Sumqayıtda ədəbi həyat öz axarına düşür - Poeziya Evində növbəti kitab təqdimatı oldu

Rate this item
(0 votes)

Pandemiya ilə bağlı olaraq uzun sürən sükutdan sonra Sumqayıt ədəbiyyatsevərləri yenidən öz ədəbiyyat ocaqlarına - Poeziya evinə yığışdılar. Arif Ərşadın “Hekayələr” kitabının təqdimatı keçirildi.
Çağdaş insanı öz gündəlik qayğıları ilə təhkiyə mövzusu edən yazarın obrazlarının, dialoqlarının canlılığı oxucunu cəlb edir, oxuyanda əsla bezmirsən. Yazıçını təbrik edən çıxışçılar həm də onun hekayələrinin əsas məziyyətlərini də dilə gətirdilər. Havanın isti olmasına baxmayaraq iştirakçılar tam sərin mühit yaratmışdılar. Onların arasında Sumqayıtın tanınmış ziyalıları - ölkə prezidentinin fərdi təqaüdçüsü, şair Əşrəf Veysəlli, yazıçı Hümbət Həsənoğlu, əməkdar jurnalist Eyruz Məmmədov, əməkdar jurnalist Rəhman Orxan, tibb elimləri namizədi, doktor Mayil Tağıyev, filologiya elmləri doktoru, professor Rafiq Yusifoglu, AYB Sumqayıt Bölməsinin sədri Gülnarə Camaləddin, yazıçı Süleyman Hüseynov, texnika elmləri namizədi, professor Sahib Fərzəliyev, texnika elmləri namizədi, professor, qəzəlxan Əli Əmirov, əməkdar incəsənət xadimi, yazıçı-publisist Agalar Idrisoglu, əməkdar mədəniyyət işçisi, xalçaçı rəssam Fazil Abasquluzadə, yazıçı
Almaz Ərgünəş Bəyazid, gənc alim, Nəsimişünas Vüsal Hətəmov, kitabsevər ziyalı Rafiq Mehdiyev, gənc şair Elvin Əlizadə, ev sahibi - Poeziya evinin müdiri, şair İbrahim İlyaslı, eləcə də digərləri tədbirə rəng qatdılar.
Arif Ərşad hər bir gələn qonağa öz dərin minnətdarlığını bildirdi, onlara imzalı kitabını hədiyyə etdi.
Xatırladaq ki, tədbirin baş tutduğu məkan - Sumqayıt Poeziya Evi tək Azərbaycana yox, aparıcı dünya dövlətlərinə də bir örnəkdir. 2019-cu ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizdə keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə möhtəşəm 4-cü LiFFt festivallar festivalının Sumqayıta təşrif buyuran qonaqları bu sənət ocağına heyranlıqlarını bildirmiş, hətta Avropada belə bir ayrıca şairlər binasının olmamasını dilə gətirmişdilər.