Sumqayıtda kitabın zəfəri - Nərgiz Cabbarlı yazır Featured

 

Azərbaycanda, nəhayət ki, kitaba yanaşmada yeni bir münasibətin, daha dəqiqi, münasibət dirçəlişinin şahidi olmaqdayıq. Son zamanlar ard-arda keçirilən (və rəqabəti ilə yadda qalan!) kitab satış-yarmarkalarının sırasına bu dəfə paytaxtda yox – Sumqayıtda baş tutan kitab sərgisi də əlavə edildi. Və ən əsası, bu, dövlət tərəfindən deyil, ictimai təşkilat – “Azərbaycan Nəşriyyatları” İctimai Birliyi tərəfindən təşkil edilmiş yarmarka idi. Deməli, artıq bir çox mənada bir addım irəli doğru hərəkət deməkdir.

 

Kitabla bağlı olsa da, iki gün davam edən təbirlərə imza günlərinin, rəsm və əl işləri satış-sərgisinin, şeir saatlarının da olduğu əsl Kitab Bayramı da deyə bilərəm. Və açığı, hiss edirəm ki, ilk dəfədir, bunu belə ürəklə “bayram “adlandıra bilirəm. Çünki sözün əsl mənasında, təşkil edilmiş bir yığnağın deyil, könüllü axının şahidi oldum. Halbuki bu məsələdə təşkilatçılığın, hətta lazım gəldikdə şagird, tələbə, müəllim qruplarının sərgilərə sistemli göndərilməsinin tərəfdarıyam. Bu da bir estetikadır, mədəniyyətdir, vərdişdir və onun da cəmiyyətdə əsasının qoyulması, inkişaf etdirilməsi lazımdır, mütləqdir!

 

Təşkilatçılar oxucu marağını çox dəqiq hesablanmış bir şəkildə yönləndirə, bundan kitab adına, sərgi adına yararlana bilmişdilər. Necə?  Sərginin keçirildiyi hər iki gün səhərdan axşama olmasa da, bir neçə saat sərgidə oldum. Kitab satışı vardı. Bu başqa. Alıcı da vardı. Bu da başqa. Amma əsas olan bu deyildi. Əsas olan maraq idi (Cəmiyyətdə, gənclikdə, oxucuda, dinləyicidə nəyə maraq olduğunu müşahidə etmək özü çox qeyri-adi prosesdir!). Və bu maraq, nəhayət ki, açıq şəkildə görünməyə başlamışdı.

 

Təşkilatçıların bu marağı yönləndirməsinə gəlincə... Xalq yazıçısı Çingiz Abdullayevi sərginin lider yazıçısı oldu. Çünki istər onunla görüş, istərsə də imza mərasimi çox qələbəlik keçdi. Hətta o dərəcədə ki,  içəridəki sıxlığın qarşısını almaq üçün Çingiz Abdullayevin imza mərasimi həyətdə davam etdirildi.

 

Amma tək o deyildi. Millət vəkili Qənirə Paşayeva, yazıçılar Varis, Elxan Elatlı aşıb-daşan oxucu sevgisinin, imza maraqlısının arasında qalmışdı. Sevinc Nuruqızının “Melisa”sı yenə də balaca oxucuların əllərində idi. Və ən maraqlısı, bu oxucular üçün Şəmil Sadiqin ideyası ilə döşənmiş xalçalar, mütəkəllərlə bəzədilmiş milli “oxu otağı”nda (bunu Hədəf liseyndə də görmüş, çox bəyənmişdim. Çünki uşaqların kitab oxusuna olan marağına başqa bir estetik zövq qatırdı) müəllifin öz kitabını oxuması oldu.

 

“Hədəf”in “zəka küpü” olan şagirdlərinin öz əl işlərini, eksperimentlərini nümayiş etdirməsi isə sərgiyə bir başqa ab-hava qatmışdı. Başqa imza günləri də oxuculardan yayınmırdı. Amma mənim xüsusi olaraq diqqətimi çəkən iki amili paylaşmaq istərdim.

 

Oxucuların şeir sevgisini. Bir də gənclərin təlimlərə qatılmaq, öyrənmək, biliklərə sahib olmaq istəyini. Məsələn, Orxan Şahbazın “Kitab bizim nəyimizə lazımdır” təlimində oxucu marağı, dinləmə mədəniyyəti, debat və fikir mübadiləsi bir başqa idi... Amma düşüncə etibarilə çox inkişaf etmiş, fikirlərini səlis şəkildə ifadə edən, orijinal düşüncə sahibi olan gənclərimizi dinləmək bir başqa təəssürat idi. Sadəcə, qürur duydum.

 

Oxucunun-dinləyicinin (elə özümün də) Səlim Babullaoğlunun iki mədəniyyətin (Şərq və Qərb), iki estetikanın  qovuşağını, sintezini əks etdirən şeirlərini necə həssaslıqla, maraqla dinlədiyinin şahidi oldum. “Parlaq imzalar” nəşriyyatının təşkilatçılığı ilə Səlim Babullaoğlu və Əkbət Qoşalı ilə keçirilən şeir saatı bir çox bu yönlü tədbirlərdə olduğu kimi, hansısa suallarla, əlavə çıxışlarla zənginləşdirilmədən, sözün əsl mənasında, şeir saatı oldu. Və ən əsası, dinləyici özü şeiri dinləmək istəyirdi. Ürəklə, zövq alaraq.

 

Eyni ilə İntiqam Yaşarın, mid Nəccarinin, Fuad Cəfərlinin şeirlərini də maraqla dinləyənlər vardı.Təşkilatçılar kitab alanlara dostluq şarjları çəkdirməklə, şeir ifaları üçün canlı musiqi müşayiəti təşkil etməklə də maraqlı anlar bəxş etməyi bacardılar.

 

Yekun olaraq Daş Kitabə mukafatının uzun illər həyatını kitab təbliği və yayımına həsr etmiş Xan Rəsuloğluna verilməsi sərginin özünəxas bir akkordu oldu. 20 il əvvəl Altun Nəşriyyatı– Rafiq İsmayilov tərəfindən təsis edilmiş və son dəfə elə o zaman Tərlan Qorçuya təqdim edilmiş mükafat bu qədər fasilədən sonra kitabçılıqda fədakar xidmətlərinə görə təqdim edilərək öz layiqli ünvanını tapdı.

 

Təəssüf ki, sərgini başdan-sona izləmək nəsib olmadı. Amma bu saatlar belə ondan zövq almaq və sevinmək üçün yetərli idi. Sərgi bəlkə paytaxtda, mərkəzdə keçirilsə və ona bu qədər maraq göstərilsəydi, belə bir nəticəni bəyənsəm də, məni bu qədər həyəcanlandırmazdı. Paytaxtdan kənarda isə bu, həqiqətən, böyük uğurdur və onun göstəricisidir ki, hətta ən ucqar yerlərdə belə bu cür sərgilərin olması vacibdir.  

 

Bir sözlə, Zəfər bayramına həsr edilən I Sumqayıt Kitab Sərgisi kitabın da zəfəri oldu. Və bu zəfərin sevincinə təşkilatçılarla, imza  günü olanlarla birlikdə hamımız şərikik.

 

 

Fotolar AZpress.AZ video-foto informasiya agentliyinindir