“Bilirəm, bu yazdıqlarımı göz yaşları içərisində oxuyacaqsınız. Bir xahişim var, arxamca ağlamayın...” Featured

 

Bu gün Aprel döyüşlərinin 6-cı ildönümüdür. Çox keçməyəcək ki, 44 günlük müharibədəki qalibiyyətin də 2-ci ildönümünü yaşayacağıq. “Hərb ədəbiyyatı” artıq ədəbiyyatımızın bir qoluna çevrilib, düzdür, daha çox bu ədəbiyyatın sənədli hissəsinə rast gəlirik, şəhidlərimizdən yazırlar, qazilərimizdən, qəhrəmanlarımızdan yazırlar, döyüş xatirələrini dərc etdirirlər... Bu ədəbiyyat oxucu üçün də maraq kəsb edir, axı mübaliğəsiz demək olar ki, hər bir azərbaycanlı üçün bir nömrəli mövzu Vətəndir, Qarabağdır.

 

Tanınmış jurnalist, publisit Aida Eyvazlının qəhrəman qazi Toğrul Ağayev barədə yazısını həyəcansız oxumaq olmur. Vətən sevgisinin ölçüsü və qorxmazlıq, cəsurluq düz mütənasibdir, bu cür cəsarətli oğullar yetişdirən xalq heç vaxt məğlub qala bilməz. Üstəlik, bu yazıda 1-ci Qarabağ müharibəsi barədə bəzi gizlin həqiqətlər də yer alır.

Onda 2020-ci il idi. Anası Gülnarə və nənəsi Gülşad madarları Toğrul Ağayevi Şamaxıdan əsgərliyə yola salanda arxasınca su atdılar: “Yolun bu su kimi aydın olsun”,- dedilər.  Əsgərliyinin ilk günü N saylı hərbi hissədə başladı. İyul ayının istisi, əsgərliyin qayda-qanunu çətin olsa da, Toğrul atasından eşitdiyi bir sözü daim xatırlayırdı: “Əsgərlik kişilik məktəbidir”.  Onun əsgər getdiyi gün Tovuz hadisələri də baş vermişdi. Bu xəbər acı bir xəbər kimi bütün Azərbaycan Silahlı Qüvvələrində dolaşdı. Düşmən ermənilər əfsanəvi general Polad Həşimovu və onun yanında olan 11 nəfəri top atəşi ilə şəhid etmişdilər. Ona görə də Toğrul Ağayevdən hərbin hansı sahəsində xidmət etmək istədiyi soruşulduqda, düşünmədən “topçu olmaq istəyirəm”- demişdi. Elə ilk gündən 2-ci divizyanın 4-cü batareyasının bölük komandiri, baş leytenant Süleyman Ağayev də ilk təlimlərdə göstərdiyi bacarığına görə Toğrulun peşəkar topçu olacağına inandı.

Sentyabr ayının əvvəllərində onları Füzuli rayonu ərazisindəki N saylı hərbi hissəyə təlimə apardılar. Bir axşam isə briqada komandiri, 2-ci divizyanın komandiri, polkovnik-leytenant Nurməmməd Hacıyev əsgərləri sıraya düzüb belə bir müraciət etdi:  “Əsgərlər, Vətən darda olarsa, onu qorumağa hazırsınızmı?”. Komandirin bu çağırışına bütün  batareyanın, tağımın heyəti bir səslə “Hazırıq”!- dedilər.  “Kim hazırdırsa, bir addım, irəli”- dedi komandir. Sıraya düzülmüş bütün əsgərlər bir addım irəli çıxdılar...

O gecəni demək olar ki, 4 ay bundan əvvəl xidmətə gələn gənc əsgərlər də, bütün heyət nəfəri də yatmadılar, səhəri dirigözlü açdılar. Əsgərlərə doğmaları ilə, valideynləri ilə, sevdikləri ilə danışmağa icazə verildi. 

Səhər saat 5-də isə döyüşə yola düşmək əmri verildi. Həyəcanlı idilər, içərilərində səbirsizlənəni də, kövrələni də, qələbəyə inananı da, şəhidliyə hazır olanı da var idi... Ancaq hər birinin könlündə bir qürur, bir sevinc hakim idi. Onlar da 2016-cı ilin aprelində döyüşə atılan əsgərlər kimi tarix yazmaq istəyirdilər.  

2016-cı ilin aprel ayında Şamaxıya şəhidlər Elşən Səlimovun, Samir Kaçayevin, Nazim Zəkarayevin mavi-yaşıl-qırmızı rəngli bayrağa bükülmüş tabutları gələndə Toğrul Ağayev atası  Elman Ağayevlə dəfn mərasimlərində birlikdə iştirak etmişdi. Göylər kəndində Elşəni dəfn edərkən hamı bir səslə  Şamaxı şəhidlərinin adını çağırmışdılar: 

-Samir! 

-Burda!

- Nazim!

 -Burda!

-Elşən!

-Burda! 

Sonra da hayqırmışdıdılar: “Şəhidlər ölməz, vətən bölünməz”!

Aprel döyüşləri başlayanda Toğrul Ağayev Şamaxı şəhəri, Sabir qəsəbəsi, Anar Babaşov adına məktəbdə, 8-ci sinifdə oxuyurdu. Şəhidlərin dəfnində iştirak edən hər bir sinif yoldaşı həmin gündən sonra vətən uğrunda döyüşüb, şəhid olmağı arzulayırdı.

Toğrul özlüyündə fikirləşirdi ki,  vətən uğrunda ölməyə də, döyüşməyə də, yaşamağa da dəyər! Əslində, bu fikirləri ona atası çox təlqin etmişdi. Atasının söhbətlərindən bilirdi ki, 1992-ci ildə  Xocalı soyqırımının xəbəri çıxan gününün səhəri atası Elman Ağayev döyüşmək üçün rayonun hərbi komissarlığına yollanmışdı. Və beləcə də onun döyüş yolu başlamışdı.  

 

***

İkinci diviziyanın 4-cü batareyasının 2-ci tağımı döyüşə Füzuli istiqamətindən qoşuldu. Beyləqandan bu yana birlikdə qulluq etdikləri Hakim Abdullayev, Yaşar Baxşiyev, Rüstəm Qasımlı, İlqar Zayidov da Toğrulla birlikdə idilər. 

Onların işi süvari döyüşçülərin və Xüsusi Təyinatlı Qoşunun azad etdikləri yeni ərazilərdə dayanıb, aldıqları koordinat üzrə top atəşi açmaqdan ibarət idi. Təlimdə keçdikləri başqa, döyüşdə gördükləri isə başqa idi. Günün ikinci yarısı düşmən tərəfin atdığı top mərmisindən topçu komandirlərdən biri - zabit Zeynalov kürək nahiyəsindən aldığı qəlpə yarasından şəhid oldu. O, Toğrulun gördüyü ilk şəhid idi. Gözləri doldu, ayaqları titrədi, qəzəb içini çuğladı, əsil müharibənin nə olduğunu sanki indi anladı. Tağım  komandiri bir an öncə  diviziya komandirinin şəhid olduğuna belə baxmadan əsgərlərə döyüşü davam etdirmək əmri verdi. Bu o demək idi ki, müharibədə yanında həlak olan dostun üçün ağlamırsan, onun qisasını almaq haqqında düşünməlisən. Yadına düşdü, axı atası da ona bu haqda çox danışmışdı.

5 gün ilk döyüş gedən ərazidə qaldılar. Verilən koordinatlar üzrə top atışlarını davam etdirirdilər. 5 gündən sonra topları xüsusi hərbi maşınlara yükləyib Horadiz tərəfə çıxardılar. Sonra döyüş maşınlarını və topları burada – tərk edilmiş bir kənddə yerləşdirdilər. Kəndin o biri üzündə düşmən mövqeləri idi.  Lələtəpəyə qədər gəlib çıxdılar. Bu həmin Lələtəpə idi ki,  böyük bir hissəsinə 2016-cı ildən etibarən  Azərbaycan ordusu nəzarət edirdi. Toğrul bilirdi ki, 1993-cü ildən üzü bəri Lələtəpə istiqamətində yüzlərlə vətən oğlu şəhid olub. Bu torpağın hər qarışı əziz, hər qarışı müqəddəs idi. Komandirləri onlara dedi ki, bu yerlərə bələd olan ermənilər 28 il ərzində burada ancaq talanla və bir də mina basdırmaqla məşğul olublar. Ona görə də istər piyada addımlayanda, istərsə də hərbi yük maşınlarında hərəkət edəndə diqqətli olmağı, baş leytenant Süleyman Ağayevin verdiyi təlimatlara uyğun hərəkət etməli olduqlarını bilirdilər.

5 gün də burada qaldılar. Lələtəpənin yaxınlığında olan Cocuqmərcanlıdan, Horadizdən onlara dayanmadan təminat gəlirdi.  

Arada bir evlərinə zəng edirdi. Anası Gülnarə özünü saxlaya bilmirdi, ağlayırdı. Bibiləri, xalaları və digər qohumları ilə də danşırdı. Səsi gümrah idi.  Qohumlarına bircə söz deyirdi: “Anama deyin, məndən nigaran olmasın! Salamat qayıdacam!” 

Ən sonda isə atası ilə danışdı.  Atası ilə danışanda  döyüşün içərisində olduğunu,  harada yerləşdiyini gizli sözlərlə anlatdı. Həmin an atası ona: “Toğrul, kişi ol, dediyim kimi hərəkət elə. Döyüşdən qorxma, düşmənlə üz-üzə gəlsən belə qorxma. Sona qədər döyüş, ya şəhid ol, ya qazi ol! Mən səni vətən üçün böyütdüm. Orada şəhid olan, qazi olan oğlanlardan heç nəyimiz əskik deyil. Bir ömrü bir dəfə, kişi kimi yaşamaq lazımdır”- dedi. 

Atasının səsi titrəmirdi. Elə bil ki, dviziya komandiri, polkovnik Nurməmməd Hacıyev kimi əmr edirdi. O da atasına “Ata, mən indi sənin əvəzinə də döyüşürəm! Sənin almadığın yüksəklikləri mən alacağam! Artıq şəhid və yaralı görməyə öyrəşmişəm. Çətini ilk dostunu itirənə qədərdir. Sonra insan qisas hissi ilə yaşayır.  İndi məni ancaq qisas düşündürür.  Bu torpaqlardan didərgin düşənlərin, viranə evlərin, yurdların qisasını alacağıq. Ata, burada evlərin yerində ancaq dağılmış xarabalar qalıb. Adam baxanda ürəyi yanır. Buraların təbiəti elə gözəldir ki... Bu gözəl təbiəti dağılmış və yanmış evlər, xarabalıqlar çox miskin göstərir. Mən  buraları görəndən sonra bildim ki, bizim Azərbaycanın hər yeri gözəl imiş...”- dedi. 

“Bax, belə, mən bilirdim ki, sən mərd oğulsan, Şirvanda şıxlar, Dərbənddə qırxlar  köməyin olsun!”- dedi Elman oğluna.

Atası ilə söhbətini qurtarandan sonra Toğrul dönüb sol tərəfinə baxdı. Uşaqların bəzisi top qutularının içərisinə girib yatmışdılar. Əslində bu, yatmaq deyildi, bir az gözlərinin çimirini alıb, yenə oyanacaqdılar. Sən demə, insan top atəşləri, partlayış səslərində də rahat yata bilərmiş... Müharibənin nə qəribə siması var. Yox, müharibənin siması olmur, müharibənin siması olsaydı, heç ölüm saçan silahları istehsal etməzdilər. Bəlkə də ilk müharibələr elə ilk dəfə silah əldə ediləndən sonra başlayıb? Heç top, tüfəng olmasın, qədimdəki daş alətlər də silah deylimi? O daş alətlər, oxlar, nizələr də əvvəlcə insanın yemək ehtiyacını ödəmək üçün düzəldilibsə, sonradan  insanın insana qəsd etməsi  alətinə çevrilib... 

Birdən əsgər dostu İlqar Zayidovun pıçıltılı səsini eşitdi:

-Toğrul, atanla danışandan sonra yaman fikrə getdin.

-Hə, İlqar. Bilirsən, atam nə dedi?

-Nə dedi?

-Dedi ki, ya şəhid ol, ya da qazi...

-Lap elə belə dedi?

-Həəə... Niyə təəccüblənirsən ki? Mən sənə danışmışam axı, atam Birinci  Qarabağ müharbəsində döyüşüb, özü də tank vurub, bölüklərini mühasirədən çıxarıb.

-Toğrul, sən danışanda, yadımda qalmamışdı. Yenə danış da... Biz də onlar kimi döyüşək, onlardan nümunə götürək.

-Atam döyüşə gedəndə 21 yaşı olub. Xocalı işğal olunan günün səhərisi həmyerlisi Rasim dayı ilə gedib hərbi komissarlığa, həmin gün də onları Ağdama göndəriblər. Onlar Ağdamda olanda, artıq, Xocalıdan meyitlər və soyuqdan donmuş adamları gətirirmişlər. Həmin günləri atam indi də xatırlayanda qəzəblənir, əllərini yumruqlayıb sıxır. Sonradan atam Ağdamda, Tərtərdə, məşhur Gəncə batalyonunda döyüşüb.  Hətta bir dəfə Şamaxıya gəlib, özü ilə 30-yə yaxın gənci də döyüşə aparıb.  

Sonra Toğrul bir əhvalat danışdı. Atasıgil Tərtərlə Marquşevan arasındakı ərazidə  döyüşə giriblərmiş. Marquşevanı alırlar, o zaman atasıgilin komandiri Nəcməddin Sadıqov imiş. O, briqadaya əmr edir ki, Marquşevandan geri çəkilsinlər. Əvvəlcə əmrə tabe olub geri çəkilirlər. Lakin bir müddət keçəndən sonra düşmən ermənilərin onların olduqları mövqeyə qədər gələcəkləri haqqında kəşfiyyat məlumatı alırlar. Düşmənə yenməsinlər deyə, özləri hücuma keçirlər. Bu dəfə içlərindən kimsə onların yenidən Marquşevan istiqamətində irəlilədyini erməni tərəfə xəbər verir. Bu hadisə ya may, ya da iyunda olubmuş. Onların sırasında  Yeganə adında bir tibb bacısı da var imiş. O qadını ermənilər zəhərli güllə ilə yaralayırlar, amma qadın ağrıya sinə gərir, döyüş mövqeyindən çəkilmək istəmir (Toğrulun atasıgil döyüş dostları ilə bərabər bu gün də o qadınla əlaqə saxlayırlar). 

Toğrulun atası Almaniyada  hərbi xidmətini keçmişdi, qrantomyot atan olubmuş. Bir də görüblər ki, 120 nəfərə yaxın döyüşçü mühasirədədirlər. Təkcə arxa tərəfdən yolları var idi. Ancaq geri dönsəydilər, kürəklərindən vurulacaqdılar. Həm də, qaçmaq kişilikdən deyildi. Qabaqda isə ermənilər idilər. Son güllə və sursatları qurtarana kimi döyüşüblər. Yanlarında olan keçmiş Əfqanıstan döyüşçüsü, tərtərli yaşlı bir kişi qrantomyot atan imiş. Çox şücaət göstərirdi. Çiynindəki qrantomyotla 7 dəfə düşmənin onlara tuşlanan BMP-sinə atəş açdı, heç biri gedib hədəfə  dəymədi. Adətən atdığı güllə yan keçmirdi. Erməninin nə qədər hərbi maşınlarını vurub sıradan çıxarmışdı. Amma nə idisə indi alınmırdı. Ətrafda ölən və yaralanan yoldaşları var idi, həyəcan, nifrət çox idi. Artıq hamısının xilas olacaqlarına ümidləri də kəsilmişdi. Fikirləşirdilər ki, daha sonlarıdır. Birdən elə bil ki, Toğrulun atası yuxuda idi, ayıldı, həmin kişiyə dedi ki, dayı, ver görüm, mən vura bilərəm? 

İçərilərində olan əsgərlərdən kimsə “Eh, o boyda səriştəli adam vura bilmədi, sən vuracaqsan ki?”- deyə istehza etdi. Amma Toğrulun atası ona əhəmiyyət vermədi,  qrantomyotu çiyninə alıb tankın qabağına keçdi. Gözünə heç nə görsənmirdi, bircə dəfə “Ya Şıx Eyyub!!  Ay köpəkoğlu, ya sənə verən Allah, ya mənə verən Allah “--deyib, silahı tanka sarı tuşladı. Bir də onda ayıldı ki, tank partladı. Hamı heyrət içində idi. Heç kim gözlərinə inanmırdı, silah-sursatın bitdiyi bir vaxtda onlara tuşlanan tank məhv edilmişdi.  

Sonra onlara kömək gəlib və düşməni darmadağın ediblər. Tərtər tərəfdə yeni postları ələ keçiriblər.  

Toğrul dedi:

-Atam bunları danışıb. Həə, hələ atamgilin Marquşevandan sağ çıxandan sonra ermənilərin Arabo batalyonunun Tərtərlə Ağdərə, Həsənqaya arasında olduğu haqqında kəşfiyyat məlumatı alıblar. Onlar bizimkilərin üstünə hücuma hazırlaşırmışlar. Gecənin bir aləmində atamgilin batalyonu qartal kimi şığıyıb Arabonun üzərinə. 127 nəfəri öldürüblər. İçərilərindən 15-20 nəfər qaçıb canını qurtarıb, onların içərisində Arabonun komandiri də olub. Sonra Surət Hüseynov həmin hadisəni öz adına yazmaq istəyib. Ermənilər isə bu faktı 7 il gizli saxlayıblar. Atam deyir ki, Xocalı qətliamında Arabo çox böyük fəallıq göstərib. Arabonu məhv edəndən sonra neçə gün yeyib-içib şənləniblər ki, xocalıları qətliam edənlərdən qisas alıblar. Yəqin ki, biz buralarda döyüşəndən sonra, gedib atamın olduğu Çaylını, Həsənqayanı da görəcəyik. Əsas odur ki, ölməyək, döyüşdən sağ çıxaq. 

-Toğrul, Elman əmigilə döyüşdə göstərdikləri şücaətə görə heç nə vermədilər?

-Yox eee, sən nə danışırsan? Heç atam döyüşdə iştirak etməsi barədə  Müdafiə Nazirliyindən sənədlərini də ala bilmədi. Atama və onun bir çox döyüşçü dostlarına qarşı böyük haqsızlıqlar oldu. Lakin atam, elə həmin vətənpərvərdir.

 

***

Səhər açılanda, komandirdən yeni göstəriş gəldi. Cəbrayıldan keçib, Qubadlıya tərəf  yola düşdülər. Yolda  xeyli erməni leşi səpələnib qalmışdı. Yolda gördüklərindən Toğrul dəhşətə gəldi. 

Erməni leşlərini döyüşçülərə göstərərək baş leytenant Süleyman Ağayev soruşdu:

-Uşaqlar, bilirsiniz bu düşmənləri kim məhv edib?

Əsgərlər :“Xeyr, bilmirik, cənab komandir”- deyə cavab verdilər.

Komandir: “Uşaqlar, bu düşmənləri sizin o başdan dəqiqliklə atdığınız top mərmiləri qırıb. Hamısı pərən-pərən düşüblər. Var olun, belə döyüşün, tarix yazın! Biz bu torpaqları düşməndən xilas etmək üçün burdayıq! Görürsünüz ki, Ali Baş Komandan İlham Əliyev hər gün  xalqa müraciət edir, aldığımız mövqelər haqqında danışır, o bizə güvənir. Biz də onun etibarını doğurltmalıyıq. İndi deyin görüm, yenə də döyüşə hazırsınızmı?”- deyə, əsgərlərindən bir də soruşdu.

Əsgərlər bir səslə “Döyüşə hazırıq, cənab baş leytenant”- dedilər. 

Bölük komandiri Süleyman Ağayev komandiri olduğu batareyada çox intizamlı idi. 25 yaşı olmasına baxmayaraq, elə bil ki, 50 ilin hərbçisi idi. Döyüşçülərinə, yeri gələndə, qardaş olur, döyüş vaxtı isə zəhimli və intizamlı komandir olduğunu göstərirdi. Hərbi hissədə nizam- intizam olanda itki də az olurdu. 

Onlar əsasən M-46 artilleriya qurğularından atəş açırdılar. Bu top atəşi ilə  uzaqlıqda olan hədəflər tam vurulurdu. Hazırkı müharibə şəraitində Xüsusi Təyinatlıların onlara ötürdükləri koordinatlara uyğun hətta 6-7 kilometr aralıqda olan düşmən hədəflərini rahatca vura bilirdilər. Ən əsası da o idi ki, atdıqları mərmilər boşa getmirdi. Erməni tərəf də onların tağımının istiqamətinə atırdılar. Lakin artıq döyüşdə püxtələşmiş artilleriyaçılar düşmən mövqeyini bombalayandan sonra öz yerlərini dəyişirdilər. Düşmənin atdığı top da  boş mövqeyə düşürdü.  

929 saylı hərbi dviziyanın bu artilleriya briqadası döyüşü çox peşəkarcasına aparırdı. Düşmənin maşın kolonlarını, postlarını, müşahidə məntəqələrini, KMP-lərini darmadağın edirdilər. Budan sonra da süvari qoşun dəstələrimiz irəliyə keçir, həmin mövqeləri möhkəmləndirirdilər.

Elə yollar vardı ki, topçu əsgər heyəti həmin ərazini piyada keçməli olurdu. Bəzən  yerdə cansız bədənləri qalan əsgər və döyüşçülərimizin də nəşinə rast gəlirdilər.  Dayanmaq imkanı olanda, qarşısında baş əyirdilər. “Qisasınızı aldıq” deyirdilər.  Toğrul eşitmişdi ki, azərbaycanlı şəhidlərin bədənlərindən gül qoxuyur. Həqiqətən də belə idi. Dəfələrlə tanımadığı döyüşçülərin yanında dayanıb, ehtiram göstərmişdilər, onların nəşindən gül qoxusu gəlirdi. Lakin bir az aralıda olan erməni leşləri isə iylənmişdi. Bir də ki, arxadan gələn təxliyə qrupu şəhid olan, yaralanan əsgərləri az müddət keçməmiş döyüş gedən ərazidən uzaqlaşdırırdı.

Bir dəfə  əsgər dostu Yaşar Baxşıyev Toğrula dedi ki, qardaş, bunlar o qədər donuz yeyiblər ki, donuz kimi iylənirlər. Bir də ki, bizim torpağımız bu murdarları qəbul etmir, ona görə iylənirlər. Bizim şəhidlərimizi isə torpağımız tanıyır, qoruyur, onları ana kimi qoynuna alıb. Ona görə də gül ətri verirlər. 

Döyüşlərin belə qızğın getdiyi bir vaxtda Toğrul Şamaxıda söz alıb söz verdiyi, sevdiyi qıza zəng etdi və dedi: “Məni gözləmə, bir də zəng etmə... Zəng etsən də cavab verməyəcəyəm...”. Xəttin o başında qız hıçqıra-hıçqıra qaldı... Əlini bu dünyadan üzdü...

Sonra Toğrul  cib dəftərçəsini açıb bu sözləri yazdı: “Mən bu gün ona zəng vurdum. Dedim ki, məni gözləməsin. Hirslə danışdım ki, könlü məndən soyusun. Burada ağır döyüşlər gedir. Yəqin ki, bu qədər şəhiddən biri də mən olacağam. Qoy birdəfəlik unutsun ki, sonra öz həyatını rahat qura bilsin. Əslində, indi bizim hər birimiz səhər açılanda döyüşçü dostlarla son dəqiqəmizi yaşayırmışıq kimi görüşürük. Bir- birimizə nəyisə əmanət edirik. Deyirik ki, şəhid olsam, valideynimə və ya sevgilimə bunu çatdırarsan. Çox qəribədir ki, indi ölüm gözümüzdə elə adiləşib ki... Elə bilirik, həyat elə belə qurtarır. 18, 19, 20, 25 yaşında adam ölə bilər. Hər gün sabahı diri açanda, silah yoldaşlarımızla halallaşırıq. Çünki bilirik ki, indi olumla ölümün bir addımlığındayıq...”.

Toğrul cib dəftərçəsinin sonuncu səhifəsinə isə bu sözləri yazdı:

“Ata, ana! Mən indi yanınızda deyiləm. Bilirəm ki, məndən yadigar qalan bu cib dəftərim sizin üçün çox əziz olacaq. Sizdən xahiş edirəm, yoxluğuma inanmayın! Mən hər zaman yanınızda olacağam! Bilirəm, bu yazdıqlarımı göz yaşları içərisində oxuyacaqsınız. Bir xahişim var, arxamca ağlamayın. Haqqınızı halal edin! “.

Sonra da yanındakı dostlarına söylədi ki, cib dəftərçəimi özümdən sonra sizə əmanət edirəm. 

İndi burada olan bütün əsgərlər belə idi. Bir-birinə əhd-peyman, vəsiyyət edirdilər, amma arada kədərli ovqatlarına bir nikbinlik, şənlik də qatırdılar, yeri gələndə, deyib-gülürdülər. Arada gülüş də lazım idi. Yoxsa ki, qan qoxusu və qorxusu onlara üstün gələ bilərdi. Əslində, qorxunu çoxdan keçmişdilər. Qələbəyə inanırdılar. Qələbəyə inam olanda isə, qorxu yox olur.

Qoşun üzü Zəngilana tərəf gedirdi. Buraları ilk dəfə görən döyüşçülər ətrafa baxanda  heyrətə gəldilər. Burada məskunlaşmış ermənilər Azərbaycan Ordusunun gəldiyini bilib evlərini, bağlarını, tövlələrini, heyvanlarını da yandırıb getmişdilər. Bəzi yarıyanmış evlərin birinci mərtəbəsi donuz  tövləsi, üst mərtəbəsi isə ev idi.  Demək, onlar donuzlarla birlikdə yaşayırmışlar. Ətrafda dəhşətli pintilik və çirkinlik var idi. Zəngilanı, Qubadlını zəbt eləmiş bu vəhşi tayfası sanki heç insan deyldi.  

Toğrul  öz ata-baba kəndi Xeybərini xatırladı. Qubadlıdakı bəzi köhnə tikili evlər Zaratın, Xeybərinin evlərinə bənzəyirdi. Çay daşlarından tikilmişdi. Komandirləri dedi ki, çay daşlarından tikilən köhnə yaşayş evləri hamısı azərbaycanlıların olub.

Yanmayan ağaclarda payızın neməti olan xurmalar, üzüm tənəklərində izə üzüm salxımları sallanırdı. 

Artıq bir aydan çox idi ki, irəliləyə-irəliləyə gəlirdilər. Burada isə arxa xəttdən xeyli uzaqlaşmışdılar deyə, daha əvvəlki təminat yox idi. Bəzən günlərlə ac, susuz  qalırdılar. Yedikləri meynələrdən sallanan üzüm və ya xurma olurdu. Çox az hallarda viranəyə qalmış həyətlərdə toyuq, hindtoyuğu tapıb, kəsib bişirirdilər. Ət yeməyi tapanda lap bayram olurdu. Döyüşçülər hamısı bir-birinə qardaş qədər, iki can bir ürək kimi mehriban idilər. Ən son tikələrini bölüşürdülər. 

Artilleriya briqadasının topçularının işi təkcə top atmaqdan ibarət deyildi. Onlar həm də, növbə ilə mövqelərdə keşik çəkir, təminat aparıb-gətirir, müxtəlif əmrləri icra edirdilər. Zəngilana gəlib çatdıqlarının ilk günü güclü yağış yağdı. Elə bir yağış yağırdı ki, ucundan tut, çıx göyə. Toğrul ona etibar edilən mövqedə yağışın altında dimdik dayanmışdı. Başdan-ayağa suyun içərisindəydi. Xeyli vaxt keçəndən sonra baş leytenant postu yoxlamağa gələndə onu suyun içərisində gördü. Əynindəki şinelini çıxarıb Toğrula verdi. Özü isə bir köynəkdə qaldı.  Buralar elə yer idi ki, ocaq qalasalar erməni dronları həmin yeri təyin edə bilərdi. Ona görə də əsgərlər bu payız soyuğuna və yağışına da dözməyi öyrənirdilər. 

Toğrul komandirinin əsgərlərinə qarşı belə mütəvazi davranışından çox riqqətə gəldi. O, müharibədən əvvəl bəzən boş vaxlarında kitab oxuyardı. Xoşuna gələn  fikirləri bloknotuna köçürərdi. Bir dəfə  bloknotuna Mustafa Kamal Atatürkün də sevə-sevə oxuduğu, müəllifi Qriqoriy Petrov olan “Ağ zanbaqlar ölkəsi” kitabından zabitlər haqqında belə bir fikri köçürmüşdü : “Zabit əsgərin yalnız qardaşı deyil, ağası deyil, eyni zamanda müəllimidir. Onun təhsil almasında məsuliyyət daşıyan şəxsdir. Zabit əsgərlərinə görə çox məsələlərdə məsuliyyət daşıyır. Əsgərin canı zabitə əmanətdir. Zabit onun sağlamlığına görə də öhdəliyə sahibdir. Əsgərin beyni də zabitin ixtiyarına verilir. Zabit bu zehinlərin də, fikirlərin də formalaşmasına görə məsuliyyət daşıyır. Əsgərin qəlbi də zabitin ixtiyarındadır. O əsgərləri güclü şəxsiyyət kimi formalaşdıracaq, onlara vicdanı təmiz olmağı, ədəb qaydalarını, insanlarla sağlam münasibətlər qurmağı öyrədəcək”.

Bu leysan yağışın altında Toğrulun gənc qəlbindən bir arzu da keçdi: “Əgər sağ-salamat evimizə qayıtsam, yəqin ki, mən də təhsilimi davam etdirib polis sıralarında xidmətə gedəcəm.  Şərəfli polis zabiti olmaq da, vətənin asayişinin keşiyndə dayanmaqdır.”.

Onlar indi Zəngilanın Ermənistanla həmsərhəd olan Kolluqışlaq kəndində mövqe tutdular. Arada bir təpəlik var idi. Bir üzündə ermənilər, bir üzündə isə kəndi yenicə azad edən döyüşçülərimiz mövqelənmişdilər. Bir qədər keçəndən sonra ətrafda erməni kəşfiyyatçılarının gəzdiyini hiss etdilər. Hər kəs öz mövqeyində möhkəmlənməyə başladı. Səhər saat 9-dan günortaya qədər beləcə, ermənilər tərəfindən yavaş-yavaş hucuma keçmək əməliyyatının aparıldığının və özlərinin də artıq mühasirədə olduqlarını bildilər. Bu an Toğrulun yadına çox uzaq illərdə atasıgilin bölüyünün mühasirəyə düşməsi düşdü. 

Artıq xəbər yuxarı komandanlığa çatmışdı. Günortaya yaxın onların olduğu hissəyə əlavə XTQ qüvvələri gəldi. Və buradakı əsgərlər mühasirədən azad edildilər. Bu azmış kimi, topçular köməyə gələn XTQ-çilərə qoşulub ərazini  düşməndən təmzilədilər. 

Qəfil baş verən fövqəladə hadisələri gördükcə Toğrul da, onun döyüş dostları da heyrətə gəlirdilər. Hər dəfə ağır əməliyyatlardan sağ çıxanda, atdıqları top mərmiləri hədəfə dəyəndə deyirdilər ki, Tanrı indi bizim tərəfimizdədir,  Azərbaycan əsgərinin qalib gəlməsi üçün möcüzələr göstərir, ordumuza yol verir.

Artilleriya topçuları mühasirədən çıxdıqdan sonra, onların olduqları yerlərdə Dövlət Sərhəd Xidmətinin əsgərləri gəlib mövqeləndilər. Bundan sonra isə bu qəhrəman artilleriyaçıları yeni mövqelər gözləyirdi...

 

***

Qubadlının azad olunmuş Muradxanlı kəndinə gətirildilər.

Muradxanlı kəndinin düz ortasından Həkəri çayı axırdı. Buradan axan Həkəri çayı gedib Araza qovuşurdu.  Bu mənzərəni görəndə Toğrul nənəsi Gülşadın dediyi bayatını xatırladı:

 Araz , Araz xan Araz,

 Sultan Araz, xan Araz.

 Kimləri alıb getdin, 

Kimə qaldın, xan Araz?

Qubadlıdakı çinarlar Xeybəri kəndindəki uca çinarlara bənzəyirdilər. Artıq yarpaq-yarpaq saralmışdılar. Payız özünü addımbaşı hiss etdirirdi.

Çayın o biri başında bir həyət var idi. Həyətdə təndir yeri görünürdü. Bu təndiri görəndə kənddə nənəsinin bişirdiyi təndir çörəyinin ətri gəldi burnuna. Nənəsi ona və böyük qardaşı Bayrama balaca qoğallar da bişirirdi. Ən ləzzətlisi şora batırıb xırt-xırtla yedikləri həmin qoğal olurdu.

Əsgər üçün ən məşəqqətlisi keçmiş asudə həyatının ən xoş anlarının xatirələridir, onlar gələndə kövrəlirsən, burnunun ucu göynəyir o günlərinçün, əzizlərinçün. 

Həkəri çayı doğrudan da çox gözəl idi. Payız olsa da suyu dumduru axırdı. Bəlkə azərbaycanlıların öz yurduna gəlib çıxdıqlarından belə durulaşmışdı? Axı torpağın da, suyun da  öyrəşdiyi insanlar, tayfalar olur. Təbiət hər şeyi belə gözəl yaradıbsa, insanlar da gərək onu gözəlləşdirsinlər. Bu ermənilər isə, buraları dağıdıb-töküb, viran qoyublar. 28 ildən sonra artıq Tanrı da, təbiət də onlardan bezdi. Gördülər ki, bu vəhşi xislətli ermənilər bu yurdda yaşaya bilmirlər. Goreşən kimi qəbrilərimizi uçurublar, məqbərələrimizi dağıdıblar. Ona görə də azərbaycanlılara yol açıldı. Yəqin ki, bu yurdların sahibləri yaxın vaxtlarda gələrək öz doğma ellərini, yurdlarını, ocaqlarını təmizləyib, yenidən quracaqlar. 

Görəsən, Toğrulgil qələbə xəbərini bu payızın hansı günündə eşidəcəkdilər? Aldıqları az-çox xəbərlərdən bilirdilər ki, ordumuzun qələbə çalacağı gün çox yaxındadır.

Hərbçilərin həyatı hər zaman belədir. Dövlət haraya göndərsə, orada xidmətə müntəzirdirlər. Bir də var ki, müzəffər bir ordunun əsgəri, hərbçisi olasan. Əlbəttə, qələbədən, zəfərdən sonra səni haraya göndərsələr, oranı var gücünlə qoruyacaqsan. 

Onların aid olduqları hərbi hissə Muradxanlı kəndində də öz tapşırıqlarını bitirdikdən sonra artilleriya bölüyünü Laçına göndərdilər. Laçının azad edilməsi prosesində də onların alayının böyük xidmətləri oldu. Lakin sonradan xəbər gəldi ki, artilleriya durduğu mövqedə dayanmalıdır. Sən demə, Laçındakı işğalçı ermənilərə oradan çıxmaq üçün vaxt verilibmiş. Bu, artıq o vaxt idi ki, Şuşa mühasirədən qurtulmuşdu. Ermənilərlə onların kapitulyasiyası sənədi də imzalanmışdı. Lakin Laçından çıxan ermənilər 28 il ərzində yaşadıqları evləri, faydalandıqları meşələri odlayıb çıxırdılar. Buralarda alov zabanə qalxmışdı. Evlər, həyətlər çıtır-çıtır yanırdı. 

Qələbə xəbərindən sonra, Toğrul Ağayevin də xidmət etdiyi hərbi batareyanı yenidən Qubadlıda xidmətini davam etdirməyə qaytardılar. Geriyə qayıdan əsgərləri bu yerlərin adamları toy-büsatla, çal-çağırla qarşılayırdılar. İnsanlar əllərində olan ərzaq və nemətləri onları gətirən maşınlara atırdılar. Toğrul bu dəfə dəftərçəsini açıb “Biz qalib Ordunun qalib əsgərləriyik!” yazdı. Son səhifədə ata-anasına yazdığı vəssiyətini isə cırıb tulladı.

 

***

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Toğrul Elman oğlu Ağayev və onun silahdaşları olan əsgərlər  Rüstəm Qasımlı, İlqar Zayidov, Yaşar Baxşıyev, Seymur Bayramov, Hakim Qurqunayev “Cəbaryılın  azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olundular. 

Belə bir təltif və təqdimat ondan xəbər verirdi ki, 929 saylı hərbi hissənin 2-ci diviziyasının 4-cü batareyasının zabitləri lap “Ağ zanbaq ölkəsində” kitabında qeyd olunan zabitlər kimi şərəfli yol tutublar, öz əsgərlərini dəyərləndiriblər. 

Bu xəbəri eşidən Toğrul və onunla birlikdə xidmət edən döyüşçü dostları həm təəccübləndilər, həm də sevindilər. Axı onlar belə bir təltif gözləmirdilər. Heç bilmirdilər ki, əsgərə vətən döyüşlərində iştirakına görə medal verirlər. Toğrul öz adını Prezident fərmanında oxuyub, bir daha təltif edildiyinə əmin olduqdan sonra ağlına gələn lik fikir bu oldu: “Atam Elmanın da almadığı haqqını verdi cənab Ali Baş Komandan!”.

Döyüşlər bitmişdi. İndi Müzəffər Ordunun əsgərləri Qubadlı rayonunda hərbi xidmətin qalan hissəsini keçirirdilər. Yenə də Həkəri çayının sahilində xidmət edirdilər. Buraya 30 ilə yaxın idi ki, Azərbaycan əsgərinin, Azərbaycan övladının ayaqları dəymirdi. Şair Məmməd Araz yazmışdı:

Ayaq saxla, dövrənə bax ötəri belə,

Yüz illərdir, Araz belə, Həkəri belə,

Axşamların səhərlərin təkəri belə,

Dünya sənin, dünya mənim, dünya heç kimin...

Dünyanın nə möcüzəli dövranları olurmuş. 44 gün əvvəl hər gün, hər saniyə olum və ölüm haqqında düşünən bu gənclər, “dünya mənim, dünya sənin, dünya heç kimin”- deyən  əsgər oğullar indi Həkərinin Araza qovuşan coşğun  sularına baxıb,  durulub aydınlaşırdılar. 

Bu Vətən müharibəsində öz elindən, kəndindən döyşdə iştirak edən Toğrul tək deyildi. Onun xalası Təranənin ortancıl oğlu İbrahim Azayev də  2019-cu ilin oktyabr ayında hərbi xidmətə çağırılmışdı. Müharibə başlayanda o da xidmət etdiyi  hərbi hissədən döyüşlərə qatılmışdı. Azərbaycan Prezidentinin Sərəncamı ilə Azayev İbrahim İlqar oğlunun “Kəlbəcərin azad olunması” medalı ilə təltif olunması Toğrulu çox sevindirdi. Murov və Kəlbəcər yüksəkliklərinin alınmasında Toğrulun qardaş bildiyi xalası oğlu öz borcunu layiqincə verə bilmişdi.

2022-ci il yanvarın 2-də Toğrul Ağayev hərbi xidmətini başa vurub doğulub boya-başa çatdığı Şamaxıya qayıtdı. Atası Elman Vətən döyüşlərindən qəhrəman kimi qayıdan oğlunun ayaqları altında qurban kəsdi, qohum-qonşular Müzəffər Azərbaycan əsgərinin görüşünə gəldi. 

Bax belə, 20 yaşlı bir əsgərin döyüş tarixçəsi xatirələrə döndü. Bir də, o şərəfli xidmət günlərindən qəhrəmanımız Toğrula 2-ci diviziyanın komandiri, polkovnik –leytenant Nurməmməd Hacıyevin imzası ilə verilən bir xasiyyətnamə qaldı. Orada yazılmışdı:

“... 2002-ci  il 23 martda  Şamaxı şəhərində doğulan əsgər Ağayev Toğrul Elman oğlu  929 saylı hərbi hissənin 2-ci diviziyasının 4-cü batareyasının 2-ci tağımının 4-cü topunun heyət nəfəri vəzifəsində xidmət etdiyi ilk gündən özünü nizam-intizamlı, bacarıqlı, savadlı bir əsgər kimi göstərib. Əsgər kimi silahların, döyüş texnikasının və digər texnikaların, əşya-əmlakının qorunub saxlanmasına, vəziyyətinə, varlığına düzgün şəkildə riayət olunması üçün tam bacarığı ilə çalışıb.

27 sentyabr 2020-ci il tarixində başlanan 44 günlük “Vətən müharibəsi”ndə mərdlik və şücətlə döyüşüb.

Hərbi geyim qaydasını səliqəli saxlayır. O, keçirilən təlim və məşğələlərdə fəal iştirak edir, verilən əmr və tapşırıqları vaxtında və dəqiq yerinə yetirir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini bilir və gündəlik hərbi xidmətini onların tələbləri əsasında qurmağı bacarır. Yoldaşları ilə münasibəti səmimi və qayğıkeşdir. Xasiyyətcə yaxşı, mənəviyatca safdır. 

Əqli və fiziki cəhətdən sağlamdır. Hərbi və dövlət sirrini qorumağı bacarır”. 

Bax belə oğlan olub, sıravi topçu Toğrul Ağayev!

Və mən inanıram ki, Toğrulun polis sıralarında işləmək arzusu da həyata keçəcək. Azərbaycanın Daxili İşlər Orqanlarında belə oğulların xidmət etməsi Vətənin asayişinin daha da möhkəm olması deməkdir. 

Mərd oğul Vətəni də mərdanə qoruyar!

 

Aida Eyvazlı