Stokholmda gənc azərbaycanlılardan ibarət “Tumurcuq” teatrının 3 yaşı tamam oldu Featured

Hər bir ənənə yaşatmaq meyli təkrarsızdır və gözəldir. Xüsusən, vətənpərvərlər bunu yabançı ölkələrdə edirlərsə.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 3 il əvvəl Sevinc Nəzərli başda olmaqla üç həmyerlimiz olan xanım İsveç Krallığında, Stokholmda “Tumurcuq” adlı teatr yaratdılar. Sevinc Nəzərli öz sosial media hesabında bu əlamətdar hadisədən bəhs edir, eyni zamanda, Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədovun 3 illik münasibəti ilə “Tumurcuq” teatrının fəaliyyəti ilə tanış olduğunu  bildirir.
Həmin görüşdə ölkəmizin zəngin mədəniyyətinin İsveçdə təbliği ilə məşğul olan "Tumurcuq" teatrının bədii rəhbəri Sevinc Nəzərli və digər yaradıcı heyət üzvləri teatrın hazırkı fəaliyyəti haqqında söz açaraq, qarşıdan gələn dövr üçün nəzərdə tutulan layihələrdən bəhs ediliblər.
Səfir Zaur Əhmədov isə öz növbəsində, qarşıdan gələn dövrdə İsveç ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi mədəniyyət və teatr sahəsində də əməkdaşlığın qurulub inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, İsveç teatr nümayəndələrinin Azərbaycana və Azərbaycanın sənət adamlarının İsveçə səfərlərinin təşkili və ümumən mədəniyyət sahəsində layihələr eləmək insanlarımız və mədəniyyətlərimiz arasında körpü rolunu oynaya bilər. Bunu nəzərə alaraq səfir, birgə tamaşaların səhnələşdirilməsi kimi layihələrin vacibliyini diqqətə çatdırıb.
"Tumurcuq"...
Yazın ilk carçısı, xoş çiçəklərin açacağına,  gələcəyə ümiddir tumurcuq. Gül, yarpaq və ya zoğun rüşeymi məhz tumurcuqdur. Ən böyük ağaclar, ən gözəl çiçəklər tumurcuqdan törəyər.
Üç qadın boş əllə,  amma ağır zəhmətlə, gələcəyə böyük ümidlə, öz işlərinə böyük və sonsuz sevgi ilə yaratdı İsveçdə Azərbaycan ətirli "Tumurcuğ"u - “Tumurcuq” Teatrını. 2018-ci ildə ilk dəfə Avropada Azərbaycan Dram Teatrını böyük zəhmət hesabına ərsəyə gətirdi Sevinc Nəzərli. Teatrı yaratmaq təklifini Stokholmda fəaliyyət ğöstərən Türk Teatrının bədii rejissoru Burcu Ada Soysop verdi, ilk dəfə səhnəyə də onların dəstəyi ilə çıxdı Sevinc xanım. Teatrın bütün maliyyə xərclərini öz şəxsi büdcəsindən ödədi. Məşqlər üçün İsveç dövləti ona şəhərin mərkəzindəki Milli Teatrda yer verdi...
Bu gün o tumurcuqdan gözəl çiçəklər açıb, şümal zoğlar əmələ gəlib.
3 yaşın mübarək, "Tumurcuq"!
Tumurcuqlarınız çiçək açsın, İsveçdə daimi Azərbaycan baharı olsun!