Necə oldu ki, Vahid Əzizin məşhur “Mənə yüz il ömür arzulamayın” adlı şeiri yarandı? Featured

“Azərkitab” kitab mərkəzində xalq şairi Vahid Əzizin “Param parça illər” kitabının təqdimat mərasimi keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, şair Yusif Nəğməkarın apardığı tədbirə yazarlar və Vahid Əziz poeziyasının vurğunu olan oxucular toplaşmışdılar. 

Kitaba şairin Zəfər günü ovqatlı yeni şeirləri, eləcə də Qarabağ ağrısını əks etdirən illər öncə yazdığı şeirlər daxil edilib, kitab “Azərnəşr” nəşriyyatında nəşr olunub. 

Tədbirdə “Azərkitab”ın direktoru Sabir Həsənov, şairələr Adilə Nəzər, Ülkər Nicatlı, yazıçı Varis çıxış edərək Vahid Əziz poeziyasının bədii dəyərləri barədə söz açıblar, bu poeziyanın həm vətənpərvərlik, vətəndaşlıq, həm də sevgi qanadının mükəmməlliyindən bəhs ediblər.

Bəstəkar Könül Hüseynova Vahid Əzizin sözlərinə bəstələdiyi “Şuşam mənim” və “Şəhidlik zirvəsində” adlı mahnılarının yaranma tarixçəsindən danışıb. Tədbirə qatılan oxucular da öz ürək sözlərini söyləyiblər, şairin yaradıcılığından nümunələr gətiriblər, məşhur “Mənə yüz il ömür arzulamayın” adlı dillər əzbəri olan şeirini əzbər söyləyənlər də tapılıb. 

Tədbirin sonunda şair tədbirə qatılanlara minnətdarlıq bildirərək öz yaradıcılıq planlarını açıqlayıb, eləcə də “Mənə yüz il ömür arzulamayın” şeirini hansı şəraitdə yazdığını dilə gətirib. Məlum olub ki, 2008-ci ilin 7 iyununda mərhum müğənni İlhamə Quliyevanın 65 illik yubileyi törəninə qatılarkən bu şeir yazıbmış. Şair deyib:

-İlhamənin yubileyinə dəvət alanda düşündüm, ona nə hədiyyə aparım. Gül dəstəsimi? Ətirmi? Bəzək-düzək əşyasımı? Bunları təbii ki, müğənni dostları, rəfiqələri ondan əsirgəməyəcəkdi. Elə “nə aparım” düşüncəsinə qapıldığım halda da, bir də gördüm, birnəfəsə, üzünü belə köçürmədən yeni şeirim yarandı. 

 

Mənə yüz il ömür arzulamayın…

 

Mənə yüz il ömür arzulamayın,

Payız yarpağıtək qovmasın külək,

Gözlərim görsə də, ayağım, əlim,

Əsalıq olanda dayansın ürək.

 

Mənə "Yüz il yaşa!" deməsin dostlar,

Gülüşüm, yerişim, səsim itməsin.

Məndən cavan olan, gümrah olanlar,

Çiynimdə dünyadan köçüb getməsin.

 

Mənə yüz il ömür arzulamayın,

Bu qədər yaşayan hansı çiçəkdir?

Sən yaşda qalmırsa tay-tuşun, tayın,

Qurdla qiyamətə qalmaq deməkdir.

 

Mənə elə ömür arzulayın ki,

Ölüncə ümmantək çağlaya bilim.

Qapı-pəncərəni öz evimdəki

Özüm aça bilim, bağlaya bilim.

 

Sağlıqlar deyəndə hərdən şənimə, 

Nə özüm kövrəlim, nə sizə gülüm.

Tanrıdan bir ömür diləyin mənə,

Hər vaxt sevə bilim, sevilə bilim.

 

Taleyim sevgiylə baxsın üzümə;

Görsün yad payına şərik deyiləm.

Gərək olmayanda özüm-özümə,

Deməli, heç kəsə gərək deyiləm,

 

Mənə yüz il ömür arzulamayın,

Ləyaqət, təmiz ad atıb getməsin.

Dünyaya qalacaq malı dünyanın,

Karvanım lənətə batıb getməsin!

Mənə yüz il ömür arzulamayın...