95 yaşında “Şərəf” ordeni ilə təltif olunmuş yazıçı Vidadi Babanlını "Qazax" Xeyriyyə İctimai Birliyi üzvləri ziyarət edib Featured

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamına əsasən Yazıçı Vidadi Babanlı 95 illik yubileyində “Şərəf" ordeni ilə təltif olunub. 

Sərəncamı diqqətinizə çatdırırıq:

 

V. Y. Babanlının “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 

SƏRƏNCAMI:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Vidadi Yusif oğlu Babanlı “Şərəf” ordeni ilə təltif edilsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 8 yanvar 2022-ci il”

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov və İctimai Birliyin üzvləri Nizami Cəfərov, Elçin Şıxlı, Osman Ənvəroğlu, Puşkin Əhmədov, Mədəd Səttarov, Yusif Alıyev, Sultanxanım Nəsibova, Dürdanə Vəkilova, Səbinə Yusif, Rafail İncəyurd və Mustafa Babanlı yubileyi günündə Vidadi Babanlını ziyarət ediblər. 

Maraqlısı odur ki, onlar yolda xəbər tutublar ki, Prezident Vidadi Babanlını "Şərəf" ordeni ilə təltif edib. Sevinc sevincə qarışıb. 

Qocaman yazıçını səmimi qəlbdən təbrik edən qonaqlar ədəbiyyat xəzinəmizə “Vicdan susanda”, “İnsaf nənə”, “Bulanıq dünya” kimi möhtəşəm romanlar bəxş etmiş yazıçıya sağlamlıq arzulayıblar, yubileyi barədə, təltifi barədə, qocaman yazıçının durumu barədə söhbət aparıblar.

Axı 95 il ömür sürmək hər igidin də işi deyil! 

Aşıq Şaiq və Aşıq Avdı Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndiriblər. Qonaqlar da onlarla birgə ölməz sətirləri ifa ediblər.

“Var olsun qocaman yazıçımız, nəsrimizin canlı klassiki Vidadi Babanlı” deyək bir ağızdan. 

Amma Əməkdar İncəsənət Xadimi adı ilə kifayətlənən ustad yazıçımızın Xalq Yazıçısı titulu hələ də yoxdur, ümid edək ki, mütləq olacaq.