Müğənni Floranın həkim Flora olduğu dönəmlər Featured

“Ədəbiyyat və incəsənət” portalı Cavid Zeynallının sevilən müğənnimiz, Xalq artisti Flora Kərimova barədə bir qeydini diqqətinizə çatdırır.

 

 

1973-cü ildə Flora Kərimova Əzizbəyov adına xəstəxanada təcrübəçi həkim işləyirmiş. 

Aprelin 20-də xəstəxanaya ağır vəziyyətdə hamilə qadın gətirirlər. Əməliyyat çətin keçir, deyirlər ki, uşaq ölü doğulub. 

Uşağın anası o günləri belə xatırlayır: "Həkimlərin içində gözəl bir qız var idi. Həmişə üzü gülürdü. Sonra bildim ki, adı Floradır. Şlank gətirdi. Bir ucunu yeritdi uşağın ağ ciyərinə. Suyu çəkib tökdü yerə. Bir az keçəndən sonra uşaq ağlamağa başladı. O, xilas olmuşdu.”

Flora Kərimovanın xilas etdiyi həmin uşaq bilirsiniz kim olub? 

Sonralar Azərbaycanın Milli Qəhramanı olan Samir Xasıyev. 

Samir əvvəlcə Dərnəgüldə tikinti batalyonunda xidmət edib. 1992-ci ildə könüllü cəbhəyə yollanıb. Füzuli, Ağdam, Ağdərə və Tərtərdə döyüşüb. 

1993-cü ildə qəhrəmanlığına görə müdafiə naziri şəxsən onun qoluna saat bağlayıb. Həmin il Azərbaycanda 5 müdafiə naziri dəyişib. Dəqiq hansı olub, bilmirəm. 

Tərtərdə əsgərlərimizi mühasirədən çıxardığına görə Samirə 10 min manat pul mükafatı və leytenant rütbəsi verilib. 

1994-cü ildə Gəncə qiyamına qarşı keçirilən əməliyyatlarda Samir fəal iştirak edib. 

1995-ci il martın 17-də Bakıda dövlət çevrilişinin qarşısını alarkən 21 yaşında qəhrəmancasına Şəhid olub.

Elə həmin il prezident Heydər Əliyevin fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb. 

Samirin işıqlı və əziz xatirəsinə ehtiramla!

Böyük sənətkarımız Flora xanıma uzun və sağlam ömür arzusu ilə.

 

“Ədəbiyyat və incəsənət”

(27.04.2023)