Kitab nəşrinin vəziyyəti müzakirə obyekti olub

 

Fevralın 7-də Milli Kitabxanada Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın Kitab nəşri və Ədəbiyyat işçi qrupu Azərbaycan Nəşriyyatları Assosiasiyasının idarə heyətinin üzvləri ilə birgə “Müasir dövrdə  ölkədə kitab nəşrinin vəziyyəti və qarşıda duran vəzifələr” adlı müzakirələr keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müzakirələrdə Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov, sədrin müavini Şahin Qədirov, İctimai Şuranın üzvü Rauf Zeyni, Kitab nəşri və Ədəbiyyat işçi qrupunun rəhbəri, yazıçı Varis, Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri, “Hədəf” şirkətlər qrupunun rəhbəri Şəmil Sadiq, Azərbaycan Nəşriyyatları Assosiasiyasının üzvü, “Altun Kitab” Nəşriyyatının rəhbəri Rafiq İsmayılov, Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədr müavini, “Parlaq İmzalar” Nəşriyyatının direktoru Nurman Tariq, Azərbaycan Nəşriyyatları Assosiasiyasının üzvü, “Qədim Qala” Nəşriyyat Evinin icraçı direktoru Şöhlət İxtiyaroğlu iştirak ediblər.

Ölkə nəşriyyatlarının hazırkı durumu, nəşriyyat-yazıçı, nəşriyyat-mətbəə, nəşriyyat-kitab satışı şəbəkəsi arasındakı münasibətlərin tənzimlənməsi, kitab sərgilərinin və yarmarkalarının keçirilməsi, piratçılıq və plagiatçılıqla mübarizə, keyfiyyətsiz, oxucu zövqünü korlayan ədəbiyyatın dərci ilə mübarizə yolları müzakirə obyekti olub.

Çıxışçılar Mədəniyyət Nazirliyinin yeni komandasının ölkənin kitab industriyasındakı qüsur və nöqsanların aradan qaldırılması yolunda səmərəli fəaliyyətindən ruhlandıqlarını, gündəmdə dayanan bütün problemlərin tezliklə həll olunacağına inandıqlarını ifadə ediblər.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın Kitab nəşri və Ədəbiyyat işçi qrupunun məqsədi Mədəniyyət Nazirliyinin kitab nəşri işinin tənzimlənməsi, ədəbi istedadların üzə çıxarılması, onların dərcinə kömək etmək kimi məsuliyyətlərinə yardımçı olmaq, bu sahələrdəki boşluqların doldurulmasına, nöqsanların aradan qaldırılmasına kömək etməkdir.