Çirkli insanlarla necə təmiz davranmaq olar? Məşhur komik aktyordan müdrik məsləhətlər Featured

 

Sovet kinematoqrafiyası həqiqətən də gözəl komedik filmlər çəkmişdir. Biz əfsanəvi üçlük - Nikulin, Vitsin və Morqunovu unuda bilərikmi? Əsla yox. 
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, böyük Sovet komediya ustadı Yuri Nikulinin dünyadan köçməsindən tam 23 il keçir. Bu münasibətlə sənətkarın yaşadığı binada - Moskvanın Böyük Bronn küçəsində memorial lövhə ucaldılıb (şəkildə). 

 

Dostları və həmkarları Nikulini həmişə ətrafdakıların əhval-ruhiyyəsini qaldırmağı bacaran həyatsevər, şən bir insan kimi yadda saxlayıblar. Amma çoxları bilmir ki, Nikulin həm də müdrik fikirlər, xırda əhvalatlar yazıb, yəni ki, onu aktyor olmasıyla bərabər yazıçı kimi də təqdim etmək mümkündür. Bu gün biz aktyorun ən parlaq fikirlərini bir yerdə xatırlayacağıq.

Nikulin sağlığında danışırdı ki, yaxşı yumor hissi və səhnəyə sevgi ona atası tərəfindən aşılanıb. O, daim zarafat edirdi və həyata ironiya ilə, şən və nikbin yanaşırdı.

Az adam xatırlayır ki, kinoya və sirkə düşməzdən əvvəl böyük komediyaçı Böyük Vətən müharibəsi keçmişdir.

Orta məktəbi bitirdikdən dərhal sonra qırmızı orduya xidmətə çağırılmış, Leninqrad altında döyüşmüşdür. 

- Mənim xarakterim gəncliyimdə sərtləşdi. Mən həmişə əmin idim ki, hansı problemlər yaransa da onları həll etmək mümkündür. Təki bir daha müharibə olmasın! 

- Sən sevincindən göyə tullanırsansa, mütləq diqqət et ki, kimsə altından yeri çəkməsin. 

- Həqiqətən, xoşbəxt olmaq və yalnız öz həyatınıza diqqət yetirmək paxıl, xəyanətkar və yaltaqlara zərər vermək üçün ən yaxşı yoldur. 

Heç vaxt alçaq insandan qisas almağa cəhd göstərməyin. Sizin xoşbəxt olmağınız elə ən böyük qisasınızdır.

-Mənə kinoda yalnız başdanxarab, səfeh, boşboğaz və alkoqoliklərin rollarını oynamağı  təklif edirlər, amma mən bundan darılmıram. Yəqin belə məsləhətdir. Niyə də olmasın, əgər insanlar əylənirsə, demək bu obrazları canlandırmağa dəyər. 

 - Mükəmməl yumor hissi ilə mükəmməl insanlar yoxdur. 

- Yumor hissi yaşamağa kömək edir. Onun köməyi ilə xoşagəlməz vəziyyətləri komik hala gətirə bilirsiniz. Ruhən də  yüngülləşirsiniz.

- Zaldakı bütün insanları eyni zamanda güldürmək mümkün deyil. Mən bir neçə dəfə sirkdə belə bir vəziyyəti müşahidə etmişəm: Baxın, zal qəhqəhə sədaları ilə dolduğu zaman bir tutqun adam oturub, gülmür. Az sonra  zalda sakitlik bərqərar olduğu zaman bu dəfə birinin qəhqəhə çəkdiyinə şahid olursan. Hər kəsin fərqli bir yumor hissi var, amma bir insanı güldürmək  mümkün oldusa, o zaman gününün boş yerə keçmədiyini demək olar. 

İstəkli oxucularımıza onu da bildirək ki, Yuri Nikulin həm də lətifələr qoşmaqda mahir idi, bu lətifələr dillər əzbəri idi. Onlardan biri isə xüsusən məşhur idi:

Bir dəfə Allah yerə enir (əğstafurulla), 3 ən böyük ölkələrin rəhbərləri ilə görüşür. Amerikalı Reyqan, britaniyalı Tetçer və sovet adamı Qorbaçovla. 

Reyqan ondan soruşur:

- Qurban olduğum, Amerikada cənnət nə zaman qurular?

Allah cib dəftərçəsinə baxıb deyir:

- 27 ilə.

Reyqan köks ötürür:

- Heyif ki, mən o günü görə bilməyəcəm. 

Sonra Tetçer soruşur:

- Qurban olduğum, bəs Britaniyada?

Allah dəftərçədən - 35 ilə - deyə oxuyur. 

Tetçer də içini çəkir:

- Əfsus, mən də o günü görə bilməyəcəm.

Nəhayət Qorbaçov sual edir:

- SSRİ-də necə, cənnət haçan qurulacaq?

Allah növbəti dəfə cib dəftərçəsinə baxıb köksünü ötürür:

- Təəssüf ki, mən o günü görə bilməyəcəm. 

 

Hazırladı: Kənan Məmmədli