DÜNYA ƏDƏBİYYATI - Barbara Uolkerin “Dişi canavar” hekayəsi Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə       Biri ikisində layihəsində bu gün Tərcümə saatıdır, sizlərə Barbara Uolkerin yaradıcılıq nümunəsi təqdim ediləcək. “Dişi canavar” hekayəsini dilimizə Alsu çevirib. Olsun ki, bu, 93 yaşlı yazıçının azərbaycanlı oxucularla ilk görüşüdür.

 

Barbara Uolker ruhanilik, feminizm və mifologiyaya dair kitabları ilə tanınan amerikalı yazıçıdır. 1930-cu il, iyulun 2-də dünyaya gələn B.Uolkerin həm də toxuculuğa və sənətkarlığa dair kitabları var. Doğulduğu Pensilvaniya ştatında jurnalistika üzrə təhsil alan yazıçı 1970-ci illərdə zorakılığa məruz qalan qadınlara  kömək edən yerli Qaynar xətdə xidmət edərkən  feminizmlə maraqlanıb. Uolker təhsilini bitirdikdən sonra dinlərin müqayisəsi, mifologiya və feminizmlə bağlı araşdırmasını davam etdirib və bu, onun ən məşhur əsərlərini – “Qadınların miflər və sirlər ensiklopediyası”, “Qadınların ritualları”, “Tarotun sirləri: mənşəyi, tarixi və simvolizmi”, “Tac: yaşlı, hikmətli və güclü Qadın”, “Feminist nağıllar”ı yazması ilə nəticələnib. Amerika Humanist Dərnəyi 1993-cü ildə onu “Humanist qəhrəman” adlandırıb və 1995-ci ildə  “Tarix yaradan qadınlar” mükafatını alıb.  

 

 

                                     DİŞİ CANAVAR

                                          hekayə

 

Canavarlara sitayiş  Avropanın bütpərəst qəbilələrinin dövründən, onlardan bəzilərinin qurda müqəddəs totem kimi pərəstiş etməsindən başlayıb. “Qurd”un nəsil adı olaraq günümüzə gəlib çıxması bunu sübut edir. Qurd totemli qəbilələrin üzvləri canavar dərisi geyinir və canavarı imitasiya (təqlid) edən rəqslərlə ritual olaraq özlərini heyvan ruhlarına çevirirdilər.

Yunan mifologiyasında tanrı Zevsin də canavar formasına çevrilməsi təsvir edilir. Xristian hakimiyyətləri tərəfindən “şeytanlaşdırılan” canavara inam orta əsrlərdə likantropiya (qurda çevrilən insan) haqqında xurafatlara səbəb olur. Bu da  canavarları mənfi obraz kimi əks etdirən nağılların yaranmasına gətirib çıxarır. Daha dəhşətli, qorxunc canavar təsviri böyük ehtimalla hər hansı canavardan daha çox, insanlarda uşaqlıqdan  yaranmış iri, dişləyən it xofundan qaynaqlanır... Uşaqlığımdan bəri itləri çox sevirəm, ona görə də nağıllarda canavarların dəhşətli təsvirlərinə baxmayaraq, onlara heç vaxt qorxuyla baxmamışam. Maraqlı və ecazkar bir canlını niyə pisləyirsiniz? Canavar totemli qədim qəbilələrin üzvləri, yəqin ki, likantropiyanın sehrli bir transformasiya (çevrilmə) vasitəsilə insanların kəskin qoxu və eşitmə hissini, canavarın çevikliyini, gücünü və cəldliyini bəyənmişdilər. Bir canlının – canavarın bu qeyri-adi xüsusiyyətlərinə müəyyən paxıllıq, demək olar ki, bütün insan cəmiyyətlərində özünü göstərir...

 

 

Biri vardı, biri yoxdu, qızı Lupa ilə  kiçik bir fermada, balaca daxmada yaşayan kasıb, dul kişi vardı. Torpaq, demək olar ki, onlara lazımi qədər yemək vermirdi, tək ümid yeri inəkləriydi –   onları süd, yağ, pendir kimi qidayla təmin edirdi. Bu kişinin həyatda yeganə sevinci qızıydı, ən böyük arzusu da onun böyüməsini görmək idi. Atasının göz bəbəyi olan Lupa isə ağıllı, həm də mehriban bir qızcığazıydı.

Bir gün fəlakət baş verdi: inək xəstələndi və öldü. Artıq nə süd vardı, nə də pendir, yağ.  Dul kişinin nəinki təzə inək, heç bir-iki toyuq almağa da pulu yox idi. O, ölmüş inəyi kəsdi, ətini  qızı ilə köməkləşib doğradı, bu ət onları bir müddət tox saxladı. Amma inəyin əti qurtarandan sonra onların yeni məhsul üçün əkilmiş toxumlardan başqa, demək olar ki, heç nəyi qalmamışdı.

Kişinin mərhum arvadı bacarıqlı dərziydi və onun bir neçə qobeleni hələ də evdə qalırdı.  Lupanın atası onları zirzəmidən çıxardı. “Bunları anandan yadigar olaraq saxlamağı düşünürdüm” –  o, kədərlə qızına dedi:

– İndi isə bu qobelenləri satmaqdan başqa çarəm yoxdur. Sabah mən yaz əkininə başlamalıyam. Sən də bu əl işlərini bazara aparmalı və bacardığın qədər ən yüksək qiymətə satmağa çalışmalısan.

Ertəsi gün səhər tezdən Lupa qobelenləri də götürüb yola düşdü. Evlərindən mərkəzi bazara yol uzaq olduğu üçün o, bir neçə kilometr yol getməliydi. Yolda ikən hava tutqunlaşdı və şiddətli tufan qopdu. O, daldalanmağa bir yer tapmadığına görə dayanmadı və yoluna davam etdi. Hava sakitləşəndə Lupa tamamilə islanmışdı… Qobelenləri sıxıb sudan təmizləmək üçün çantasından çıxaranda dəhşətə gəldi: bütün rənglər bir-birinə qarışmışdı!.. Anası solmayan, rəngi getməyən boyalardan istifadə etmədiyi üçün qobelenlərin üzərindəki təsvirlər islanıb dağılmış, gözəlliklərindən əsər-əlamət qalmamışdı...

Başına gələnlərdən məyus olan Lupa çarəsiz halda yolun kənarına çöküb ağlamağa başladı. Dolanmaq üçün son şanslarını itirməkdən əlavə, anasının əmanəti olan əl işləri də artıq yox idi… Atasının ən çox buna kövrələcəyini bilən Lupa nə olur-olsun, bazara getmək qərarına gəldi. Məqsədi ya qobelenin kətanını satmaq, ya da bir parça çörək üçün dilənmək idi. Yolunun üstündəki meşədən keçəndə o, həzin ulama səsi eşitdi. Bir o qədər də uzaqdan gəlməyən bu səs ona öz kədərinin izharı kimi göründü... Qorxu hissini kədərindən unutmuş bu qızcığaz səsin sahibini axtarmağa başladı və sağ qabaq ayağından tələyə düşmüş, ağrıdan acı-acı ulayan boz, iri, sarı gözlü dişi canavarla qarşılaşdı.

“Ah, yazıq canavar”, – dedi təmizürəkli Lupa, – “Sənə kömək edə bilərəmmi?”                                                                       

Onun çox heyrətləndiyini görən canavar “məni bu tələdən xilas elə” – deyə yalvardı:

– Yuvamda körpələrim var. Mənsiz onlar məhv olarlar.

         Lupa qalın çubuq götürüb tələnin ağzını açdı və canavarın ayağını ordan çıxartdı. Daha sonra paltarından bir az cırıb canavarın yarasını şəfqətlə  sarıdı. Canavar yardımına, həyatını qurtardığına görə qızcığaza təşəkkür etdi və “balalarımla mən borcundan çıxmaq üçün həmişə hazırıq”, – deməyi də unutmadı. Lupa isə “təəssüf ki, mən o qədər pis vəziyyətdəyəm, heç kim mənə kömək edə bilməz”, – pıçıldadı və başına gələnləri, inəklərinin ölümündən tutmuş, qobelenlerə qədər hər şeyi canavara danışdı. Canavar ona bazara getməyi deyil, evə qayıtmağı məsləhət gördü və əlavə etdi:

– Narahat olma, hər şey yaxşı olacaq. 

Bunu deyərək ana canavar axsaya-axsaya, amma sürətlə uzaqlaşdı. Lupa çox təəccüblənsə də,  düşündü ki, danışan sehrli bir canavara etibar eləmək lazımdır. Atasının qobelenləri pis halda görməsini istəməyən Lupa onları meşədə torpağa basdırdı və əliboş evə qayıtdı. Atasına qobelenləri satdığını, lakin pulunun yolda oğurlandığını deyərək ağ yalan danışdı. Atası bütün gün işləmişdi, qızı kimi həm yorğun, həm də ac idi. Lakin onların yeməyə bir neçə toxumdan başqa bir şeyləri olmadığından qarınları quruldaya-quruldaya yatmağa getdilər. Gecə boyu hər ikisi meşədə canavarların səsinə tez-tez oyanırdılar. Səhər açılanda Lupa özünü hələ də yorğun hiss etdiyindən yerindən qalxmaq istəmirdi, amma qəflətən atasının qışqırığını eşidib onun  yanına qaçdı. “Bir  bax!” – atası ağlayaraq deyirdi: “Budur, qapının astanasında!”

Burada təzəcə kəsilmiş, kənarları cırıq-cırıq olmuş, sanki cəmdəyindən vəhşicəsinə parçalanmış iri bir maral əti parçası varıydı. Sevincək olan ata-bala dərhal ətdən doğrayıb bir neçə tikə qızartdılar və uzun müddət sonra ilk dəfə yaxşıca yeyib qarınlarını doyurdular.

Ertəsi gün isə həmin qapının astanasında kralın mühafizəçilərini görüb mat-məəttəl qaldılar. Onların arasındakı kapitan əlindəki qılıncın sapı ilə qapını döyərək qışqırırdı: “Qapını açın, qanunsuz ovçular!”

Lupanın atası tələsik qapını açdı: “Mən sadəcə yoxsul bir kəndliyəm. Siz səhv adamın dalınca düşmüsünüz”, – deyə yalvarmağa başladı. Kapitan daha da hiddətləndi: “Sən kral meşəsində kralın maralını ovlamısan! Boynuna al! Biz meşədən qan izi ilə bu qapıya gəlib çatmışıq”. Kapitanın əmri ilə mühafizəçilər daxmanın qapısından içəri keçib mətbəxdə, tavandan asılmış  maral ətini gördülər. Kapitan içəri nəzər salıb bunu görən kimi dedi: “Hər ikiniz həbs olunursunuz”.  Lupayla atası çox dil tökdülər ki, günahları yoxdur. Əti onların qapılarına hansısa “naməlum” bir varlıq qoyub desələr də, heç bir faydası olmadı. Elə daxmadaca onları tutdular, əli-ayağı bağlı halda mühakimə üçün kral sarayına apardılar.

Zindanda iztirablı, acınacaqlı gecə keçirdikdən sonra səhərisi gün ata və qızını sürüyərək kral və kraliçanın saray əyanlarının əhatəsində taxtlarında əyləşdiyi zala gətirdilər. Hətta əkiz körpə şahzadələr də beşiklərində kraliçanın taxtının yanında idilər. Qızılla bəzənmiş qara məxmər geyimli məmur zaldakı bütün cinayətkarlara qarşı ittihamları oxuyub sübutları təqdim etdi. Növbə Lupanın atasına gələndə o, bütün ittihamları inkar etdi və kral qarşısında diz çökərək günahsızlığını bildirdi. O, hadisəni belə izah edirdi ki, əti gecə saatlarında naməlum şəxs və ya şəxslər onun qapısının ağzına qoyublar... Kişinin bu hadisəni təkrar-təkrar danışması kralı bezdirdi. Təqsirləndirilən şəxs də izahının nə qədər zəif, əsassız olduğunu başa düşdü və utanaraq susdu. Amma kralın əksinə olaraq, kraliça bu məsələyə daha maraqla, həvəslə yanaşır, qıza və atasına diqqətlə baxırdı.

Lupa kraliçanın gözlərinin qeyri-adi, sarı rəngdə olduğunun fərqinə vardı. “Sən bu ikisi haqqında heç bir hökm çıxarma”, – deyə qətiyyətlə kraliça dilləndi, – “onları öz yanıma işə götürəcəm”. “Ancaq əzizim, qeyri-qanuni ovçuluğun cəzası edamdır”, – deyərək kral etiraz elədi. Lakin kraliça “mən də deyirəm ki, bu ata-bala edam edilməyəcək”, – dedi və əminliklə: “mühafizəçilər, onları mənim otağıma aparın!” əmrini verdi.

Beləliklə, Lupa və atası kraliça gələnədək onun otağında mühafizəçilərlə birgə gözlədilər. Kraliça gələn kimi onların qandallarını çıxartdırdı və sonra hamını otaqdan qovub ata-bala ilə tək qaldı. Lupa və atası onun qarşısında diz çökərək göstərdiyi mərhəmətə görə təşəkkür elədilər, o isə cavabında “Mən mərhəmətli deyiləm, sadəcə dürüst və vicdanlıyam. Mən borclarımı geri ödəyirəm. Keçən dəfə bunu eləyəndə sizin başınıza əlavə iş açdım, indi isə hər şeyi yoluna qoymaq mənim öhdəmə düşür”, – dedi.

Lupa qorxa-qorxa dillənib heç nə başa düşmədiklərini bildirdi. “Bu, tanış gəlir?” – deyə kraliça soruşdu. O, sağ qolunu, dirsəyindəki qanlı sarğını göstərdi. Lupa diqqətlə baxaraq paltarının parçasını tanıdı. “Kraliçamız dişi canavardır?” – Lupa heyrətlə pıçıldadı. “Bir də heç vaxt bu haqda danışmayacağıq. Sən, Lupa, mənim qulluqçum olacaqsan, atan isə kral bağbanı. O da çoxlu qızıl qazanacaq və yaxşı dolanacaq, sən də. Acınacaqlı günləriniz bitdi”. 

Kraliçanın sözlərini eşidər-eşitməz ata-bala sevinclə onun əlini öpdülər və bir də heç vaxt o kasıb daxmalarına qayıtmadılar, kral sarayında məskunlaşdılar. Lupa illər uzunu kraliçaya sədaqətlə xidmət elədi. Atası da kralın bağına qayğıyla yanaşdı və günlərin bir günü də baş bağban təyin olundu. Lupa anasının qobelenlərini basdırdığı meşəyə gedib onları  qazaraq çıxartdı, ucuz boyalarını yuyaraq təmizlədi və yenidən tikilməsi üçün saray dərzilərinin ən yaxşısına təhvil verdi. Nəticədə ortaya çıxan əsər onun adı ilə bütün dünyada məşhurlaşdı. İllər keçsə də, bu əsərlər milli muzeylərin vitrinlərində göz oxşayır…

İnsanlar o vaxtlar deyirmişlər ki, bəzi aysız gecələrdə Lupa və atası qəribə bir dəyişiklik keçirir və sarı gözlü, sağ qabaq ayağı yaralı olan iri, boz dişi canavarın başçılıq etdiyi vəhşi canavar sürüləri ilə birgə meşə boyu qaçırlar...

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)