Pol Linç: “Mən bu romanda öz yaşantılarımı da qələmə almışam” - BUKER MÜKAFATÇISININ ETİRAFI Featured

Rate this item
(2 votes)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, 2023-cü ilin “Buker” mükafatı faciənin astanasında olan bir ailənin və bir ölkənin hekayətini təsvir edən "Peyğəmbər nəğməsi" (Prophet Song) romanına görə irlandiyalı yazıçı Pol Linçə təqdim edildi. Pol Linçin sayca beşinci olan bu romanı Qərb demokratiyalarındakı iğtişaşları, İrlandiyada hökm sürən totalitar rejimin rəzilliklərini və Suriyada alovlanan münaqişə kimi fəlakətlərə bəşəriyyətin  laqeydliyini göstərməyə çalışır. 

 

Romanın süjeti Dublində qurulur, hekayənin mərkəzində qurulmuş demokratik normaları tezliklə pozacaq bəla - yaxınlaşan faşizm şəraitində ailəsini xilas etməyə çalışan tədqiqatçı və dörd uşaq anası Eilish Stakın hekayəsi dayanır.

Yazıçının özü mükafatın təqdimedilməsi  ərəfəsində BBC Radio 4 proqramına verdiyi müsahibədə dediyi kimi, İrlandiyanın totalitarizm uçurumuna qərq olması “artıq baş verib".

Müsahibəni şəxsən dinləmişəm və oradakı bəzi məqamları “Ədəbiyyat və incəsənət” oxucularına çatdırmağı özümə borc bilirəm: 

"Bu roman keçmişdə baş verən, indi baş verən və gələcəkdə baş verəcək hadisələri modelləşdirir. Mənim vəzifəm baş verənləri dinləmək və məlumatlı nəticələr çıxarmaq idi. İnanın ki, mən bu romanda öz yaşantılarımı da qeydə almışam, romanımdakı bəzi səhnələri sözün əsl mənasında yaşamışam, onları öz üzərimdə  sınamışam və daha sonra bu səhnələrin koronavirus və lokdaun pandemiyası zamanı real həyatda necə təkrarlandığını müşahidə etmişəm. 

Bu, çox qəribə idi, çünki kitabda dövlətin hər şeyi necə nəzarət altına almağa başladığı, komendant saatının necə tətbiq olunduğu barədə bir təsvir var idi. Bütün bunlar artıq yazılmışdı, 70 il öncənin yaşantıları romana mövzu seçilmişdi. Və 2020-ci ildə həmin şeyləri öz təcrübəmdən yaşamalı oldum."

Dublindəki son şiddət hadisəsi ilə bağlı nə düşündüyünü soruşduqda, Pol Linç baş verənlərdən şoka düşdüyünü və "bunun bizim üçün bir xəbərdarlıq olduğunu" etiraf etdi. 

Eyni zamanda "siyasi romanlar"yazmadığını vurğuladı. Suriyadakı vətəndaş müharibəsi və qaçqın böhranı təəssüratı altında bir roman yazan Pol Linç Londonda keçirilən mükafat mərasimində Bukeri "böyük məmnuniyyətlə" evinə - İrlandiyaya aparacağını söylədi, eyni zamanda qələbəyə heç inanmadığını etiraf etdi.

"Maraqlıdır, çünki heç vaxt qələbəyə inanmamışam, beynim bu düşüncəni rədd edib. Ancaq tanıdığım hər kəs mənə deyirdi: "Bax, bu dəfə mütləq qalib olacaqsan, çünki bu inanılmaz bir zaman təsadüfüdür”.

“Qalibi elan etməmişdən 15 dəqiqə əvvəl bir az sarsılmağa başladım, bayıra çıxdım, orada məni Sir Ben Oakry (Nigeriya əsilli məşhur ingilis yazıçısı, Buker Mükafatı laureatı) tapdı, mənə bir neçə həvəsləndirici söz dedi, qayıtdım və bu zaman hər şey gözəl oldu”, - deyir Pol Linç.

Və oxucularıma onu da deyim ki, 46 yaşlı yazıçı Buker mükafatını əlinə alanda onu öpdü. Bu fotonu da redaktorlardan xahiş etdim ki, yazımızın qapaq fotosu etsinlər. 

“Bu əsər emosional təsvirin təntənəsidir, ruhlandırıcı və cəsarətli romandır. "Peyğəmbər nəğməsi", hal-hazırda mövcud olan sosial və siyasi təlatümləri əks etdirir. Oxucuları təsirli və həqiqətə yaxın əsərlə tanışlıq gözləyir, onlar kitabda əksini tapan tövsiyələri hələ uzun müddət xatırlayacaqlar” – “Buker” mükafatının təşkilat komitəsi kitab haqqında bu sözləri yazıb.

"Peyğəmbərin nəğməsi" əsəri elə ilk misralardan bizi totalitarizmə qərq olmuş İrlandiyada öz ailəsini qorumağa çalışan qadının dəhşətli həyat şəraiti ilə tanış edir, bizi alışdığımız sakit və durğun vəziyyətimizdən çıxarır” – “Buker” mükafatının münsiflər heyətinin sədri, Kanadalı yazıçı Esi Educan qeyd edib.

Və mükafatçı barədə bu bilgiləri də verim: Pol Linç 1977-ci ildə İrlandiyanın Limerik şəhərində sahil mühafizəsi əməkdaşının ailəsində anadan olub. O, yazıçılıq karyerasına 2013-cü ildə başlayıb, o vaxta qədər isə kino tənqidçisi kimi fəaliyyət göstərib. 

P. Linç bir çoxu ədəbiyyat sahəsində mükafatlara layiq görülən “Səhər saatlarında qırmızı səma” (Red Sky in Morning), “Qara qar” (The Black Snow), “Qreys” (Grace) və “Dənizin arxasında” (Beyond the Sea) kitablarının müəllifidir.

İrlandiyalı ədibin sözlərinə görə, onun yaradıcılığına Fyodor Dostoyevskinin “Yer altından məktublar”, Herman Melvillin “Katib Bartlbi”, Cozef Konradın “Tayfun” və Uilyam Folknerin “Mən ölərkən” əsərlərinin çox güclü təsiri olub. 

Ədəbiyyat siyasətin içindədir. Ədəbiyyat sentimentalizm və romantizm çalarlarını, ədəbiyyat mistika, fentezi, detektiv və fantastika janrlarını yana itələyib non-fikşn pilləsində dayanıb, ədəbiyyat böyük siyasətin, güc mərkəzlərinin diktə etdiyi siyasətin icraçısı funksiyasını götürüb.

Nə deyək. 3-cü minillik, hər halda, öz abu-havasını gətirməliydi.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2023)