GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Dərviş Təbrizlidən “Gəlməz” şeiri Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Dərviş Təbrizlinin şeirlərini təqdim edəcək. 

Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə Təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı işıq üzü görübdür. 10 kitabdan artıq roman kitabını Azərbaycan  əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə Təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının yazarı və baş yazarıdır.
Bu gün şairin “Gəlməz” şeirini təqdim edirik.
 
 
GƏLMƏZ
 
Getmək zamanı gəldi, gedək durmağa gəlməz,
Dil susmalıdır, yox, daha söz sormağa gəlməz.
 
Döz, göz-gözə bir yolda doyunca baxa gözlər,
Həsrətlə çiyinlərdə boyun burmağa gəlməz.
 
Məndən sənə qoy bircə nişan qalsın əlində,
Qaytarma, o halqa daha heç barmağa gəlməz.
 
Boş sözlərə uydun sən özün, neynəsin özgə?
Təqsiri rəqibin nədi, yox vurmağa gəlməz!..
 
Yüz min dərəcə sifrdən azdır bu baxışlar,
Od sözlər ilə ağzımı yandırmağa gəlməz.
 
Əlcəkdə də əllər üşüyür, əl üz əlimdən,
Bum-buzdur əlin, əlləri dondurmağa gəlməz.
 
Dərviş, bu qədər eyləmə nisgil, sözü qurtar,
Hər bir gəlişin getməyi var, yormağa gəlməz.

“Ədəbiyyat və incəsənət”
(10.10.2023)