Mən cismimi yaradan Allaha ruhumu bağladım. Bəs sən? - KİTAB BƏLƏDÇİSİ Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Yəqin ki, hər kəs güzgüyə baxanda azı bir dəfə "Kaş həmişə belə cavan qalaydım” deyibdir. Bəs bu dilək gerçək olsaydı, nələr olardı? Bir də belə düşünün. Bunu gerçəkləşdirən bir şeytan olsaydı? Siz öz gözəlliyiniz uğruna ruhunuzu şeytana satardınız?

“Dorian Qreyin portreti”- Oskar Uayld tərəfindən yazılmış bu əsəri oxumamısınızsa, oxumanızı şiddətlə tövsiyə edərdim. Öncəliklə əsəri oxumayanlardan verəcəyim spoilerlərə görə üzr istəyirəm:

Əsər insanların mənfəətləri, istək və arzuları üçün hər şeyi gözə ala biləcək canlılar olduğunu göstərən bir nümunədir. Əsərin əsas 3qəhrəmanı var ki, bunlar Dorian Qrey, onun gözəlliyini kəşf edən möhtəşəm sənətkar- rəssam Bezil və hekayəni tamamilə dəyişən Henri. 

Bezil Dorianla təsadüfən tanış olur və onun yaraşığı qarşısında təəccübünü gizlədə bilmir. Onun portretini çəkmək qərarına gəlir və bunun üçün Dorianla razılaşır. Yaxın dostu Henrini də bu ərəfədə evinə dəvət edir və beləcə hadisələrin axışı başlayır. Bezilin Henriyə dəfələrlə tapşırığı- Xahiş edirəm, onun gözəlliyini və məsumluğunu pozma- olur. Dorian gənc, məsum, dünya üçün gözəllik abidəsi sayılacaq yeniyetmə bir oğlan idi. İşlər tam da Bezilin təxmin etdiyi kimi davam edir. O portreti çəkərkən Henri Dorianı tamamilə təsiri altına alır. İndiyə qədər öz gözəlliyinin fərqində belə olmayan Dorian artıq özünə pərəstiş edir, öz gözəlliyindən, gəncliyindən və gələcəkdə qırışacaq üzünün qorxusundan başqa bir şey düşünməz olur. Portret bitir, Dorian portretdə öz əksini gördükdə, onun bu qədər qüsursuz olduğunun fərqinə vardıqda hiddətlənir, qəzəblənir. Çünki o qocalacaqdı, lakin portreti bir ömür gənc qalacaqdı.

Və o sehrli kəlmələri dodaqları arasından buraxır:

"Kaş mənim yerimə bu portret qocalaydı..."

Dorianın duası qəbul olunur. İllər keçsə də, özü gənc qalır, portretdə təsvir olunan üz qocalır. Bəs niyə?

Həyat elə bir dövrandır ki, bizi yaşlandıran yaşadıqlarımızdır. Pisiylə, yaxşısıyla, günah və savablarıyla var olur bu dünyada hər bir insan. Dorian da bunu gec də olsa anlayır. O bir yandan cavan qalmanın sevincini yaşayarkən, bir yandan da portretin üzündəki qırışlardan məyus olur. Çünki anlayır ki, portretin getdikcə qocalmasına səbəb onun etdiyi pisliklərdir. 

Bunu anlasa da geriyə qayıda, nəyisə dəyişə bilmir, çünki sozün əsl mənasında o artıq şeytanın-Henrinin nəzarətindədir.

Dorian bir çox gənc qızın həyatında geridönülməz izlər buraxır, dostlarına mənfi təsir göstərməyə başlayır. İllər keçir, artıq heç kəs onun məsumluğu və gözəlliyindən danışmır, hamı onun necə axmaq, necə yalançı və güvənilməz biri olduğunu deyir. 

Dorianın gözəlliyini ilk kəşf edən Bezil isə olanlara inana bilmir və Dorianı öz kimliyinə qaytarmaq istəyir. Onun bu cavanlığının sirrini bilsə də, qəbul edə bilmir və öz tanıdığı saf gənc oğlanı yenidən görmək istəyir. Dorian ilk dəfə portretin son halını ona göstərir və bu olanlardan portreti və Bezili günahlandırmağa başlayır. Düşünür ki, əslində Bezili tanımasa nə portret olacaqdı, nə bunları yaşayacaqdı. Və bu da Bezilin ölümü. Dorian artıq həm də bir qatildir...

Əsərin sonlarına doğru Dorian artıq Henrinin təsirindən çıxmağa başlasa da hər şey gec idi. O, portretdən, keçmişindən, günahlarından qurtulmaq istəyir. Bir bıçaqla portreti məhv edir və düşünür ki, bununla hər şey bitəcək. Elə də olur. Dorianın həyatı bitir və onunla birgə yaşanılan hər şey də geridə qalır... Otağa daxil olan xidmətçilər yerdə yatan qoca adamı və divardan asılmış gənc Dorianın portretini görür. Dorian portreti yox, öz günahlarını yola salır bu dünyadan. 

Biz insanlar səhvsiz doğuluruq, lakin səhvsiz ölə bilmirik. Üzümüzdəki hər cizgi, hər qırış keçmiş addımlarımızdan xatirə qalır bizə. Kećmişi məhv etmək, yox etmək demək, əslində elə özümüzü bu dünyadan silmək, yox etmək deməkdir. Əslində Dorian səhv etmiş olsa da, bir yandan onun gəncliyinə bağışlamaq olardı bu səhvi. Henrinin fəlsəfik-şeytani fikirləri onun ağlını başından almışdı. Bəs Bezili nəyə görə örnək almırdı? Kitabda Henrinin dilindən deyilir ki, əsl sənət insanları hər zaman daha sakit və maraqsızdır. Çünki onların tam fərqli və öz dünyaları var. Əgər bir insan çox maraqlı gəlirsə demək ya çox ağıllıdır, ya da çox ağılsız. Elə indilərdə də ətrafda diqqət çəkən, çox maraqlı, fərqli danışan, hətta "necə də intellektualdır, o çox bilir, mən onun qədər bilmirəm" dedirdəcək dərəcədə özgüvənli insanlar çıxır qarşımıza. Amma ehtiyatlı olun. O Henridirsə və siz də onun Dorianı olacaqzınızsa? 

 

Əsər şeytanla insani münasibətləri özündə  birləşdirsə də, dini əsər deyil. Daha çox fəlsəfi fikirlərin ünvanıdır. Oxuduqdan sonra yazıçı haqda da araşdırmanızı tövsiyə edərdim, çünki sizə olduqca maraqlı gələcəyinə tam əminəm.  

İndidən xoş mütaliələr.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)