Rövşən Abdullaoğlu: “Amma heç nəyə baxmayaraq mən yazmağa davam etdim” - MÜSAHİBƏ Featured

Rate this item
(81 votes)

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Nəhayət ki, oxucularımızın maraqla gözlədiyi gün gəlib çatdı. Sizə - dəyərli oxucularıma Azərbaycanın tanınmış psixoloq-təlimçisi, eyni zamanda filoloqu, yazıçısı, əsərləri bestseller olan, "Bu şəhərdə kimsə yoxdur", "Relslər üzərində uzanmış adam", "Ləpirçi" və daha bir neçə kitabları ilə könülləri fəth edib öz fəlsəfi- irfani fikirləri ilə qəlblərimizə ayna tutan Rövşən Abdullaoğlu ilə olan müsahibəmi təqdim edirəm.

 

Hər vaxınız xeyir olsun. Öncəliklə müsahibə dəvətimi geri çevirmədiyiniz üçün sizə təşəkkür edirəm.

 

Buyurun, xoşdur.

 

Əlbəttə, hər kəsin həyatında müəyyən bir dönüş nöqtəsi olur. Hansı ki, biz bu periodda çox çətinliklərlə üzləşir, həyatımız üçün əsaslı dəyişikliklər edən qərarlar qəbul edirik. Məhz yazıçı olaraq sizin həyatınızda dönüş nöqtəsi yaradan hadisəyə bir psixoloq olaraq necə reaksiya verdiyinizi, həyatınızın bu dönəmində əsaslı dəyişiklik yarada biləcək hansı qərarları qəbul etdiyinizi öyrənmək olarmı? Düşünürəm ki, fikirləriniz biz gənc yazarlara həm yön verə biləcək, həm də, insanları motivə edəcəkdir.

 

Yazıçı kimi həyatımı dəyişən bir deyil, bir neçə hadisələr olub. Məni dəyişən o hadisələr barədə olan düşüncələrimdir, çıxartdığım nəticələrdir. Bu hadisələr səbəb oldu ki, həyatın mənası, insanın yaranma səbəbi, cəmiyyətdə rolumuz, vəzifəmiz haqqında düşünməyə başladım. Yeniyetmə illərimdə zərərli vərdişlərə qurşanmış, cinayətkar dəstələrə qoşulanmuş, intihara cəhd etmək istəmiş gənclərə rast gəlirdim. Niyə belə edirlər sualına cavab tapmağa çalışır, onlara necə kömək edə biləcəyimin yollarını axtarırdım. Nəticədə insan psixologiyasını öyrənməyi qərara aldım. Əvvəlcə bu sahədə mütaliələrə başladım, sonra təhsil barədə düşündüm, daha sonra cəmiyyətə faydalı olması üçün əldə etdiklərimi insanlarla bölüşmək qərarına gəldim. Getdikcə əmin oldum ki, yazıçı olmaq həyatımda verdiyim ən doğru qərarlardandır.

 

Fikirlərinizi bizimlə bölüşdüyünüz üçün minnətdaram. Elə isə digər sualıma keçid edim. Tarixin tozlu səhifələrinə nəzər salsaq, geniş ədəbiyyata sahib olan xalqımızın daim yazıb-yaratmağa meyilli olduğunu aydın görmək mümkündür. Ancaq təəssüf ki, hal-hazırda ədəbiyyata duyulan maraq o qədər də böyük deyil. Xüsusilə, gənc nəslin böyük qisminin smartfonlardan ibarət bir dünyası var ki, orada kitablara, fəlsəfəyə, ədəbiyyata çox vaxt yer verilmir. Siz bir nəşriyyat mərkəzinin təsisçisi və eyni zamanda genişmiqyaslı oxucu kütləsinə sahib olan yazıçı olaraq ədəbiyyatda gənc yazıçıların inkişafına hansı formada dəstək verilməsi gərəkliyini düşünürsünüz? Sizin fikrinizcə, sağlam oxucu kütləsinin formalaşması üçün əsas motivlər nələr olmalıdır?

 

Cəmiyyətimizdə digər sahələrə baxanda yazıçılığa ümumi olaraq marağın daha az olmasını görürük.  Yaradıcılığa marağı, istedadı olanlar maddiyyatı düşünür və yazıçılığa sərf etdikləri vaxtı, daha çox gəlir gətirən sahələrə sərf etməyi düzgün bilirlər. Onlar anlayırlar ki, bu sahəyə qoyulan zəhmətin maddi və mənəvi qayıdışı digər sahələrə baxanda daha azdır, həmçinin bu yolda irəliləmək elə də asan deyildir. Bu problemin həlli üçün aidiyyatı qurumlar gənc yazarlar üçün rəğbətləndirici tədbirlər təşkil etməlidir, fərqli janrlarda müsabiqələr keçirmək, mükafatlar təyin etmək, oxu klubları yaratmaq lazımdır. Gənc yazarların ən böyük problemlərindən biri necə başlayacaqlarını bilməmələri, yazdıqları kitabı çap etdirməkdə çətinlik çəkmələridir. Bu qayğını gənc yazarlar hiss etsələr, bu səhə inkişaf edəcək. Məsələn, necə idman sahəsində yarışlar, marafonlar təşkil olunur, o cür də yazıçılığın inkişafı və növbəti mərhələdə xaricdə tanınması üçün  gənc yazarların istedadını ortaya qoymağa zəmin yaratmaq lazımdır. Gənclər görsə ki, yazıçılıqda inkişaf var, uğur var, aidiyyatı qurumlar tərəfindən layiqli qiymətləndirmə var, cəmiyyət yazıçıya dəyər verir, yazıçılıqla dünya səviyyəsində nailiyyət əldə etmək olar, o zaman bu sahənin fəalları artacaq.

Bəzən yazıçılığın maneəsi qorxular olur: yazsam alınmasa, necə olacaq, məni qınayacaqlar. Mən öz həyatımdan misal gətirmək istəyirəm. İlk kitabımı yazmağa başlayanda ətrafımda olan insanlar “niyə yazırsan, bunu kimsə oxumayacaq, bu sənə nə vericək, bu işin faydası olmayacaq” kimi “ruhlandırıcı” sözlərlə məni bu işdən saxlamaq istəyirdilər. Amma heç nəyə baxmayaraq mən yazmağa davam etdim.

“Çətin olsa da həyat davam edir” kitabında Epiktetin belə bir ifadəsini qeyd etmişəm: “İnsanlar arasında yadelli”.Bu kimdir? O, idarə edə bilmədiyi, özündən asılı olmayan məsələ barəsində narahat olan insandır. Başqalarının fikri də bu qəbildəndir. Gənc  yazarlarımıza da içində olan qorxularına qalib gələrək, özlərindən asılı olmayan məsələlərlə özlərini yormayıb, yazmağı tövsiyyə edirəm. Hər bir halda yazıçını bu yolda dəstəkləyən, sevən xeyli insan olacaqdır.

 

Daha bir sualımı icazənizlə sizə ünvanlamaq istəyərdim. Kitablarınızda daim insanlığın ölmədiyinə dair ümid toxumları səpirsiniz. Sizin əsərlərinizi sevərək oxuyan bir oxucu olaraq məhz "Relslər üzərində uzanmış adam"  romanınız məni dərindən təsirləndirmişdi. Kitabda müharibə mövzusunu, özəlliklə müsəlmanlara qaşrı edilən Serebnitsa qətliamında sağ qalmağı bacaran iki gəncin həyatını qələmə almış, eyni zamanda taleləri relslər üzərində kəsişən iki tamamən ayrı dünyanın insanından bəhs edərək həm bizləri maarifləndirmiş, həm də, hadisələrin gedişatı ilə böyük təsir buraxmağı bacarmısınız. Ümumilikdə isə bir çox kitablarınızda müsəlmanlığı və İslamı doğru şəkildə təbliğ edərək insanlara çatdırmağa çalışırsınız. Bəs bu cür İslamiyyət təbliği xarici və xüsusən qeyri-müsəlman oxucularınız tərəfindən necə qarşılanır?

 

Bəzi dəyərlər var, bunlar ümumbəşəri dəyələrdir. İnsanların cinsinə, milliyyətinə, inancına görə dəyişmir, qətlin pis olması, yardımlaşmanın yaxşı olması kimi. Həmçinin ədalət prinsipi, cinsinə, milliyyətinə baxmayıb, insanın şəxsiyyətinə dəyər vermək, pis vərdişlərdən uzaq olmaq, intiharların pisliyi, sevgi kimi gözəl hisslərin qəlbdə inkişafı - bu cür ümumbəşəri mövzulara İslam dini də çox təkib edib. Əsərlərimdə bu ümumbəşəri dəyərləri insanlara çatdırıram. Bu dəyərləri anlamaq üçün hansısa inanca, irqə aid olmağa gərək yoxdur. Ona görə bu mövzuları əcnəbi oxucularım da anlayırlar. Sevindirici haldır ki, əsərlərim Amerikada fəaliyyət göstərən beynəlxalq ədəbi qurumlar tərəfindən yüksək rəylər alıb, mükafatlara layiq görülüb.

Ümumiyyətlə, din tarixin ən dərin və çoxşaxəli mövzusudur, cəmiyyətin həyatının bütün fərdi və ictimai sahələrinə həmişə dərin nüfuz edib. İncəsənətin heç bir sahəsini dini motivlərdən arınmış təsəvvür etmək mümkün deyil. Luvrda, Vatikan muzeylərində qədim yunan incəsənətini, Sikstin kapellasında Mikelancelonun tablolarını incələmək, yaxud da İeronim Bosxun əsərlərini anlamaq istəyirsənsə, mütləq dini bilgin olmalıdır. Əsərlərimdə elə yerlər var ki, orada mütləq fəlsəfi təhlilə ehtiyac görürəm; elə məqamlar var, tarixi baxış, elə məqamlar da var ki, yalnız dini yanaşma ilə mövzu açıqlığa qovuşur. Həmçinin istəyirəm ki, insanlar dini düzgün formada, xurafatdan arınmış formada tanısınlar. 

 

Təlimlərinizdə və çıxışlarınızda uşaq psixologiyası və valideyn-övlad münasibətləri ilə bağlı geniş müzakirələr apardığınızı müşahidə etmişəm. Bu barədə də sizdən şəxsi görüşlərinizi almaq istəyərdim. Sizin fikrinizcə, valideyn-övlad münasibətində təməl problem nədən qaynaqlanır? Siz bu problemin həllini nədə görürsünüz?

 

Problemə fraqmental yanaşsaq, problemin səbəbini elə problemin özündə axtaracağıq. Bu isə bir nəticə verməyəcək. Çünki bir problemin səbəbi bəzən illərlə yığılmış yanlışlıqlar olur. Onu anlamaq üçün problemin üzə çıxdığı vaxtdan çox qabaqlara baxmalısan. 

Ailə mühiti sağlam olmalıdır ki, uşaq sağlam olsun. Müasir valideyn və övlad arasında ən böyük problem səmimi və isti ünsiyyətin azlığıdır. Uşağı tərbiyə etmək onun təkcə qarnını doyuzdurub, əyin-başını almaqla məhdudlaşmır. Valideynlər uşaq psixologiyasını öyrənməlidirlər. Uşağın düşüncəsi yazılmamış bir lövhə kimidir. O lövhəyə ən dərin izi valideyn qoyur. Valideyn uşaqlara diqqət göstərərsə, onlarla zaman keçirərsə həmin uşağın psixoloji inkişafı da normal olacaq. Belə olan halda uşaq sevildiyini hiss edir, tək olmadığını düşünür, valideynin onu himayə etdiyini anlayır. Uşaq psixologiyası yeni doğulmuş körpənin əmgəyi kimi həssas olur və onu travmalardan qorumağa ehtiyac var. Uşaq psixologiyasının normal inkişaf etməsi, gələcəkdə komplekslərin yaranmasının qarşısını alır. Kompleks adətən insanın psixologiyası düzgün inkişaf etmədiyi zaman yaranır.

Valideyn-övlad münasibətlərinə mənfi təsir göstərən amilləri ümumi belə sadalamaq olar: Valideynlərin soyuqluğu, diqqətsizliyi, məhəbbətini göstərməməsi, uşağı tənqid etməsi, mütəmadi danlamağı, uşağın hərəkətlərindən daim narazı olması, uşağa kobud sözlər deməsi, təhqir etməsi, üstünə yersiz olaraq həmişə acıqlanmağı, alçaldıcı sözlər deməsi, pis ləqəblərlə çağırması, başqaları ilə müqayisə edib onu kiçiltməsi, məxsusən də bacı-qardaşı ilə. Valideynlər övaladlarını həddindən çox tənqid etməməlidirlər. Tənqid islahedici olmalıdır. Təndiq elə bir yumşaq formada olmalıdır ki, uşaq ordan fayda götürsün. Bundan başqa uşaqlarda daima özünə inamı yaratmaq lazımdır. Uşaq yaxşı bir iş görən zaman onu tərifləməliyik. Pozitiv sözlərdən uşaqda öz gücünə inam hissi yaranacaq.

 

Ən sonda isə planlarınız haqqında məlumat almaq istərdim. Yeni roman yazırsınızmı? Ümid edirəm yaxın gələcəkdə təzə roman xəbərləri yayılar və tez bir zamanda imza gününüzdə görüşərik.

 

Bir neçə gün öncə Azərbaycanda Beynəlxalq Kitab sərgisi keçirildi. Həmin sərgidə “Üzləşmə” kitabımın təqdimatı və imza günü təşkil olunmuşdu. Təqdimatda böyük izdiham var idi. Bu, insanların kitaba marağının artmasının göstəricisidir. Çox sevindirici haldır. Dostların hər dəfə olduğu kimi ən çox verdikləri sual məhz üzərində işlədiyim yeni əsərlərimlə bağlı idi.

Müxtəlif zamanlarda yazmağa başladığım yarımçıq qalmış əsərlərim var və onlardan hər hansı birini bitirməyi düşünürəm. Hazırda hansının olacağına tam qərar verməmişəm. Həmçinin uşaqlar üçün yeni layihəyə start vermişəm. “Ləpirçi” romanı əsasında yazdığım “İlk Səfər” və “Xilaskar”əsərlərini nəzərdə tuturam. Bu kitabların nəşr olunması Beynəlxalq Kitab sərgi günlərinə təsadüf etdi. Həmin sərgidə “Üzləşmə” kitabının təqdimatı ilə bərabər bu kitabların da təqdimatı oldu. Oxucular tərəfindən bu əsərlər çox maraqla qarşılandı. “Ləpirçinin macəraları” silsiləsini davam etməyi planlayıram. İnanıram ki, yaxınlarda böyüklərlə birlikdə balaca dostlarımız da imza mərasimlərində iştirak edəcəklər, sizi də orda görmək xoş olardı!

 

Dəyərli vaxtınızı ayırıb bütün suallarımı ətraflı cavablandırdığınız üçün sizə təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2023)