Lənkəranda Əbülfət Mədətoğlunun 65 illik yubileyi qeyd edilib

Rate this item
(0 votes)

      AYB Lənkəran Bölməsinin təşkilatçılığı ilə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin akt zalında tanınmış şair, publisist, "Ədalət" qəzetinin baş redaktorunun birinci müavini, respublikanın əməkdar jurnalisti Əbülfət Mədətoğlunun 65 illik yubileyi münasibətilə oxucularla görüşü və imza günü keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli məlumat verib.

 

         Bölgənin çoxsaylı yazarlarının, ziyalıların və oxucuların iştirak etdiyi tədbiri giriş sözü ilə bölmənin sədri,yazıçı publisit Qafar Cəfərli açaraq yubilyarın həyat yolu haqqında ətraflı məlumat verib. Əbulfət Mədətoğlunun təhsilindən, jurnalist olaraq müxtəlif mətbuat orqanlarında, xüsusən son 22 ildə  çalışdığı, böyük nüfuza və çəkiyə malik “Ədalət” qəzetindəki fəaliyyətindən, şair olaraq sözə olan sevgisi və məsuliyyətindən, nəşr olunmuş kitablarından, əsərlərinin müxtəlif dillərə tərcümə olunmasından, görkəmli  elm və söz adamlarının  onun yaradıcılılğına verdikləri qiymətdən, layiq görüldüyü təltif və mükafatlardan, həmçinin şeirlərinə bəstələnmiş mahnılardan danışaraq Qafar Çəfərli onu 65 illik yubileyi münasibətilə təbrik edib.

         Əbülfət Mədətoğlunun yaradıcılığı haqqında Bölmənin ədəbi məsləhətçisi, şair Ağamir Cavad məruzə edib. Məruzəçi Ə. Mədətoğlunun çoxşaxəli yaradıcığından söz açaraq onun həm publisist, həm də şeir yaradıcılığı barədə ətraflı çıxış edib, ona həsr etdiyi essesini oxuyub.

         Daha sonra tədbirin aparıcısı Qafar Cəfərli  sözü iştirakşılara  verib. Məxsusi olaraq tədbirə qatılmaq üçün Bakı şəhərindən gəlmiş  gənc və istedadlı şair  Ülkər Nicatlı; "Sözün işığı" qəzetinin baş redaktoru, şair  Ədalət Salman; "Zərban" TV-nin təsisçisi və baş redaktoru, yazıçı Hafiz Mirzə; yazıçılar Eldar Tahirov, Əlizadə Əsədov və Qurban Əhməd;ş airlərdən Sakit Üçtərəfli, Əhməd Haqsevər, Məmməd Əvəzoğlu, Ağaddin Babayev, Əyyub Türkay, Bəxtyar Əliyar; Əməkdar məşqçi İdrak Dadaşov; Qarabağ müharibəsi veteranları ictimai birliyinin Lənkəran bölməsi üzrə sədr müavini Saleh Dostiyev; rayonun tanınmış ziyalılarından Fəxrəddin Canıyev, Teyyub Rzayev, Ağadadaş Əliyev çıxış edərək yubilyarın yaradıcılığının müxtəlif məqamlarına toxunmaqla onu təbrik ediblər, peşəkar jurnalistik fəaliyyətində və bədii yaradıcılıqda ona uğurlar arzulayıblar.

         Gənc şair, LDU-nun tələbəsi Aytəkin Əziz, şair Əyyub Türkay və yazıçı Qurban Əhməd yubilyarın şeirlərindən nümunələr ifa edibər.

         Sonda söz şair-publisist Əbülfət Mədətoğluna verilib. Yubilyar öz həyat yolu, yaradıcılıq məramları haqqında danışıb, tədbirin təşkilatçılarına və çıxış edərək ünvanına xoş sözlər deyən hər kəsə minnətdarlığını bildirib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

         Əbulfət Mədətoğlu nəşr olunmuş kitablarından avtoqrafla oxuculara və kitabxanaya hədiyyə edib.

         Tədbiri bölmənin sədri Qafar Cəfərli yekunlaşdırıb. Xatirə şəkilləri çəkilib.

         Tədbir cənub bölgəsində uğurla fəaliyyət göstərən “Zərban” internet televizyası tərəfindən  lentə alınıb.

                             

“Ədəbiyyat və incəsənət”

(12.02.2024)