Cavanşir Quliyev: “Mənə səhfimi desəydilər üzr istəyərdim…” Featured

TV-yə şərh rubrikasında bu dəfə maraqlı bir müsahibəyə toxunacağıq.

Bir neçə il xaricdə - Quzey Kiprısda yaşadıqdan, universitetdə dərs dedikdən  sonra vətənə dönən tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyev Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramına müsahibə verib. Vəsilə Vahidqızının müəllifi olduğu proqram İctimai TV-də də yayımlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Vətən uzaqda deyil” verilişində Cavanşir Quliyev xaricə köçməsinin səbəbləri ilə bağlı səmimi etiraflar da edib. Onun nitqindən bəzi seçmələri diqqətinizə çatdırırıq:

 

-Bütün cihazlar uzun zaman istifadədən sonra köhnəlir, sıradan çıxır. İnsan da elədir.

-Orta yaşlarda insanın başqa ölkəyə gedib həyatını yenidən qurması çox çətindir.

-Məni işdən çıxardılar, əsərlərimə qadağa qoydular. İşdən çıxarılmaq bir yana. Mən dostlara da deyirdim ki, çörəkpulu qazanmaq çətin deyil. Mən tar ifaçısı olmuşam. Tarı götürüb bir metro keçidində ifa edərdim, papağımı pulla dolduraradılar. Amma əsərlərimə qadağa qoyulması məni çox ağrıtdı.

-Adam bir səhv edəndə səhvini üzünə deyərlər, mənə də səhvimi desəydilər üzr istəyərdim, amma heç nə demədən sakitcə hər şeydən məhrum etdilər. Çıxış yolunu ölkədən getməkdə gördüm. 

-Hərdən rayonunuza - Şəkiyə gedəndə bir gün keşməmiş Bakıdan ötrü darıxırdım. İndisə birdən-birə illərlə məni Bakıdan ayrı

qoydular.

-Mən ömrüm boyu işləmişəm, qurulmuş saat kimiyəm.

-Mən həmişə inanırdım ki, sonda vətənə dönəcəyəm!

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)