Azad olunmuş doğma diyarda gənc şairin kitab təqdimatı

Rate this item
(0 votes)

 

“Böyük Qayıdış" davam edir, bu dəfə kitab       təqdimatıyla. Bu, azad edilmiş Aran Qarabağ torpaqlarında ilk ədəbiyyat tədbiri kimi tarixə düşdü. Tədbirin imzası isə əslən Zəngilan rayonundan olan və Sumqayıt ədəbi mühitini təmsil edən gənc şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Elvin Əlizadə idi.

 

Elvin Əlizadənin “Ədəbiyyat və incəsənət” portalına verdiyi açıqlamaya görə, 

“Böyük Qayıdış"ın rəmzinə çevrilmiş Zəngilan rayonunun Ağalı kəndində daha bir ilkə imza atılıb, Ağalı kənd tam orta məktəbində onun "-29" adlı şeirlər kitabının imza günü keçirilib.

Zəngilan ziyalılarından Ceyhun Həsənov tədbiri giriş sözü ilə açaraq gələn qonaqları salamlayıb. O, müəlliflə bağlı maraqlı məqamları bölüşüb, tədbiri aparmaq üçün sözü şair, AYB-nin mətbuat katibi, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rzaya verib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xəyal Rza Şərqi Zəngəzurun Azərbaycan ədəbi mühitinə bəxş etdiyi şəxslərdən, ölkənin ictimai həyatındakı əhəmiyyətindən söz açıb. O, bununla yanaşı, Elvin Əlizadənin mədəniyyət sahəsində göstərdiyi fəaliyyətindən bəhs edib.

“Qanun” nəşriyyatının redaktoru, yazıçı  Əyyub Qiyas müəllifin Sumqayıt ədəbi mühitindəki rolundan, yaradıcılığındakı vətən mövzusu ilə bağlı məqamlardan danışıb, şairin "Zəngilan" şeirini səsləndirib.

Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin sədri Şahin Şəfiyev, şair Vüqar Rahi müəllif haqqında fikirlərini oxucularla bölüşüb, Zəngilana ilk dəfə səfər etməyin sevincini dilə gətiriblər. 

Xanəndə Tural Salmanov müəllifin şeirlərinə bəstələnən mahnılar ifa edib, ifalar qonaqlar tərəfindən maraqla qarşılanıb. 

Müəllifin atası, Ağalı kənd sakini Nurəddin Əliyev tədbirdə iştirak edən kənd sakinlərinə, Elvin Əlizadənin qələm dostlarına öz minnətdarlığını bildirib və oğlu ilə fəxr etdiyini vurğulayıb. 

Sonda Elvin Əlizadə öz şeirlərindən  səsləndirib, 2021-ci ildə Ağalı kəndinin təməlqoyma mərasimi zamanı Zəngilana ilk səfərərindən xatirələrini bölüşüb. 

Müəllif tədbirin təşkil olunmasında əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib, kitabını oxucular üçün imzalayıb.

Bu isə gənc şairin şeirindən misralar:

 

Dostların qürur yeri, düşmənlərin göz dağı,
Dalğalan göy üzündə, Azərbaycan bayrağı!

Sənə təzim etməkçün düzənliklər dağ olub.
Şəhid qanına batan bu parça bayraq olub!
Sən ən gözəl şeirsən, ən alovlu misrasan
Parça dediyim nədir?
Canımızdan parçasan!

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2023)