İmişlidə şair Şəhriyar del Gerani ilə görüş keçirilib

 

Yanvarın 13-də Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə İmişli rayon Mərkəzi Kitabxanasında şair Şəhriyar Del Gerani ilə görüş keçirilib. İmşli rayonunda doğulan şairlə görüş keçirilməsi rayon ziyalıları, mədəniyyət işçiləri tərəfindən maraqla qarşılanıb.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına görüşün moderatoru, Regional İdarəninin Xocavənd rayonu üzrə nümayəndəsi  Ramil Əhməd məlumat verib.  

Tədbiri giriş sözü ilə açan Regional İdarənin rəisi Faiq Xudanlı regionda ədəbi-mədəni prosesin inkişafı istiqamətində görülən işlərdən bəhs edib: “Regionda yaşayan mədəniyyət adamlarına, istedadlı gənc yazarlara, musiqiçilərə, rəssamlara dəstək göstərmək bizim əsas hədəflərimizdən biridir. Regional İdarəninin əhatə etdiyi Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd rayonlarında mədəni mühitin formalaşması istiqamətində atılan addımlardan biri də müxtəlif mədəniyyət adamları, şair-yazıçılarla mütəmadi olaraq görüşlərin keçirilməsidir. Bu gün ədəbi mühitdə tanınan, sevilən bir imza olan Şəhriyar Del Gerani ilə belə bir görüşün təşkilini önəmli hesab edirəm. Düşünürəm ki, Şəhriyarla öz doğulduğu rayonun Mərkəzi Kitabxanasında görüşün baş tutması həm onun özü üçün, həm də burada iştirak edənlər üçün xüsusi məna kəsb edir.”

Söz alan Şəhriyar Del Gerani müxtəlif bölgələrdə şair-yazıçılarla görüşlərin keçirilməsini mədəni prosesin davamlılığı baxımından önəmli hesab etdiyini vurğulayıb, tədbir iştirakçılarını salamlayıb. Məktəb illərində rayon Mərkəzi Kitabxanasına gəlməsindən, bu məkanla bağlı xatirələrindən danışıb.

Daha sonra görüşün moderatoru müəllifin kitablarının əhəmiyyətindən, şeirlərinin Azərbaycan ədəbiyyatındakı yerindən bəhs edib. 

Ramil Əhmədin suallarını cavablayan Şəhriyar Del Gerani bu suallar ətrafında poeziya, ədəbiyyat, mədəniyyət və həyat haqqında fikirlərini ifadə edib. 

Sonda oxucular müəllifə suallarını ünvanlayıblar, şair son kitabı “Gecəniz şeirə” kitabından müxtəlif şeirlərini səsləndirib, oxucular üçün kitablarını imzalayıb.

Həqiqətən də bölgələrdə söz adamları ilə görüşlər əsl bayram əhval-ruhiyyəsi yaradır.