Makinaçı fəlsəfə elmləri namizədi - Nüşabə xanım Vaqif Səmədoğlu barədə kitab yazıb Featured

 

Bir neçə gün öncə Səməd Vurğunun Ev-muzeyində Nüşabə Babayeva-Vəkilovanın “Mən sənin yuxunam” adlı xatirələr kitabının təqdimatı oldu. Xalq şairi Vaqif Səmədoğlunun ömür-gün yoldaşının onun barəsində yazdığı bu kitab o qədər içdən, o qədər səmimi yazılıb ki, onu adi qaydada oxumaq olmur. Mütləq qüssəyə, kədərə batır, dünyanın ən tənha müdrik insanının keçirdiyi yaşantılarla baş-başa qalırsan. 

 

O cür insanlar həmişə tənha olurlar, ətraf insanlarla dolu olduğu halda belə. Amma bir gün, gec də olsa, Allah onların cəftəsi paslanmış qapısını açır, o qapıdan o insanı təklikdən qurtaracaq birisi içəri daxil olur. Necə ki, Allah Vaqif Səmədoğlu üçün Nüşabə xanımı göndərdi. 

Ayrıca onu da qeyd edək ki, bu son dərəcə oxunaqlı kitab “Parlaq imzalar” nəşriyyatında nəfis tərtibatla çıxıb.

“Ədəbiyyat və incəsənət” portalı məhz Nüşabə xanımın öz seçimində kitabdan kiçik bir fraqmenti oxucularına təqdim edir. 

 

 

 

Münasibətlərdə vəfa, sədaqət, arxa – hər birimizin ehtiyac duyduğu hisslər. Sevginin ən əsas göstəricisi. İki insanın bir yerdə yaşaması, dil tapması mürəkkəb bir işdir. Yaradıcı insanla münasibət qurmaq, yaşamaq isə daha çətindir. Çünki onlar üçün həyatda ən əsas öz sənətləridir və ən gözəl hisslərini də onlar yaradıcılıqları vasitəsilə ifadə edirlər. Təbii, belə insanlardan özünü bütünlüklə ailəyə həsr etməsini tələb etmək düzgün olmazdı. Bir də, böyük sənətkarlarda eqoizm və fərdçilik xüsusiyyətləri daha qabarıq olur. Bu haqqı onlara istedadları verir. 

Xoşbəxt o adamdır ki, ilk evliliyindən qarşısına ruhən ona doğma, onu duyan, başa düşən insan çıxsın. Yaradıcı insan üçün bu daha vacibdir. 

Sənin yaradıcılığınla mən biz evlənəndən sonra tanış oldum. Sən ilk böyük kitabını – “Mən burdayam, İlahi...”ni nəşrə hazırlayırdın. Bloknotlarından müxtəlif illərdə yazdığın şeirləri yazı makinasına köçürürdün. İş çox ləng gedirdi. Sənə kömək etmək qərarına gəldim. Düzü, bunu necə qarşılayacağını bilməsəm də, Sən otaqda olmayanda yazı makinasının arxasına keçib, şeirlərini çap etməyə başladım. Arxaya baxanda gördüm ki, dirsəyini qapıya söykəyib gülümsəyirsən. İnamsız-inamsız soruşdum: “Mən şeirlərini çap eləyirəm, olar?” 

Kövrək səsinlə: “Əlbəttə, olar. Mən ömrüm boyu rus yazıçılarına, xanımlarının onlara kömək etmələrinə həsəd aparmışam. Bu mənim çoxdankı arzum idi...”- söylədin. 

O an gülən gözlərin sanki deyirdi: “Şükür, İlahi, bu günü də gördüm...” 

Çox sonralar gündəliyində oxudum: “Jena – pomoşnik, jena pravaya ruka. Kakoe eto v suşnosti sçastye, ay Allah...” (1985) (Həyat yoldaşı köməkçidir, həyat yoldaşı sağ əlindir. Ay Allah, əslində, bu nə böyük xoşbəxtlikdir...) 

İlk dəfə mən onda Sənin yaradıcılığına toxundum, Sənin dünyanla üz-üzə qaldım. Sənin dünyanı qəbul etdim, sevdim və bu aləmdə özümü tapdım. Böyük həvəslə şeirlərini yazı makinasına köçürür, kitablarını çapa hazırlayırdım. Baxmayaraq ki, fəlsəfə elmləri namizədi idim, işlədiyim elmi institutda plan işlərim də var idi, ancaq Sənin əsərlərini makinada yığmaq, tərtib etmək, nəşrə hazırlamaq mənə daha böyük zövq verirdi.

 

...Mənə sevib ayrılmağa bir qadın verin,

Ürəyimdə bir ayrılıq qəribsəyib,

Və bu ayrılıqdan bir şeir...