Serhat Kabaklı: “Məni şad etdiniz!” Featured

Milli Məclisin Mədəniyyət Komissiyası tanınmış türk şairi Serhat Kabaklının 70 illiyinə həsr olunmuş konfrans keçirib

 

Azərbaycan Milli Kitabxanasında Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın iştirakıyla şeirlərini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əzbər söylədiyi görkəmli türk şairi, Türk Ədəbiyyatı Vəqfinin başqanı Serhat Kabaklının 70 illiyinə həsr olunan konfrans keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov konfransı açaraq Serhat Kabaklının türk dünyası yazarları arasında çox tanınan bir şəxsiyyət olduğuna diqqət çəkib. Vurğulayıb ki, hələ 2019-cu ildə “Nəsimi İli” çərçivəsində Mədəniyyət Nazirliyi və Milli Kitabxana, TÜRKSOY ilə birlikdə Türk Ədəbiyyatı Vəqfində Serhat bəyin təşkilatçılığı ilə çox möhtəşəm tədbirlər keçirib. O qeyd edib ki, Serhat Kabaklı Azərbaycan ədəbiyyatının təbliğində çox mühüm xidmətləri olan bir insandır. Serhat bəy Türkiyədə çox tanınan, hörmət edilən Kabaklı nəslinin davamçısıdır. 

K.Tahirov deyib: “Mən inanıram ki, ölkələrimizin birliyi, dostluğu kimi ədəbiyyatlarımızın da dostluğu daimi olacaqdır.  Serhat Kabaklını yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram və bu tədbirin Milli Kitabxanada keçirilməsi təklifində çıxış edən Qənirə Paşayevaya öz təşəkkürünü bildirirəm.”

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva çıxış edərək deyib ki, Serhat Kabaklı bütün türk dünyasının böyük qardaşıdır. O, Vətənə, torpağa bağlı olan bir türk şairidir. O vurğulayıb ki, Serhat bəy əslən Azərbaycan kökənlidir, məşhur Əhməd Kabaklının layiqli davamçısıdır. Qənirə xanım çıxışı zamanı söyləyib ki, Serhat Kabaklının təkcə Türkiyə ədəbiyyatında deyil, türk dünyası ədəbiyyatında mühüm xidmətləri vardır. Bildirib ki, eyni zamanda bu il türk ədəbiyyatı dərgisinin də 50-ci ildönümü tamam olur: “Bu gün biz Serhat Kabaklının 70 illik yubileyini, həmçinin türk ədəbiyyatı dərgisinin də 50 illiyini qeyd edirik”.

Çıxışı zamanı bu yaxınlarda Türk ədəbiyyatı dərgisində Şuşa ilə bağlı məqalənin dərc və Şuşaya dair möhtəşəm bir kitabın nəşr olunacağı barədə iştirakçılara məlumat verib Qənirə xanım.

Sonda Serhat Kabaklını 70 illik yubileyi münasibətilə təbrik edərək ona ən gözəl arzularını çatdırıb. Eləcə də Milli Məclisin Mədəniyyət Komitəsi adından ona təbrik plaketi təqdim edib. 

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək, ilk növbədə, Serhat bəy başda olmaqla bütün Türkiyədən gələn qonaqları salamlayıb. Bildirib ki, Serhat Kabaklının 70 illik yubileyinin məhz Milli Kitabxanada keçirilməsi çox sevindirici haldır. O deyib: “Bir çox yazıçılarımızın yubileyləri, eləcə də çoxsaylı kitab təqdimatları Azərbaycanla yanaşı, Türkiyədə də keçirilib. Türk Ədəbiyyatı dərgisi təkcə Türkiyənin deyil, bütün türk dünyasının ortaq dərgisidir. Həmin dərgilərdə yazıçılarımız haqqında xüsusi buraxılışlar dərc olunub”. Sabir Rüstəmxanlı çıxışı zamanı Serhat Kabaklının iki şeir kitabının dərc olunduğunu iştirakçıların diqqətinə çatdırıb və bildirib ki, onun yaradıcılığının şah əsəri məhz “Bil oğlum” şeiridir. Çıxışının sonunda Serhat Kabaklını yubileyi münasibətilə təbrik edərək ona “Bakı mənzərəsi” portretini hədiyyə edib.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək Serhat Kabaklının yubileyinin məhz Bakıda keçirilməsində xidmətləri olan Qənirə Paşayevaya öz təşəkkürünü bildirib. Qeyd edib ki, bu tədbir Serhat Kabaklının gördüyü işlərə qarşı bir təşəkkürdür. Rəşad Məcid deyib: “Serhat bəylə birlikdə son illər ərzində bir çox tədbirlər keçirmişik. Əhməd Kabaklının əsərlərinin  Azərbaycan dilinə tərcüməsi, eləcə də Xalq yazıçısı Anarın yubileyinin Türk Ədəbiyyatı Vəqfində keçirilməsini buna aid edə bilərik. Həmin tədbir zamanı Xalq yazıçısı Anara ilk dəfə olaraq “Yaşayan Dədə Qorqud” mükafatı verilmiş, daha sonra Sabir Rüstəmxanlıya, İsa Həbibbəyliyə, Kamal Abdullaya həmin mükafat təqdim olunmuşdur. Bütün bunlar da Azərbaycan ədəbiyyatına diqqətin, qayğının göstəricisidir”.

Daha sonra “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, türkiyəli yazıçı İmdad Avşar və digərləri çıxış edərək yubilyara yeni yaradıcılıq uğurları arzulayıblar.

Öz növbəsində, Türk Ədəbiyyatı Vəqfinin başqanı, görkəmli türk şairi Serhat Kabaklı çıxış edərək tədbirin təşkilinə görə əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib.

Serhat Kabaklı tədbirdən məmnun olmasını sosial şəbəkədə paylaşdığı postunda gözəl ifadə edib: “Var olun sevgili kardeşlerim.. Sizleri yarattığı için Allah’a şükürler olsun..

Beni şad ettiniz.. şad olun.”