RUHƏN ŞEİRƏ HOPMÜŞ ADAM - Sumqayıtda Sabir Yusifoğlunun xatirə gecəsi keçirildi Featured

Rate this item
(0 votes)

Gülnarə Cəmaləddin, “Ədəbiyyat və incəsənət” üçün

 

Ağ kağıza yazmadı

qələm 

şeirlərimi.

Canımı dost-düşmənə 

bölən şeirlərimi...

 

Sabir Allahla adaş idi. Allahla adaş olanlar onunla bağrıbadaş olurlar. Onların taleyində ya bir natamamlıq

olur, ya da peyğəmbər yaşında dünyanı tərk edirlər. Amma adları kimi aydın, alnıaçıq, mərdi-mərdanə  bir ömür yaşayırlar Allahla adaş olanlar...

Sabir şeirlərinə çox bənzəyirdi. Oxuduqca dərinlərə baş vurmalı olurdun...

 

Fevralın 10-da Sumqayıtdakı Poeziya Evində  AYB Sumqayıt bölməsi və Ə.Kərim adına Poeziya klubunun birgə təşkilatçılığı ilə çağdaş Azərbaycan ədəbiyyatında öz sözü və yeri olan Sabir Yusifoğlunun yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirildi.

Öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçən vətən oğullarının xatirəsi yad edildi və Azərbaycan Respublikasının himni səsləndirildi. Şairin ömür yolunu əks etdirən video-çarx nümayiş etdirildi.

 

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin Sabir Yusifoğlunun şeiri ilə tədbir iştirakçılarını salamladı. AYB -nin Poeziya seksiyasının rəhbəri, Poeziya Evinin  direktoru İbrahim İlyaslı Sabir Yusifoğlunun həyat və yaradıcılığı haqqında qonaqlara geniş məlumat verdi.

Söz AYB-nin Ədəbiyyat Fondunun rəhbəri, tanınmış yazıçı Varisə verildi. Varis Sabir Yusifoğlunun poetik nümunələrindən misal çəkərək, onunla bağlı xatirələrindən danışdı, onun çağdaş ədəbiyyat müstəvisindəki yerindən və çəkisindən bəhs etdi. 

Şumqayıtlı qələm adamları Rafiq Yusifoğlu, Zirəddin Qafarlı, Süleyman Hüseynov, Hümbət Quliyev, Sübhan Quliyev, Hafiz Ataxanlı, Lilpar Cəmşidqızı, Elvin Əlizadə Sabir Yusifoğlu şəxsiyyətinin böyüklüyündən bəhs etdilər.

Vaxtilə "Dəniz" ədəbi birliyinin yığıncaqlarında Sabir Yusifoğlu ilə bir yerdə olan, bu gün imzaları respublika səviyyəsində  tanınan- Məryəm Aslanqızı, Asif Asiman, Mövlam Hüseynli, Füzuli Sabiroğlu, Xan Rəsuloğlu, Xəqani Abbasəli Öztürk, Müqəddəs Şahbazov, Almaz Ərgünəş Bəyazid, aşıq İman Sabir Yusifoğlunun insani keyfiyyətlərindən və  yaradıcılıq məziyyətlərindən söz etdilər.

Sumqayıt Dram Teatrının aktyoru İzaməddin Bağırov şairin şeirlərindən nümunələr səsləndirdi.

22 saylı məktəbin şagirdi Fatimə Məmmədli və nəvəsi Ləman Sabir Yusifoğlunun şeirlərini əzbərdən söylədilər.

Sonda Sabir Yusifoğlunun övladı - qazi şair Emin Piri öz adından və ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

Aşıq Anar Laçınlının  səsləndirdiyi saz havası isə məclisə başqa bir ovqat bəxş etdi.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2024)