Polis Akademiyasında “Qarabağ Azərbaycandır!” adlı şeir müsabiqəsi keçirilib

Rate this item
(1 Vote)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

20 noyabr 2023-cü il tarixində DİN-in Polis Akademiyasında Dil hazırlığı kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq “Qarabağ Azərbaycandır!” adlı şeir müsabiqəsi keçirilib.

Müsabiqədə Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü, şair-publisist Əkbər Qoşalı (Yolçuyev) və bəndəniz - prezident təqaüdçüsü, Yazıçılar Birliyinin üzvü, Ədəbiyyat Fondunun əməkdaşı Habil Yaşar qonaq və munsif qismində iştirak etmişik. 

 

İlk olaraq Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Daha sonra Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov tədbiri giriş sözü ilə açaraq qonaqları və yarış iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb.

Müsabiqədə Akademiyanın Əyani fakültəsində təhsil alan olan I, IV və V kurs üzrə ümumilikdə 11 kursant şəxsi birincilik uğrunda müəllifi olduqları şeirlərlə çıxış edərək öz natiqlik qabiliyyətlərini nümayiş etdiriblər. İştirakçıların çıxışları münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib. Nəticədə IV kurs kursantı Səyyad Əliyev “Şəhid qanı” adlı şeiri ilə birinci, V kurs kursantı Kənan Ağayev “Zəfər” adlı şeiri ilə ikinci və IV kurs kursantı Güloğlan İsmayılov  “Qalibin zəfər nəğməsi” adlı şeiri ilə üçüncü yerə layiq görülüblər.

Qaliblər və iştirakçılar sertifikatlarla təltif olunublar, ilk 3 yerin sahibi Polis Akademiyasının rəhbərliyi tərəfindən mükafatlandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2023)