Xaraba evin sirri - HEKAYƏ Featured

Rate this item
(32 votes)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

Sevgi var tarixin tozlu dəftərindəki hər sətirdə. Nifrət var, müharibə var, qan var. Tələsməyin, gecikməyin qorxusu var, eyni əsrlər öncəsinə aid bu əfsanədəki kimi. Mümkünsüzə həsrət var...

 

Bizim məhəllədə illərdir heçkimin yaşamadığı, sınıq-sökük, darmadağın olmuş xaraba bir ev var. Bəlkə 20 ildir yaşayan yoxdur bu evdə. Nə yaxına gedən var, nə içinə girib baxan. Tək bir söz eşitmişəm haqqında. "Lənətlidir"...

Günlərdir o evin həyətində 2it hürür, bütün məhəlləni bezdiriblər. Dünən məhəllənin 2gənc, qanı dəli axan oğlanı o itin arxasınca gedib, həyətə girib, biraz kəşfiyyat işi aparıblar öz ağıllarınca. Bu köhnə, səhifələrinin çoxu yırtılmış dəftərləri də həyətin arxasındakı qutunun içindən tapıblar.

Qaça-qaça məhəllənin canına düşüb "baxın, o uçqundan tapdıq" deyə qışqırırdılar. Hər kəs yazıqları danlamışdı o həyətə tək, xəbərsiz getdilər deyə. Yazıqlar peşiman olmuşdular artıq. Amma maraqlarının qurbanı olmuşdular və artıq olan olmuşdu. Marağına qurban gedən isə sadəcə onlar deyildi. Bir neçə dollar verərək dəftərlərdən hər hansı birini mənə vermələrini istədim. O həyətə, o evə illərdir girən yoxdur və oradan gələn bu dəftər səbəbsizcə mənim marağımı çox çəkmişdi.

~Marianın dəftəri.

~Alisa və mən.

Aldığım dəftərlər nə bir roman idi, nə bir gündəlik. İçlərində bir-birindən əlaqəsiz kiçik hekayələr, qeydlər, şəkillər var idi.

O gecə yatmadım, səhərə kimi dəftəri vərəqləyib sanki nağıl oxuyurmuş kimi oxumağa davam etdim. İlk səhifəsində "Marianın dəftəri" yazılan qalın, köhnə dəftər isə diqqətimi çəkmişdi özünə. Bu dəftərlərin tapıldığı evin sonuncu yaşayan sahiblərinin bir qızı var idi, xatırlyayıram. Məndən bir neçə yaş böyük olardı. Və bu dəftərlər deyəsən onun yazdığı hekayələrlə dolu idi. Oxuduqca....

 

~Marianın dəftəri

“Unudulmuş bu dünyanın sehrli havasında, sehrli zamanında yaşayırdılar. Pərilərin, mələk və şeytanların bir arada yaşadığı bu dünyada hər şey "ol" deyilirdi və olurdu. Dünya sevgi bağı üzərində qurulmuşdu. Qadağalardan uzaq bu dövrün tək qadağası da elə onlar idi. Maria və Zenit...

Maria... Pəri kralının nuru, tək qızı. Gün işığının davamçısı və daşıyıcısı. Bəyaz qanadları, çəhrayı paltarı, qara, uzun saçları və dəniz mavisi gözləri ilə hər gün səmaya yüksəlir, günəşin önündə dayanaraq onun işıqlarına istiqamət verirdi. Pərilər aləmində elə bir pəri yox idi ki, Marianı arzulamasın. Marianı sevən, istəyən isə tək pərilər deyildi. Qaranlıq diyarın, İblisin övladlarının da gözbəbəyi idi bu gözəl işıq pərisi. Xüsusilə də İblisin oğlu Zenitin...

Amma hekayənin başında da dediyimiz kimi - Qadağansız diyarin tək qadağası idi onlar. Tək bir "olmaz" var idi. "Qaraqanadlı sevə bilməzdi bir gün işığını."

Bu qadağaya qurban gedən minlərlə qəlb vardı, minlərlə sevgi. Onlarsa özlərini qurban verirdilər sevgilərinə. Hər qadağanın bir cəzası var. Bəs onların cəzası nə idi?

Maria illərlə nifrət bəslədiyi, onun işığının qarşısını qaranlığıyla kəsən o adama getdikcə necə aşiq ola bilmişdi, bunu nəinki başqaları, heç özü də bilmirdi. Eyni bir dünyada yaşasalar da düşmən olan 2nəsildən söhbət gedirdi burada. Zenit qaranlığın davamçısı, gecənin kralı, Maria günəşin qızı... Bəlkə də hər şey o gün, Zenitin Mariaya olan düşmənçiliyini qırağa qoyub onun həyatını xilas etdiyi gün başlamışdı. Maria pəri ovçularının əlində əsirkən Zenit tapmışdı onu meşənin ən dərinliklərindən. Qanadları altında isitmişdi soyuqdan üşüyən əllərini, cılız bədənini. Və ilk dəfə o gün baxmışdı pəri qızının mavi gözlərinin dərinliyinə. Orada tanış bir şey var idi. Nə idi bilmirdi, amma var idi. Sanki paralel həyatda sıradan 2 gəncin sevgisini görmüşdü o gözlərdə...

Aylarca gizlətdilər hislərini özlərindən belə. Sonra tək bir qədəhin verdiyi cəsarətlə töküldü sözlər qan dodaqlardan. Zenit etiraf etdi sevgisini. Maria qarşı qoya bilmədi qəlbinə. Sevgilərini elan edə bilməzdilər, fəqət gizli yaşaya bilərdilər. Gizlədə biləcəklərinə inandılar, bacardılar da. İllərlə gizli qaldı bu sirr sadəcə ikisinin arasında. Başqa kimə gərək var idi ki guya?

O gün yenə görüşəcəkdilər. O gün yenə uzaqdan öpəcəkdi gözlərindən mələyini şeytan. Öpməyə də qorxurdu, çünki bunun son olacağını bilirdi. Lənət onların dodaqlarında gizlənmişdi. Sadəcə sarılıb qoxusunu içinə çəkə bilirdi...

Meşənin qaranlığında gözə görsənməmək üçün bəyazların yerinə siyahlara bürünən pəri qızı... İşığı qaranlıqla ört-bastır etməyə çalışmaq necə də gülünc idi. Aylardır bacarmışdılar əslində. Amma o gün bacarmadılar. Zenit sevgisinə, qəlbinə məğlub oldu və öpdü pərisini. İllərin həsrəti bugünə qalmışdı sanki. Amma unutmuşdular. Unutmuşdular gecəylə gündüzün birliyinin faciəsini. Yer ortadan ikiyə ayrıldı, hər yer silkələnməyə başladı. Marianın qanadları od tutub yanırdı. Ağrıdan, acıdan məhv olurdu pəri. İblisin oğluysa... Zenitin ruhu çıxırdı sanki bədənindən. Bu iztiraba heç biri dözə bilmirdi. Dünyanın təməli olan bu iki gəncin öz dünyaları öz başlarına yıxılırdı.

Çox qısa zamanda hərkəs buraya toplanmışdı. Hər şey aydınlığa çıxmışdı. İndi isə cəza və qərar vaxtı idi. Qanadları kül olmuş pərini kim nə edəcəkdi ki artıq? Ya da kim qorxub itaət edəcəkdi ağzından, burnundan qanlar axan, bir sevgiyə qurban gedən bu şeytana? Əslində nə Maria qurtulmağı düşünürdü, nə də Zenit gələcək hökmranlığını. Tək istədikləri azad, xoşbəxt sevgi idi və bu da onlara çox görülürdü bugün bu qaranlıq ormanda.

Qərar verilmişdi. Dünyanın qanunauyğunluqlarının tələbləri var idi və bu qaydaları pozanlar, tələblərə uymayanlar cəzalanmalı idi. Gecə ya gündüzdən ayrılmalı idi, ya da həyat əbədi qaranlığa qərq olmalı idi. Hər iki halda da 2 cəsəd çıxacaqdı bu ormandan. Birinci halda aşiqlərin ruhları, qəlbləri tilsimlənəcək, öldürüləcək, əbədi sevgisizliyə həbs olacaqdılar. Onlar bir daha bir-birini heç xatırlamayacaq, hətta keçmişi də unudacaqdılar. Onlar sevgilərini xalqa, xoşbəxtliyə qurban verəcəkdilər. İkinci hal... əgər qarşı çıxarlarsa nəticə ölümsüz iki ruhun əbədi yuxusu olacaqdı və bu sadəcə ağılsızlıq olardı.”

 

Seçim vaxtıdır. Necə seçim edərdim mən Maria olsaydım. Bəlkə də mən Maria olsaydım qaçmağı seçərdim. Sevirəm çünki hərkəsdən qaçıb biraz özümə, təkliyə sığınmağı. Yarım qalacağımı bilə-bilə təkliyə qaçardım. Ölümlə üzləşmək ağır gələrdi mənə. Bəlkə də buna görə zəifəm bu qədər. Hekayənin hər sətrində həm özümdən bir parça tapmış, həm özümə qarğışlar yağdırmışdım. Mən də həmişə qadağan olunmuşları seçmişdim, o an fərqinə vardım. Mən Maria deyildim, ola da bilməzdim. Çünki hekayənin davamı bunu deyirdi mənə. Mən eynilə Həvva qədər aciz olurdum çox vaxt seçimlər qarşısında. Baş qaldırır, amma təklikdə özümü sorğuya çəkirdim düz yoldayammı deyə. Qadağan almanı yeyir, sonra peşman olurdum. Halbuki nəfsim deyildi məni idarə edən, istəsəm bunlara qarşı da dura bilərdim, bilirəm. Amma mən deyəsən xarabalıqları sevirdim deyə həyatımı da xərabə edəcək seçimlərə üstünlük verirdim.

Gələk Maria və Zenitə... hekayənin davamı belə idi...

“Ətrafa toplanan pərilər, mələklər, şeytanlar, hərə bir fikirdə, bir ümiddə idi. Şeytanlar iki aşiqin ayrılması və bir-birini unutması tərəfdarı idi. İblisin oğlu, bu güclü varisi bir pəriyə görə itirmək istəmirdilər. Onlar bir gün bu sehrli dünyanın sahibləri olmağın arzusundaydılar. Hələ sevgi bir yana qalsın, öz canlarını bəsit bir duyğuya görə itirmək fikri hər birinin beynini cin atına mindirmişdi. Pərilər və mələklər işıq pərisini bir şeytana layiq görmür, sevimli, mərhəmətli şəhzadəni itirmək istəmir, buna görə də elə birinci yolun məntiqli olduğunu deyərək şeytanlara haqq verirdilərsə də, içlərindəysə bu sevgini qorumaq üçün bir yol da axtarırdılar. Heç kim qarşı gələ bilməmişdi indiyə qədər bu qaydalara çünki. Heç bir sevgi titrətməmişdi yeri-göyü bu qədər.

Qərarsa nə şeytanların idi, nə mələklərin, nə də baş bilicilərin. Qərar paralel dünyanın Leyli və Məcnununda idi. Maria baxdı sevgilisinə gözlərindən nur damlaları axa-axa. Zenit... Dünyadakı hər kəsin ölümünə səbəb olmağa qadir, razı bu adam o damlaları gördükcə pərinin gözlərində canı bədənindən sökülürdü sanki. Sonra bir addım atdı və tutdu Marianın əllərini. Hər kəsin önündə varis kral diz çökdü şəhzadənin önündə...

“Mən sənə görə, sənin üçün ölməyə də varam. Amma səni... Səni unutmaq və bir daha xatırlamamaq... Mən yeni bir dünya yaradıb sənsizliyi məhv edəcəyəm. Mariam, Sən məni gözləyərsənmi?”

İndiyədək heç vaxt belə gözyaşı tökməmişdi bu xalq. Sanki bir kitabın finalındaydılar və sevimli obrazın ölümünə səbəbkar oxucuymuş kimi, hərkəsin boynu bükük, hərkəsin başı aşağı... Artıq yol bəlli idi... Onlar gedəcəkdi. Zenit sevgilisinin mavi gözlərini unutmaq fikri ilə razılaşa bilmirdi. Amma o an...”

 

Dəftəri bağlayıb axan gözyaşlarımı silib öz halıma güldüm. Bir uşağın yazdığı hekayəmi ağlatmışdı məni belə? Qalxıb bir çay dəmlədim özümə. Sonrakı cümlə “amma” ilə başlayırdı deyə içimdə bir ümid vardı. Reallıq payı olmayan hekayənin sonu uğruna gözyaşı axıdan özümə heyrətlə və axmaqmışcasına baxdım güzgüdə. Çayımı da götürüb masa arxasına keçmişdim.

 

“Amma o an başqa bir nəfər dilləndi. Maria... “Mən səni bir ömür gözləyəməyə da varam. Amma eyni səma altında sənsiz qala bilmərəm...” Bu lap dəlilik idi. Ölüm razılığı ediləcəyi heç kimin ağlına gəlməmişdi o ana qədər. Maria həsrətsiz ölümü, Zenit həsrəti gözə alaraq yaşamağı, yaşatmağı seçirdi. Zenit o an anlamışdı bu ayrılığın, bu uzaqlığın sevgilisinə ölümdən də betər olduğunu və onun əllərini tutaraq ölümə getməyi qərara almışdı.

Edam anı... İki ölümsüzün bütün xalqın önündə edamı. İyrənərək baxanlar kim, heyran olanlar kim... İndi İblis öz oğlunu və pəri qızını öldürməliydi zəhərli oxlarla. 2 ox, 2 cəsəd, 2 ruh... Oxlar dartıldı, hər iki vücud sarsıldı zərbədən. Axan gözyaşları, vah səsləri... Və yerdə iki qanlı vücud. Xalq qurtuldu... Xalq yaşayacaqdı...

Yox. Yaşamayacaqdı. Onların unutduğu bir şey var idi. Zenit qaranlıq idi, gecə idi. Amma Maria gündüz deyildi, Maria günəş idi. Maria gündüzü var edən, gecəyə işıq verən idi. Elə gecənin qaranlığının səbəbi o idi. Onun gücü, onun sehri ilə günəş fırlanırdı, zaman dəyişirdi. Və artıq günəş söndü. Nə gündüz vardı, nə gecə. Sehrli dünya yox oldu. Sevgini yox edənlər əbədiyyən yox oldu...”

 

Hekayənin sonu daha əfsanəvi idi. Maria və Zenit ölümsüzlüyü itirsə də, paralel dünyada, bizim dünyamızda birlikdə  yaşamağa davam edirlər. Bunların heç birini xatırlamadan, sanki həmişə sıradan iki insan olmuş kimi. Faciəylə bitmədi, amma tam xoşbəxt sonluq da deyilə bilməz buna. Belə... biraz düşündürdü bu hekayə məni. Sonra topladım cəsarətimi, bu səfər Həvva kimi Adəmin qərarlarına sığınmaq yerinə Maria kimi ölərək əbədiləşmək istədim bəlkə də və ona bir addım atdım. Bir mesaj... Əllərim titrəyərək göndərdiyim tək mesaj. Cavab nə oldu? Bilmirəm. Çünki mən bədənimi pərvanətək ölümə həbs etdim o gün. Bir stul, bir ip və bir mən...

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)