Funda Gündüz: “Ölkənin 32%-i kitab oxumur, oxumağın əhəmiyyətini belə dərk etmir…” - MÜSAHİBƏ Featured

Rate this item
(1 Vote)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Türkiyədə özünə ad eləmiş yazarlarla müsahibələrimi davam etdirirəm. Növbəti müsahibim Funda Gündüzdür. 

 

-Zəhmət olmasa öncə özünüz haqqda azərbaycanlı oxuculara məlumat verərdiniz. 

 

-Mən Funda Gündüz! İstanbul Universitetinin Arxeologiya fakültəsini bitirdikdən sonra uzun müddət Londonda dil təhsili aldım. Evə qayıtdıqdan sonra müxtəlif şirkətlərdə administrator köməkçisi kimi çalışdım. Universitetdə “Korlar cəmiyyəti” qəzetində köşə yazarı idim. O illərdə mən hələ şeir yazır, yazdıqlarımı yoxlayır, redaktə edirdim. Həmişə yazmağa həvəsim olub. Sonradan bir dostumun təşviqi ilə yazmağa başladım. Mən bioenergetik olduğum və kvant sahəsinə marağım olduğu üçün özümü təkmilləşdirməyə çalışıram. Kənd məktəblərinə kitab göndərməklə uşaqların təhsilinə töhfə verirəm. “Yazıçılar və Şairlər Həmrəylik Dərnəyi”nin (“Yazarlar ve Şairler Dayanışma Derneği”) üzvüyəm. Assosiasiyanın sosial media moderatoruyam. Canlı yayım proqramında birliyimizə üzv olan yazıçı və şairləri və onların kitablarını təqdim edirəm. Ədəbiyyata verdiyim töhfələrə görə Yazşa-Der Ədəbiyyat Onur Mükafatına sahibəm. Yazılarım, şeirlərim “Literaturekulisi” jurnalında dərc olunur. “Son Baskı” qəzetində yazılarımı davam etdirirəm.

 

-Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı. 

 

-İbtidai məktəbdə oxumağa başladım. Orta məktəb illərində dünya klassik ədəbiyyatının ən yaxşı yazıçılarını oxuyurdum. Oxumağa həvəsim bu yaşa qədər heç vaxt keçməyib. Mən ömrüm boyu ədəbiyyatı sevmişəm. Yeni müəlliflərə diqqət yetirər, onları incələyərdim. Mən hələ də yeni gələn yazıçılara, şairlərə diqqət və qayğı ilə yanaşıram. İndi bizim çox gözəl yazıb-yaradan yeni yazıçılarımız, şairlərimiz var. Cəmiyyətin bu mövzuda yeni yazanlara bir az da həssas olması vacibdir.

 

 -Əsərlərinizin mövzusu haqqında məlumat verə bilərsinizmi? 

 

-2018-ci ildən bəri üç kitabım nəşr olunub. Birincisi, ilk övladım adlandırdığım “Aşk-ı Hazan”dır. “Aşk-ı Hazan” bir-birini sevən, lakin yaşadıqları hadisələrə və ailə baxışlarına görə qovuşa bilməyən iki gəncin hekayəsindən bəhs edir. Kitab 2018-ci ildə işıq üzü görüb və oxucuların marağına səbəb oldu. Hazırda kitab bitib. Kitabı gənclər üçün yazdım. Bu, gənclərin tez bitirdiyi və gündəlik yaşadıqları sevgiyə reaksiya idi. Üzərində çoxlu fantastika yaratdığım axıcı bir roman idi və oxucular tərəfindən çox bəyənildi.

İkinci romanım olan “Lalənin kölgəsi” sosial roman kimi yaddaşlarda qaldı. 2020-ci ildə nəşr olunub və artıq bitmək üzrədir. Hekayə gənc qızın şərqdən götürülüb qərbə gətirilərək, gətirildiyi kəndin ağasının oğluna gəlin edilməsi və onun şiddətli mübarizəsindən, özünü xilas etmək cəhdindən bəhs edir. Kitab mübarizə aparan qadınlar üçün yazılmışdı, məqsədim qadın zorakılığına “Dur” demək idi. Oxucu “Aşk-ı Hazan”dan sonra romantik və sevgi ağrısı ilə dolu belə bir kitabla rastlaşanda təəccübləndi və çox bəyəndi. Xüsusilə qadın oxucular mübarizə aparmağın vacibliyini anladılar. Oxucu bu kitabdakı bəzi pis personajları bəyənməsə də, kitabın mövzusunu və kiçik qızın mübarizəsini çox sevdi. Çox qadın özünü kitabda tapdı və əksəriyyəti oxuyarkən ağladı, həmçinin mən də yazarkən çox ağlamışdım. Açığı, “Lalənin kölgəsi” hələ də diqqəti cəlb edərək oxunmaqdadır. Kitabı xaricdə bəzi oxucular oxuduqdan sonra “Türkiyədə belə hadisələr hələ də davam edirmi? O vaxtlar belə hadisələr olubmu?”- deyə heyrətlə soruşurlur. Kitabım bir çox qadına ümid işıq verdi. Bir çox qadının gerçək hekayələri əsasında eşidərək yazdığım bu kitabla qürur duyuram və çox xoşbəxtəm.

Üçüncü kitabım olan “Səndən bir parça”  illər ərzində yazdığım şeirləri, esseləri, aforizmləri topladığım kitabdır. Kitabı iki hissəyə böldük. Birinci hissə şeir və esse, ikinci hissə isə aforizm şəklində çap olunub. Aforizmlər oxucuya fərdi inkişafa kömək etmək üçün yazılmışdır. Oxucunun anlaya bilmədiyi mövzuda kitabı götürüb oxuması onun bir çox problemlərinin həllinə kömək edəcək. Təbii ki, böyük mövzuları qısa cümlələrlə izah etmək çətindir, amma önəmli olan bunu bacaqmaqdı və oxucunun şərhlərindən sonra buna nail olduğumu başa düşdüm. Bir çox oxucu məndən həyatdakı problemlərin (istər sosial münasibətlər, sevgi, karyera) həll yollarını bu qədər asan və gözəl şəkildə necə ifadə edə bildiyimi soruşdu. Şəxsi inkişaf üzərində işlədim. Çoxlu araşdırma aparmağım və kvant sahəsində işləməyim də mənə kömək etdi, təbii ki, istedadım da var. Mənə bu istedadı verdiyi üçün həmişə minnətdaram. Kitab 2023-cü ilin aprel ayında üzvü olduğum Yazşa-Der Nəşriyyatında çap olunub. Oxucunun kitaba marağı və sevgisi davam etməkdədir. Mənim kimi iki roman yazan biri üçün bu kitab oxucuya bir az fərqli göründü. Əslində mənim işimi, hansı sahələrə marağım olduğunu bildikləri üçün kitabın bu şəkildə çıxacağını bilirdilər. Şeirlərimi bəyənənlər çoxdur. Çoxları kitabı xüsusilə mənim şeirlərimə görə alıb. Şeiri sevməyən camaat aforizmləri oxumaq üçün satın alırdı. Kitabı böyük kütləyə müraciət etmək üçün nəşr etdim. “Aşk-ı Hazan”ı gənclər üçün yazsam da orta yaşlıların da marağına səbəb oldu. Orada zorakılıq səhnələri olduğu üçün yaşı 15-dən aşağı olan uşaqların oxumasını istəmədim, yarmarkalardan almaq istəsələr də, onlara vermədim. Mənim üçün kitab satışından daha çox uşağın psixoloji sağlamlığı önəmlidir.

 

-Dünya ədəbiyyatından hansı yazıçıları və əsərləri bəyənirsiniz? 

 

-Dünya ədəbiyyatının klassiklərini öncə də xatırlatmışdım. Əksər oxucular kimi mən də Dostoyevski, Tolstoy, Alber Kamyu kimi yazıçılara heyranam. Müasir dünya ədəbiyyatında Robin Şarma, Corc Oruell, Xalid Hüseyni və Riçard Baxı deyə bilərik. Mən daha çox türk yazıçılarını oxuyuram. Klassiklərdə Rəşad Nuri Güntəkin, Xalid Ziya Uşaklıgil, Cümhuriyyət dövrünün yazıçıları olaraq Yaşar Kamal, Orxan Kamal, Rıfat İlgaz və Attila İlhanı oxumuşam. İndiki yazarlardan Nermin Bezmen, Lətifə Təkin, Osman Aysuyu; kateqoriyalara ayırsaq:  dedektiv romanlarda Cemal Durmazı, fəlsəfi aforizm və esse yazan yeni yazarlardan Süheyıl Aydını oxumaqdan zövq alıram.

 

-Xəyallarınızın genişlənməsinə səbəb olan hadisələr hansılardır və bizlərə bu haqda bəhs edə bilərsinizmi? 

 

-Mən çox xəyal qurmuram. Realist olmağa üstünlük verənlərdənəm. Xəyallarım olsa belə, onların həyata keçməsi yalnız mənim uğurumdan, işimdən asılıdır. Kitabım çıxanda mənə kömək etməyə çalışan oxucularım müəlliflik yolunda irəliləməyimə kömək oldular. İkinci kitabı çap etdirməyimin səbəbi yenə oxucularımdır. Onların sayəsində əslində yazıram və ilham alıram. Onlar mənə güc verir və bu hekayənin əvvəlindən mənimlədirlər. Yazmağı sevirəm, amma bəzən sadəcə yazmaq kifayət etmir, dəstəyə də ehtiyacı olur. Ona görə də tərəfdarlarım hər zaman yanımda olublar, buradan onlara təşəkkür etmək istəyirəm. Mədəni cəhətdən inkişaf etmiş oxucu auditoriyam var, ona görə də çox xoşbəxtəm. Əslində arzularımın gerçəkləşməsi oxucularımla birlikdə oldu deyə bilərəm. Onları çox sevirəm və buradan öz dərin hörmətimi bildirirəm.

 

-Zaman sizin üçün nə deməkdir? Yazarkən hər hansı bir rutininiz varmı?

 

-Zaman çox önəmlidir, gecələr yazmağa çalışıram və daha çox sakit mühitlərə üstünlük verirəm. Hər halda, vaxtımızı itirdiyimiz bir çox hallar var, təəssüf ki, bəzən onları aradan qaldırmaq üçün heç bir yol olmur. Zaman nəinki yazıçı, həmçinin hər kəs üçün çox vacibdir. Yazmaq üçün xüsusi bir rutin yaratmamışam, amma gecələr sakit bir mühitdə yazmağa və nizam-intizamla işləməyə çox diqqət edirəm. Gün ərzində ağlıma nəsə gəlirsə, gecikmədən qeydlər aparıram və qeydləri lazım olan yerlərə əlavə edirəm. Dördüncü kitabımı yazmağa davam edirəm. Oxucu bu kitabı həyəcanla gözləyir. Kitablarımı yazarkən heç vaxt tələsmirəm. Zamanla çox intizamlı və diqqətlə işləyirəm. Oxumağa vaxt ayırıram. Mən vaxtımı boşa keçirməyi sevmirəm.

 

-Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır? 

 

-Kitab oxumaq çox gənc yaşlarda qazanılan vərdişdir. Oxuma vərdişləri valideynlərin, müəllimlərin, bəlkə də qonşuların təsiri ilə əldə edilə bilər. Əgər uşaq yetkinlik yaşına qədər oxuma vərdişi qazanmayıbsa, sevdiyi və maraqlandığı sahələr müəyyən edilərək kitab seçimi aparıla, oxuma vərdişi tədricən qazanıla bilər. Uşağı darıxdırmadan müəyyən vaxtlarda oxu saatları təyin etməklə buna vərdiş etdirmək olar. Avropada iki yaşlı uşaqlara vanna qəbul edərkən kitab oxumaq vərdişi öyrədilir. Körpəni çimdirərkən vannada içinə heyvan və çiçək şəkilləri olan neylon kitablar atılaraq uşağa göstərilir, atmosferə bir az da sevinc qatılır.

 

-Türkiyədəki hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi? 

 

-Təəssüf ki, Türkiyədə savadlılıq səviyyəsi çox aşağıdır. Oxuma dərəcəsini aşağı səviyyədə saxlayan bir sıra amillər vardır: Uşaqlıqda kitab oxumaq vərdişinin olmaması, bəzi maddi səbəblər və s. Biz yazarlar çalışırıq ki, kitab yazıb, oxuyan bir cəmiyyət yaradaq. Bizim işimiz başqa ölkələrin yazıçılarından qat-qat çətindir. Biz öz işimizlə məşğul olmaqla yanaşı insanlara da kitab sevdirməyə çalışırıq. Ölkənin demək olar ki, 32%-i kitab oxumur. Kitab oxumağın əhəmiyyətini belə dərk etmirlər. Mütaliə faizini artırmaq üçün dövlət tərəfindən müxtəlif proqramlar və dəstək göstərilməlidir.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Mən ilk növbədə qədim şair Həbibini tanıyıram. Yeni yazıçılardan Hüseynbala Mirələmovun və Rüstəm Behrudinin yaradıcılığıyla tanışam. Türk dünyasının yazar və şairləri ilə maraqlanıram. Qardaş türklərin dünyagörüşlərini, ədəbiyyata verdiyi töhfələri görmək məni sevindirir. Mən Azərbaycan ədəbiyyatının dünya mədəniyyətinə çox böyük töhfə verdiyini düşünənlərdənəm.

 

-Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi? 

 

-Gələcəklə bağlı çox planlar qurmuram. Sadəcə üzərində işlədiyim layihələri və kitabları bitirməyə çalışıram. Heç vaxt məşhur olmağa marağım olmayıb. Mən sadəcə olaraq ədəbiyyata töhfə verməyə çalışıram. Ədəbiyyata çox vaxt ayırıram. Assosiasiyamızın sosial mediada canlı yayımlarında müəlliflərin və onların kitablarının təbliğinə diqqət yetirirəm. Vaxtımın çox hissəsini ədəbiyyatla keçirirəm.

 

-Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz? 

 

-Çap kitablarını oxumağı sevirəm. Elektron kitab oxumağa marağım yoxdur. Çox da bəyənəcəyimi düşünmürəm. Kitabı oxumazdan əvvəl onu əlimə alıb iyini hiss etməliyəm. Kitabla inteqrasiya etməyi xoşlayıram. Yarmarkalara girəndə kitab qoxusunu sevirəm. Uşaq vaxtlarındakı kimi kitablarla inteqrasiya etmək istəyim hələ də var. Mən məlumatlı olmağı və öyrənməyi sevirəm. Kitablar bunu mənə çox verir. Elektron kitablar mənim üslubum deyil, bəli, bəlkə daha ucuz başa gəlir, amma mənim üsulum deyil.

 

-Bir  yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?

 

-Yazıçı olmaq istəyənlər ilk növbədə çox oxumalıdırlar. Oxuduqca təhlil etməyi və sual verməyi öyrənməlidirlər. İstəsələr, kitab yazmaq üçün yazı texnikası üzrə seminarlarda iştirak edə bilərlər. İstedad önəmlidir, amma savadlanaraq da yazıçılığa addım atmaq olar. Eləcə də yazıçı dostlarıma çox oxumağı və araşdırmağı tövsiyə edirəm, çünki yazıçı yazmazdan əvvəl o mövzuda çox araşdırma aparmalıdır. Bəzən roman yazarkən belə çoxlu araşdırma tələb edən mövzular ola bilər. Bu səbəbdən romanın keçdiyi yer, mühit və bölgə və o bölgənin mədəniyyəti haqqında çoxlu araşdırmalar aparmaq lazımdır. Kitab təsadüfi yazılacaq bir mövzu deyil. Çox insana çatan, lazım gəldikdə onlara maarifləndirici məlumatlar verən ibrətamiz bir obyektdir. Kitabın mütləq ibrətamiz olması lazım deyil deyərək bunu müdafiə edən müəlliflər də var, lakin bunu müdafiə edən müəlliflər belə araşdırmalardan əl çəkməyiblər. Ona görə də araşdırma və oxumaq hər şeydən əvvəl gəlir.

 

 -Dəyərli zamanınızdan vaxt edərək  fikirlərinizi bizimlə bölüşdüyünüz üçün minnətdaram Funda xanım, sizə həyat və yaradıcılıqda uğurlar arzulayıram.

 

 -Mən də sizə, bütün yaradıcı heyətə təşəkkür edirəm Habil bəy.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2023)