“Zaman keçdikcə musiqi ruhun qidasından çox şounun mərkəzinə çevrilmişdir…” Featured

MUSİQİ BƏLƏDÇİSİndə Kubra Quliyevadır

 

 

Bəşər övladı cismdən və ruhdan ibarətdir. Bildiyimiz kimi cismimiz sağlam və gümrah  olmaq üçün qida tələb edir. Eynilə ruh da arınmaq və "doymaq" üçün qidalanmalıdır. Əfsuslar olsun ki, ətrafımızda cismini doydurub ruhunu ac qoyan saysız-hesabsız insan var. Elə isə nə etməli? Ruhumuzu ət, balıq, toyuq, kartof, çörək ilə doyurmaq mümkündürmü? Əlbəttə deyil. Ruhun qidası irfan, elm, incəsənət və onun bir qolu olan musiqidir. 

 

Musiqi-yunancadan tərcümədə insanın təəssüratlarını, hiss və ideyalarını ritmlə ifadə edən sənət nümunəsidir. Gün boyu insan qarışıq, durğun, yorğun, şən, yeri gələndə qəzəbli duyğularını təcəssüm etdirəcək ünsürə ehtiyac duyur və ruhunun dərinliklərindən gələn hisslər musiqi ilə fərahlıq tapır. Ümumilikdə klassik, lirik, pop, rok, caz və başqa növləri olan musiqi mədəniyyətin çox zəngin nümunəsidir. Müasir dövrdə musiqiyə olan ehtiyac və baxış aspektləri çoxşaxəli forma almışdır. Düşünürəm ki, zaman keçdikcə musiqi zövqü də daha çox səthiləşmiş və musiqi ruhun qidasından çox şounun mərkəzinə çevrilmişdir. Əlbəttə, zəmanə dəyişir və zövqlər müxtəlif olduğundan kiminsə qulaq zövqünə bir irad bildirmək doğru olmaz. Hal-hazırda musiqiyə əsas ehtiyac rep, pop yönündə olsa da, xalqımızın musiqi nümunələri çox zəngindir. Buna misal olaraq aşıq sənətini, muğamı, xüsusən xanəndələrimizin səsində canlanan segahı, çahargahı nümunə gətirə bilərəm. Bizə musiqidə səltənət bəxş edən Üzeyir Hacıbəylinin musiqi sənətindəki yerini unutsam və ya Rəşid Behbudovun-Nazəndə sevgilisini, Akif islamzadənin-Ala gözlüsünü, Sara Qədimovanın-Küsüb gedən yarını, Hamıdan gözəl olub danışmayan-Şövkət xanım Ələkbərovanı yaddan çıxarsam, yəqin ki, mənim də ruhum ac qalar..

Əziz oxucu, əgər bu rəyimi oxuyub bəyəndinsə sənə öz təşəkkürümü bildir və sənə kiçik bir musiqi nümunəsi hədiyyə edirəm:

https://youtu.be/0-8rBg__k4o?si=2ZGvh2sx3cjfqh3B

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2023)