“Qızıl qlobus” mükafatının sahibləri məlum olub Featured

“Qızıl qlobus” kinematoqrafiya və televiziya müsabiqəsi qaliblərinin adları açıqlanıb. 

TASS xəbər verir ki, mükafatların təqdimetmə mərasimi bağlı məkanda keçirilib və nə televiziya vasitəsilə, nə də onlayn olaraq yayımlanıb.

“Kral Riçard” dramatik filminə görə “Ən yaxşı aktyor” adını Uil Smit, “Ən yaxşı aktrisa” adını isə “Rikardo olmaq” dramatik filminə görə Nikol Kidman qazanıb. “Komediya və ya müzikl janrında ən yaxşı aktrisa” nominasiyasının qalibi “Uest sayd əhvalatı” filmindəki roluna görə Reyçel Zeqler olub. “Ən yaxşı film” nominasiyası mükafatını rejissor Ceyn Kempionun (Yeni Zellandiya) çəkdiyi “Köpəyin hakimiyyəti”, “Ən yaxşı komediya və ya müzikl filmi” nominasiyası üzrə mükafatı Stiven Spilberqin “Uest sayd əhvalatı” əldə edib. Ceyn Kempion - “Ən yaxşı rejissor işi”, Kennet Branın tarixi “Belfast” dramı - “Ən yaxşı ssenari”, “Duna” filminə görə bəstəkar Qans Zimmer (Almaniya) - “Filmə bəstənilən ən yaxşı musiqi” nominasiyalarının qalibi seçiliblər.

Mükafatlandırma mərasimində, həmçinin “Ən yaxşı mahnı”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı əcnəbi dildə çəkilmiş film”, “Ən yaxşı televiziya seriyalı” və digər nominasiyalar üzrə qaliblər müəyyən olunub.

Ən yaxşı rejissor işinə görə “Qızıl qlobus” Ceyn Kempiona qismət olub

“Qızıl qlobus” mükafatı ilə təltif olunanların təqdimatını davam etdiririk. 

Yeni Zelandiyalı Ceyn Kempion ən yaxşı rejissor işinə görə bu mükafatla təltif olunub. 

Rejissor bu nominasiya üzrə mükafatı “Köpəyin hökmranlığı” (The Power of the Dog, 2021) filminə görə alıb. Ekran əsəri xaraktercə tam fərqli olan, Montana ştatında ranço sahibi  iki qardaş haqqındadır. Yaxşı və pis qardaşlar Şərlə Xeyirin əbədi mübarizəsini təcəssüm etdirirlər. 

Kempionun bu kateqoriya üzrə rəqibləri Stiven Spilberqin “Uest sayd əhvalatı” (West Side Story, 2021) və Kennet Branın (Belfast, 2021) filmləri olub.

 

Şəkildə:  “Köpəyin hökmranlığı” filmindən kadr