rolu, Arzuların reallaşdırılması barədə metafizika qanunu barədə maraqlı söhbətlər eləyib. 

Sonra yazıçı oxucuların suallarını cavablandırıb, sonda da Ailə fotosu çəkilib.