Ramiz Göyüş, yazıçı-publisist, “Ədəbiyyat və incəsənət” üçün
Məmməd Arazı düşünərkən həmişə xəyalımda şaxlı-buгdaqlı bir çinar ağacı canlanır. Bu assosiasiya bəlkə də onun ömürlük yaddaşıma hopmuş aşağıdakı misralardan qaynaqlanır:
Mən Arazda şaxələnən cinardım
Ömrü boyu tufan əydim, su yardım.
Xətainin qılıncını suvardım
Məmməd Araz karandaşı göyərdi
Xalq şairi Məmməd Araz Azərbaycan Xalqının ötən əsrin 50-ci illərində yetirdiyi və xalqımıza bəxş etdiyi azman poeziya bahadırlarından biridir.
Məmməd Araz poeziyası xalqın haqq hayqıran səsinin poetik ifadəsi və ya onun poeziyası xalqın haqq hayqıran səsidir. Onun yaradıcılığı çoxşaxəli və rəngarəngdir.
Məmməd Araz yaradıcılığında qələm yoldaşlarına həsr etdiyi məqalələr, onların yaradıcılığı haqqında çoxsaylı yazıları, ithaf şeirləri vardır. Onun klassiklərimizə - Nizamidən üzü bəri Fizuliyə, Nəsimiyə, Sabirə, müasirləri Rəsul Rzaya, Hüseyn Arifə, Tofiq Bayrama və başqalarına - yazıçılara, ziyalılara, müxtəlif sənət adamlarına ünvanlanmış və həsr olunmuş, məqalələri, təbrik məktubları və ithaf şeirləri vardır. Onlar arasında Səməd Vurğun obrazı ayrıca yer tutur.
Səməd Vurğun Məmməd Araz yaradıcılığında simvollaşmış obrazdır. O, Səməd Vurğuna xeyli sayda şeirlər və bir poema həsr etmişdir. Məqalələrində, yazılarında dəfələrlə söz açmış, onun haqqında xatirələr yazmış, müsahibələrində Səməd Vurğundan sitatlar gətirmiş, aforizmlərindən, şeirlərindən, çıxışlarından, xeyirxahlığından, səxavətindən misallar gətirərək böyük şairə, həm bir şair kimi, həm də bir ziyalı, vətənpərvər, xalqına və vətəninə vurğun bir vətəndaş kimi nümunələr gətirmişdir.
Məmməd Araz özünü Səməd Vurğun məktəbinin nümayəndəsi hesab edirdi və bir vətəndaş kimi, bir şair kimi formalaşmasında Səməd Vurğun şəxsiyyəti və yaradıcılığının mühüm rol oynadığını dəfələrlə qürurla etiraf etmişdi.
Şairin poeziya düşüncələrində başqa klassiklərimizlə yanaşı Səməd Vurğunun da adı qızıl həriflərlə keçir. Məmməd Araz deyirdi:“ Vətənin cazibəsində yaşayan, Vətəni cazibəsində yaşadan poeziya da var, sənət də var. Vətən sənətin –poeziya sənətinin əbədi beşiyi, əbədi ağsaqqal obrazı, əbədi qəhrəmanı, əbədi ağ yolu, Qalaktikasıdır. Vətən sərhəddinin əbədi keşikçisi-ayıq-sayıq əsgərinin biri də poeziyadır. Elə poeziya özü də Vətəndir. Mənim Vətənimsən Nizami müdrikliyi, Füzuli yanğısı, Sabir fırtınası, Vurğun əqidəsi”.
Bəs Məmməd Arazda Səməd Vurğuna olan bu böyük məhəbbət nədən və hardan qaynaqlanırdı?
Öz varlığı, qeyri-adi istedadı, zəkası, dünyagörüşü, yüksək intillekti, ünsiyyətcilliyi, xeyirxahlığı, cəsarəti, mərdliyi, səxavəti, himayədarlığı və saymadığım neçə yüksək mənəvi keyfiyyətləri və xarakteri ilə hamıdan seçilən, elə bu keyfiyyətləri ilə də mənsub olduğu xalqa hörmət, nüfuz və şöhrət gətirən, o zamankı Sovetlər İttifaqının ən görkəmli sənətkarları arasında böyük nüfuz və hörmət sahibi olan Səməd Vurğunun bu keyfiyyətləri və şöhrəti yenicə ədəbiyyata gəlmiş, ürəyi sözlə dolu Məmməd Arazın diqqətindən kənarda qala bilməzdi.
Səməd Vurğun az-az sənətkarlardan idi ki, hələ sağlığında əfsanələşmiş, xalqın sıravi fəhləsindən, kəndlisinə, ziyalısınadək insanların qəlbinə nüfuz etmişdi.
Böyük şair, elə uşaqlıq və yeniyetmə çağlarından Məmməd Arazın da iç dünyasına hakim kəsilmiş, oxuduğu Səməd Vurğunun “Dilican dərəsi” şeiri gənc Məmmədi vəcdə gətirmişdi: “ Məlum fikirdir ki, insan ürəyində ən böyük çevrilişlər heyrətdən yaranır. Uşaq da dünyanı heyrətlənə-heyrətlənə dərk edir. Sevgi gözəlliyə heyrətdən yaranır. Təbiət heyrətli işlərlə doludur, amma mənim üçün ən böyük heyrət sənət heyrətidir. Şeirə uşaqlıqdan marağım böyük olub. Bircə dəfə oxumuşam yadımda qalıb. Sabirin uşaq şeirlərini sevmişəm. Lakin bu sevgidən qələm almamışam. S.Vurğunun «Dilican dərəsi» şerindən heyrətlənib ilk yazını yazanda isə doqquzuncu sinifdə oxuyurdum”.
Bəlkə də Məmməd Arazın təhtəlşüurunda qalmış həmin şeirin havası altında indi dillər əzbəri olan “Əlvida, dağlar” şeiri yaranmşıdı və necə Səməd Vurğunun şeiri Məmməd Arazı vəcdə gətirib əlinə qələm alamağa sövq etmişdisə, Məmməd Arazın da bu şeiri çoxlarını vəcdə gətirərək şeir yazmağa sövq etmişdi:
Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar?-
Leysan salamat qal, yağ, salamat qal...
Səməd Vurğunu özünün sənət müəllimi hesab edən Məmməd Araz 1950-ci illərin əvvələrində Pedaqoji İnstitutda oxuduğu illərdə Səməd Vurğunla təmasları onda, böyük şairə qarış sevgi və məhəbbətini daha qabarıq büruzə verir. Məmməd Araz Səməd Vurğunun şəxsində, həm yaraddıcılıq baxımından, həm şəxsiyyət, həm davranış baxımından ümumiləşdirilmiş şair obrazı görürdü. Elə özünə də o tələbkarlıqla yanaşırdı.
Məmməd Arazın xatirələrindən belə aydın olur ki, O, Səməd Vurğunla birbaşa yaxın təmasda olmamış, yalnız müxtəlif ədəbi tədbirlərdə, görüşlərdə, şeir gecələrində, Yazıçılar İttifaqının iclaslarında yaxından görmüş, onun söhbətlərini, çıxışlarını dinləmişdir. Həmin görüşlərdə O, Səməd Vurğunu belə xatırlayır: “Səməd Vurğunu çox yaxşı xatırlayıram. Lap elə bil dünən görmüşəm. 1950-ci ildən 55-in axırlarına – yatağa düşənə qədər dəfələrlə şeir gecələrində, digər məclislərdə, xüsusi ilə, o zaman Natəvan klubunda çox qaynar keçən yığıncaqlarda... onu yaxından görmüşəm, çıxış və məruzələrini dinləmişəm. O qədər qeyri-adi, nüfuzedici, «qara, işıqla dolu» mənalı gözləri var idi ki. Güclü məntiqi vardı. Saatlarla danışsa belə, yəqin bir cümləsi dolaşmaz, bir sözü topuq vurmazdı..!”
Beləcə gənc şair Məmməd Arazı Səməd Vurğun şəxsiyyətinin, poeziyasının sehri özünə necə cəlb etdisə, məşhur “Mən tələsmirəm” şeirinin təsiri ilə o, Səməd Vurğuna xitabən, “Sən tələsmədin” şeirini yazır. Vurğunsevərlərin hər birinə məlumdur ki, lap erkən yaşlarından təlatümlərlə və keşməkeşlərlə dolu bir həyat yaşayan, həyatının son illərində “gödək ömrüm çox yaşadı” deyən şair, ömrünün sona çatdığnı dərk edir, lakin bununla barışmaq istəmirdi. Dostları xatirələrində yazır ki, hənin günlərdə Səməd Vurğun günbəgün qocalırdı. Belə bir zamanda O, məşhur “ Mən tələsmirəm “ şerini yazdı.
“Yer üstündə,insan yanında deyib-danışmaqdan doymayan” şair, hər bir anın ömrünü uzatmaq istəyir, vətəni gəzib dolaşmaq, onun gözəlliklərinə heyran olmaq üçün ovçuluğu özünə peşə çeçən şair ovçu dostuna müraciət edərək. :”Sən də ovçu dostum, tələsmə sən də” deyir.
“Demə ki, yorğunam, ya qocalmışam” - deyərək sevgilisilə bütün aləmi gəzmək, hər gülə, çiçəyə salam vermək, hər zərrəyə doyunca baxmaq istəyir. Və şeirin nikbin finalı:
Qoy dünya böyüsün, zaman uzansın,
Bir günün ərzində aylarla yansın.
Al Günəş üzündın nur yağa-yağa,.
Ömür kitabını tamamlamağa,
Çox da tələsməsin əlimdə qələm,
Mən tələsmirəm,Mən tələsmirəm!
“Mən tələsmirəm” ifadəsinin iki dəfə vurğu ilə təkrarı sanki aləmə səslənir, haray şəkir.
Məmməd Araz heyrət, həm də təəssüf hissi ilə Böyük Səməd Vurğunun bütün keşməkeşli və “gödək” ömrünü düşünərək 1956-cı ilin 12 mayında “Sən tələsmədin” şeirni yazdı. Bu o zaman idi ki, Səməd Vurğun ağır, sağalmaz xəstəlikdən yataqda yatır və ömrünün son günlərini yaşayırdı. Sanki Məmməd Araz şairə təsəlli vermək, onun ömrünü bir qədər də uzatmaq istəyirdi. Lakin onun gücü böyük şairin ömrünü uzatmağa deyil, bu şeiri yazmağa çatdı:
Qoy nəğmə deməyə bülbül tələssin
Gəzdiyi, gördüyü üç aydır, şair.
Sənin ki, kükrəyən ilhamın, səsin
Məcraya sığmayan bir çaydır, şair.
Gah oldu oylağın Göyəzən dağı,
Sözünlə açıldı Ayın qabağı .
Əsl bayramını, bayramqabağı,
Elədi görəndə gözəllər, səni..
Məmməd Arazın Səməd Vurğuna həsr etdiyi ikinci şeir-”Müqəddəs məzar”adlanır. Şeir böyük şairin vəfatının birinci ildönümü ərəfəsində, 1957-ci ildə yazılıb. Şeirin və onun hər bəndində, hər sətrində Səməd Vurğuna böyük məhəbbət və ehtiramı hiss edirsən. Şeiri oxuduqca Səməd Vurğunun “Unudulmuş tək məzar”ı yada düşür. Fikirlərimin təsdiqi üçün bəzi paralelləri gətirmək istəyirəm. Hər iki şeirdə qəbirstan və həmin qəbirstandakı qəbrlər təsvir olunur. Hər iki məzar “Səməd Vurğuna məxsusdur”. Diqqət yetirək, Səməd Vurğunun təsvir etdiyi məzar xəyali məzardır:
... Qoca bir az gülümsədi,
Sonra qəbrə baxıb dedi:
-Qafil, özün bilməyirsən?
Səninkidir o tək məzar...
Onu dövran verdi bada,
Çox danışıb az yazanlar,
Unudulur bu dünyada.
Məmməd Arazın da təsvir etdiyi məzar böyük şair Səməd Vurğunun məzarıdır. Onun Fəxri Xiyabandakı müqəddəs məzarı. Unudulmuş tək məzardan fərqli olaraq şairin ölümündən bircə il keçməsinı baxmayaraq ətrafı gül-çiçəyə bürünmüş bu məzar artıq müqəddəsləşib:
Əsir ilıq külək, mülayim külək,
Fəqət qasırğalar keçir sinəmdən.
Qəlbimdə çırpıntı, əlimdə çiçək
Müqəddəs bir qəbrə baş əyirəm mən.
Onun dövrəsində gül-çiçəyə bax
Deyirsən , əkilib iyirmi ildir.
Üstündə göyərən otların ancaq
Hələ bir yaşı da tamam deyildir.
“Nə baş daşı, nə adı, nə doğması, nə yadı, olmayan” “Unudulmuş tək məzar”dan fərqli olaraq “Müqəddəs məzar”ın ünvanı da var, adı da var, doğması da, sirdaşı da. Müqəddəs məzarın ətrafı daim gül-çiçəklə, insanla dolu olur:
Sanki ayaqlayıb ölümü bu an,
Hər gələn baş əyir bu böyük ada.
Şairi vədəsiz apardığından.
Elə bil utanır qəbirstan da.
Az qala lirik poema həcmində və məzmununda yazılmış - 14 bəndən ibarət “Müqəddəs məzar” şeirində müəllif böyük şairin həyat yoluna, xarakterinə, yaradıcılığına səyahət edir. Səməd Vurğunun qəhrəmanlarının, əsərlərinin, şeirlərinin adlarını çəkməklə və şeirə daxil etməklə onun həm şair kimi, həm də şəxsiyyət kimi obrazını yaradır. Şeirin sonuna yaxın Məmməd Araz Böyük şairin əbədi susmasına dərin təəsüfünü bildirməklə yanaşı, əsəri nikbin sonluqla tamamlayır və Vurğun şeirinin ölümə qalib gəldiyini, onun ölməzliyini poetik notlarla oxucuya təqdim edir:
Yox-yox xəzan görməz onun söz bağı,
Ölümə əl çalıb gülmək gərəkdir.
Vurğun şeiriyyəti, Vurğun torpağı
Bəlkə də yüz Vurğun yetirəcəkdir.
Qəlbi sükutdadır dayananların,
O qaxıb bu halı seyrə dalaydı,
Deyirəm kaş elə hər sənətkarın,
“Unudulmuş” qəbri belə olaydı.
Səməd Vurğunun fiziki yoxluğu Məmməd Arazın ona olan məftunluğunu nəinki azaldır, əksinə, getdikcə daha da gücləndirir. Şair yaşa dolduca, yaradıcılığı da onunla yaşa dolur, püxtələşir, ədəbi cameə ilə yaxından tanış olduqca yaxışnı pisdən, haqqı nahaqdan, ədaləti ədalətsizlikdən daha aydın ayırır, bunu şeirlərində tərənnüm edir. Ətafında, cəmiyytdə baş verən proseslərə mövqe sərgiləyir. Belə məqamlarda onun köməyinə yenə də onun şair dünyasında artıq qranitləşmiş Səməd Vurğun gəlir. Böyük şair məqalələrinin birində yazırdı:” S.Vurğunun ən böyük gücü ondaydı ki, o, zamanın dərin və mürəkkəb hadisələrini sənət kürəsinə “töküb əridərək” onları hamıya aydın, hamıya gərəkli və canlı poetik əsərlərə döndərirdi”, lakin Səməd Vurğunun fiziki yoxluğundan az keçmiş onu təftiş etməyə, inkar etməyə, ona qara yaxmağa, çirkab atmağa başladılar. Belə bir zamanda Səməd Vurğun barədə haqq səsini ucaltmaq üçün Məmməd Araz cəsarəti lazım idi. Şeir 1966-cı ildə “şöhbət” janrı formasında yazılmış və Səməd Vurğunun 60 illik yubileyinə həsr edilmişdir.
“Səməd Vurğunla söhbət” şeiri son dərəcə aydın, gərgin, ciddi, taleyüklü və heyrətamizdir. Bu şeir ədəbiyyatımızın, poeziyamızın həmin dövr və gələcək dövrlər üçün vəziyyəti və sabah üçün çağırışıdır, müəllifin nigarançılığının, narahtçılığının ifadəsidir. Bu çağırışla müəllif yenə də Səməd Vurğuna müraciət edir, onunla dərdləşir ondan sonra poeziyamızda baş verən proseslər barədə məlumat verir, ondan kömək istəyir.
Sən gəlmədin bu axşama, səsin gəldi,
Səsin bir az qulağıma həzin gəldi.
Sonra bir az nəfəsinə qüvvət gəldi,
Çox xəbislər elə bildi Səməd gəldi:
Ön sırada titrədilər,
Ön sırada büdrədilər...
Bu bircə bənd Səməd Vurğunun Azərbaycan poeziyasında mövqeyini müəyyənləşdirir.
Şeiri oxuduqca gənc şairin cəsarətinə heyran qalırsan. Səməd Vurğunun sağlığında onun “kölgəsində sürünənlər” indi onun vəfatından az müddət keçəndən sonra onun bədxahları, “nihilistlər” böyük şairin kölgəsini qılınclamağa, onu təftiş etməyə, qara yaxmağa başladılar:
Fəqət mənim deyəcəyim bunlar deyil,
Sənə məchul həqiqətdən sənə deyim .
Səndən sonra səni bir az silkələdik
Çox aradıq, çox çevirdik, çox ələdik...
Məmməd Araz, böyük şairin ətrafında, kölgəsində ömür sürənləri, riyakarları, ikiüzlü və nankorları şiddətlə qınayır və ittham edir:
Bəzisi də üzdə sənin tərifini dil-dil ötdü, Daldadasa, sağlığında min yol sənə dahi deyən,
Öz kölgəndə yallanaraq zingildəyən
Nankorları sapand etdi....
…Səndən sonra tənqid bir az yuxalıbdır,
Yaxşı-pisin çəki daşı yoxalıbdır...
…Nə gizlədim, həqiqəti şax deməyin
Doğru sözün “ səni”çatmır
Atmacalar gülləmizin “səni” çatmır...
Şeirin sonluğunda müəllif bir daha Səməd Vurğunun böyüklyüyünü poetik ifadələrlə aşağıdakı kimi təqdim edir:
Səndən sonra
Görüşlərin hərarəti sənsizləşib,
Kürsülərin cəsarəti sənsizləşib,
Ağsaqqallar səxavəti sənsizləşib!...
Mən saymadım sənsizləşib daha nələr,
Axı niyə sənsizliyi gizlədirlər!...
Səməd Vurğun haqqında yüzlərlə xatirələr, öçerklər, elmi-tənqidi məqalələr yazılıb. Süleyman Rəhimov, Mehdi Hüseyn, Hüseyn Arif, Bəxtiyar Vahabzadə kimi sənət korifeylərinin yaratdığı əsərlərinin baş qəhrəmanı Səməd Vurğun olmuşdur.
Xalq şairi Hüseyn Arifin Səməd Vurğunun həyat və yaradıcılığına həsr etdiyi "Yolda” poeması bu sarıdan ən qiymətli əsərlərdən biridir. Qeyd etmək lazımdır ki, poema işıq üzü gördükdən sonra ədəbi came tərəfindən böyük müzakirələrə səbəb oldu. Səməd Vurğuna böyük məhəbbəti olan Məmməd Araz da poemaya biganə qala bilməzdi: “Səməd Vurğun kimi böyük bir sənətkarın həyatını qələmə almaq, onun obrazını yaratmaq nə qədər şərəflidir! Lakin bu, şərəfli olduğu qədər də məsuliyyətli və çətindir. Əvvəla ona görə ki, S. Vurğunun ölümündən az bir müddət keçir, onun xitabət kürsülərini titrədən səsi hələ qulaqlarda, gülüşü dodaqlarda, saçlarının rəngi, gözlərinin dərin ifadələri, yerişi, hərəkəti xalqın yadındadır.”
Məmməd Araz Səməd Vurğun haqqında fikirlərini davam etdirərərk yazırdı: “S.Vurğun müasir mövzuları məharətlə qələmə alan, poeziyanın yüksək zirvəsində dayanıb bu günün mürəkkəb hadisələrinə sənətkar projektoru salan “böyük bir filiz yatağını ələyib almazı daşdan seçən” şair idi. İllər ötdükcə, ədəbiyyatımız xalqın həyatına daha da yaxınlaşdıqca biz S.Vurğunun gücünü daha çox hiss edirik. Ona müraciət edirik. Ondan kömək istəyirik....O, az ömründə çox yaşadı, müasir dövrümüzün ən müasir və böyük şairlərindən oldu. Bu mənada onun obrazını yaratmaq şairdən hünər istəyir”.
Və bu hünərdə Məmməd Araz da bulundu. Onun yazdığı yeddi poemadan biri-sonuncu poeması “Qayalara yazılan səs “ adlanır. Poema çox maraqlı və cəlbedici təsvirlə başlayır. Müəllifin dili o qədər şirin, bənzətmələri o qədər cəlbedicidir ki, poetik ifadələr oxucunu dərhal poemaya kökləyir, şair sanki şeir yazmır, sözlə rəsm çəkir:
Bir qayanın şiş ucuna qonmuşdu qartal -
Bir az sivri vəziyyətdə: top gülləsitək...
... Sürünü də, çobanı da beləcə sanki
Bir tabloya rəsm etmişdilər.
Alaseyrək qara xallı bir palaz kimi
Ağ sürünü boz yamaca mıxlamışdılar
Çoban neylə uyutmuşdu qayanı, daşı;
Döşdə sürü məst olmuşdu,
Dərədə duman...
Məmməd Araz bu poemada Səməd Vurğunun yeni obrazını yaratmışdır. Görkəmli tənqidçi və ədəbiyyatşünas, professor Vaqif Yusifli yazır: ” Poema Səməd Vurğunun xatirəsinə həsr olunub. Səməd Vurğun burada YADDAŞ OBRAZ kimi iştirak edir. O, qoca bir çobanın xatirəsindən, yaddaşından bir nur kimi, işıq kimi gəlir. Çoban şairlə söhbətini olduğu kimi xatırlayır və bu xatirədə Səməd Vurğun heykəlləşir, qayalaşır.
Əgər Məmməd Arazın 50-60-cı illərdə böyük şairə həsr etdiyi şeirlərində S.Vurğunun yoxluğundan doğan dərin bir nigarançılıq hissi, bu hissin yaratdığı emosional gərginlik diqqəti cəlb edirdisə, "Qayalara yazılan səs"də şairin ölməzlik ideyası qabarıqlaşdırılır. Çünki Səməd Vurğunun xatirəsi təkcə yaddaşlarda, ürəklərdə deyil, həm də təbiətin özündə, bulaqda, dağda, qayada, küləkdə yaşayır.”
Necə gözəl iifadə edib poemanın məziyyətlərini hörmətli Vaqif müəllim.
Çoban dedi: - Burda mənim muzeyim var,
Bu yana baxın,
Bulaq üstə qara daşa diqqətlə baxdıq: -
İri, köntöy hərflərlə həkk olunubdur:
“Səməd Vurğun su içibdir bu bulaqdan,
Sentyabr, 1952-ci il”.
Poemada Məmməd Arazın yaratdığı Səməd Vurğun , məhz Vaqif Yusiflinin dediyi kimi, yaddaş obrazı kimi təqdim edilir. Səməd Vurğun təkcə poeziyamızda, ədəbi məclislərdə, xitabət kürsüsündə alovlu çıxışları, qeyri-adi poetikası, tribunluğu ilə deyil, həm də qarış-qarış gəzdiyi, vətənimizin hər güşəsində, hər kəndində, hər evdə, ovçu məclislərində, sadə zəhmət adamları ilə görüşlərində etdiyi söhbətləri, məclisləri, səxavəti, xeyirxahlığı ilə yaddaşlara köçüb və xatirələrdə yaşayır.
Səməd Vurğundan söhbət düşəndə Məmməd Araz deyirdi: “Səməd Vurğun həqiqətən, qeyri-adi istedad idi. O həm də sadə və vətəndaş idi”. Məmməd Araz da məhz Səməd Vurğunun bu keyfiyyətlərindən yazır. Dağlar qoynunda məskən salmış ixtiyar bir çobanın qonağı olan Məmməd Araz onunla söhbətin üzərində qurduğu poemada Səməd Vurğunun sadə, səmimi və qeyri-adi xarakterini çobanın sözləri ilə ustalıqla oxycuya təqdim edir.
Poemanın hər sətri Səməd Vurğunun bütün xarakterini, bacarığını , istedadını oxucuya təqdim etməyə yönəlib, Müəllif çobanın sözləri ilə Səməd vurğunun ovçuluq məharətini , eyni zamanda onu ovçu sədaqətini, “Güllə atmamışdım bu səfərimdə, kəkliyi vurmadım, dedim oxusun. Günahı çox olub bu əllərin də, qaraquş sonuncu günahım olsun”, “İnsan öləndə də dağlarda ölə,Dönə bir zirvənin dənər qarına”, kimi ifadələri ilə Böyük şairi oxucuya olduğu kimi, həm də özü başa düşdüyü kimi tanıtmaq istəyir. Poemada Səməd Vurğunla Qoca çobanın dialoqu son dərəcə maraqlı notlarla təqdim edilir. Həmin diloqun bir parçasını maraqlı olduğu üçün oxucuya təqdim edirəm.
Bir de görüm: arağınan aran necədir?
Dedim: Sənin bulağınan aran necədir?
- Bir de görüm, hardan belə söz ehtiyatı?
- Bu dağlarda çox çapılıb Koroğlu atı,
Bizi təkcə dağ yaşatmır, saz-söz yaşadır,
Ta əzəldən qılıncımız sazla qoşadır.
Çoban söhbətini davam etdirdikcə Səməd Vurğunun ömrü, günü, həyatı, səhfə-səhfə varaqlanır, kövrəkl xatirələr yumaq kimi çözülür, oxucunu Səməd Vurğun dünyasına səyahətə aparır. Bu xatirələrdə Böyük şairin sadəliyi də, səmimiliyi də, etibarı da, vəfası da, sədaqəti də müəllif tərəfindən son dərəcə qabarıq, həm də kövrək notlarla təqdim ediilir:
Çobanlardan biri durub bu şeri dedi:
“Üstündən karvan yeriməz,
Sıxdı dumanların, dağlar.”
Özü şer oxumadı; yaşardı gözü.
Söz verdi ki: “gələn dəfə saz çallam özüm”...
…Dedim: bizə bəxşiş elə bir kitabını,
Dedi: Vallah, heç birisi yoxdu yanımda,
Ondan sonra tək bircə yol gəldi Muğana.
Qoca çobanın şair haqqında xatirələri bitib tükənmir: “Bir cüt çəkmə gətirmişdi qoca dostuna, bir də təzə qoşalülə - yağdaca durur. Çəkmə necə alınıbdı - eləcə durur, geyib qəbrə gedəcəyəm - vəsiyyətimdi...Ondan sonra bu dağlara yolu düşmədi, səsi gəldi, sözü gəldi, özü gəlmədi. Ondan sonra bu bulaqdan su içməmişəm, ondan sonra bulaq oldu - “Vurğun bulağı”, adını da bu qayaya özüm yazmışam, bu da mənim əsərimdi.
Biz gəlmişdik,
Gələn kimi kim düşdü yada? -
Bu dağların öz dilində danışan adam!
Bu dağların, bu daşların yaddaşı möhkəm,
Səbri ağır, cəbri ağır, qəzəbi ötkəm...
Kimi səslər bu el-oba?
Kimi oxuyar? -
Yaxına get, sual verib, özündən soruş.
Onu sevib, onu deyib, onu duyanlar
Onun qaya yaddaşına həkk olunurmuş...
Səməd Vurğun Məmməd Araz üçün ədəbi və milli meyar idi. Ancaq təkcə onun üçün yox elə bütün yaradıcılar üçün. Məmməd Araz deyirdi: ”Bəli, Azərbaycan poeziyasına gəliş həmişə çətin olmuşdur. Hünərin var ortaya çıx. Burada Nizami, Xəqani, Nəsimi, Füzuli, Vaqif, Zakir, Sabir , Aşıq Ələsgər, S. Vurğun meyarları var”. Ancaq təkcə sənətdə meyar deyildi, həm də şəxsiyyəti ilə meyar idi, Səməd Vurğun. Və Məmməd Araz özü də elə ustadı kimi həm sənətində, həm də şəxsiyyətində ədəbiyyatımızın və mənəviyyatımızın meyarı ola bildi.
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)