Bakı Kitab Mərkəzində gənc yazıçı Şah Selim Türkayın “Ev dustağıyam” kitabının təqdimatı oldu

Rate this item
(0 votes)

Ölkə kitabsevərlərinin əsas ocağı sayılan Bakı Kitab Mərkəzi bu yay günlərində də qonaqlı-qaralıdır. Ötən gün orada gənc yazıçı xanımın - Şah Selimi Türkayın “Ev dustağıyam” əsərinin təqdimatı və imza günü keçirildi.
Tədbiri giriş sözü ilə açan Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirdi ki, “Ev dustağıyam” romanı müəllifin Azərbaycan dilində yazdığı ilk əsərdir. Müəllifin uzun illər Londonda yaşadığını deyən G.Anarqızı bildirdi ki, yazıçı gənclər üçün bir örnəkdir, çünki o, ölkəmizi xaricdə layiqincə təmsil edir.
Əsərin olduqca maraqlı və peşəkar səviyyədə yazıldığını bildirən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid qeyd etdi ki, kitabı oxuduqdan sonra onda suallar yaranıb və o, bu suallara romanın son fəslində cavab tapıb. Əsərin əvvəlcə ingilis dilində yazıldığını, sonradan müəllif tərəfindən tərcümə olunduğunu bildirən Rəşad Məcid söylədi ki, mətn Azərbaycan dilində olduqca qeyri-adi və orijinal səslənir: “Hamı bilir ki, böyük romanlar insanları qorxudur, ancaq bu kitab məni cazibəsinə aldı və əsəri axıra qədər oxudum”, - deyə Rəşad Məcid vurğuladı.
“ASAN Radio”nun rəhbəri Emin Musəvi əsərə Azərbaycanın tanımış yazıçıları tərəfindən müsbət rəy verildiyini söylədi. Qeyd etdi ki, bu, Şah Selimi Türkay üçün böyük uğurdur. O, bunun gələcəkdə yazıçı üçün bir motivasiya olacağını dedi.
AzərTAC-ın verdiyi xəbərə görə, sonda tədbirə qatılanlara təşəkkür edən Şah Selimi Türkay əsərlə bağlı fikirlərini bölüşdü: “Romanın ümumi məğzi azadlıqda olarkən öz daxili dustaqlıq həyatını yaşayan insanlar barəsindədir. Mən nümunəvi, həqiqi müəllim obrazı yaratmaq istəmişəm. Ümid edirəm yaratdığım həqiqi müəllim obrazı bir çox gənclərimizə nümunə olacaq”.
Qeyd edək ki, Şah Selimi Türkay Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunu olduqdan sonra təhsilini Londonda davam etdirib. 2015-2018-ci illərdə Azərbaycanın müxtəlif dövlət qurumlarında strateji tədqiqatçı, iqtisadi analitik, layihə və investisiyalar üzrə mütəxəssis kimi fəaliyyət göstərib. Ədəbi yaradıcılığa xüsusi marağı olan Şah Selimi Türkayın 2019-cu ildə qələmə aldığı bir qısa hekayəsi Londonun tanınmış Faber Akademiyası tərəfindən yüksək qiymətləndirilib.
O ki qaldı “Ev dustağı” əsərinə, əsərin ana xəttini insan əqidəsinin, ruhunun, fikir və düşüncəsinin azadlığı, mənəvi müstəqilliyi təşkil edir. Əsərin qəhrəmanlarının dilindən sonsuz sevgi, övlad və yurd həsrəti, humanistlik və insan dünyasının mənəvi toxluğu, türk dünyasının keçdiyi tarixi yol ön planda bədii ifadələrlə və obrazlı sözlərlə təsvir edilib.