İstedadlı gənclərə dəstək olmaq lazımdır ki, mədəniyyət inkişaf etsin Featured

 

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı barədə qeydlər

 

Dünən axşam saatlarında Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın 2022-ci ilin planlarına, işçi qruplarının yaradılmasına dair toplantısı keçirilib. Toplantıda Mədəniyyət Nazirliyinin rəsmiləri də iştirak ediblər.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın cari ildə reallaşdıracağı işlərlə bağlı geniş məlumat verilib və fikir mübadiləsi aparılıb.

İctimai Şuranın sədri Gəray Əlibəyov şuranın tərkibində fəaliyyət göstərən işçi qrupları barədə məlumat verib.

Bildirib ki, ictimai şuranın tərkibində 4 işçi qrupu fəaliyyət göstərir. 

Bir işçi qrupuna Xalq artisti Vidadi Həsənov rəhbərlik edir və bu işçi qrupu Azərbaycanda fəaliyyət göstərən özəl teatrlarının fəaliyyətinə dəstək olur və özəl  teatrları festivalının təşkili ilə məşğul olmaqdadır.

Digər bir işçi qrupuna tanınmış aktyor və bədii qiraətçi, Əməkdar artist Azad Şükürov rəhbərlik edir. Bu işçi qrupu sənətə marağı olan gənclərə ustad dərsləri keçəcək. 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədlinin rəhbərlik etdiyi üçüncü işçi qrupunun fəaliyyəti maddi mədəni irsimizlə bağlıdır. 

Beynəlxalq əlaqələr adlanan dördüncü qrup isə Əməkdar incəsənət xadimi, musiqişünas Cahangir Səlimxanovun rəhbərliyi altında fəaliyyət göstərir. 

İclasda çıxış edən Azad Şükürov deyib ki, o, Mədəniyyət və İncəsənət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və digər qabiliyyət yönümlü təhsil ocaqları ilə danışıqlar aparıb. Qeyd edib ki, qrupun məqsədi regionlardakı istedadlı gəncləri üzə çıxararaq, onların mədəniyyət və incəsənət sahəsində təhsillərinə yardımçı olmaqdır. Həmçinin o, bölgələrdə  mədəniyyət xadimləri ilə yerli əhalinin görüşlərini keçirməyi də məqsədəuyğun sayıb. “Biz istedadlı, qabiliyyətlı gənclərə dəstək olmalıyıq ki, bütövlükdə mədəniyyətimiz inkişaf etsin”, - deyə Azad Şükürov fikrini tamamlayıb.

Günel Seyidəhmədova tarixi abudələrin mühafizəsinin mövcud vəziyyəti barədə çıxış edib, baxımsız qalmış və dağılmaq üzrə olan abidələrə diqqət yönəldib. 

Cahangir Səlimxanov mədəniyyət sahəsində beynəlxalq əlaqələrin qurulmasında prioritet məsələlərdən bəhs edib. 

Milli Məclisin deputatı Fazil Mustafa mədəniyyət sahəsində bir sıra problemlərin olduğunu diqqətə çatdırıb. İctimai Şuranın fəaliyyətinin bu problemlərin aradan qaldırılmasına təkan verəcəyinə ümidvar olduğunu bildirib.

İctimai Şura sədrinin müavini Əkbər Qoşalı ictimai şuralar barədə dövlət siyasətinin məğzi ilə bağlı çıxış edib, fəaliyyət zamanı vacib olan ictimai nəzarət faktorunu diqqətdən kənarda qoymamağı vacib sayıb. 

İctimai şura sədrinin müavini Şahin Qədirov, şura üzvü Rauf Zeyni, ekspert Elçin Alovlu da müzakirə olunan məsələlərə münasibət bildiriblər. 

Tədbirə dəvət almış Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bu iki qurum arasında fəaliyyətin koordinə edilməsi barədə təkliflərini səsləndirib. 

Mədəniyyət Nazirliyinin şöbə müdiri İsmayıl Əbdüləzimov çıxış edərək şura tərəfindən irəli sürülən təkliflərə münasibət bildirib: “İctimai şura ilə birgə əməkdaşlıq problemlərin həlli yollarının tapılmasına kömək ola bilər. Vətəndaşlar bizim birgə fəaliyyətdən yararlanmalıdırlar. Bütün işimiz vətəndaş yönümlü olmalıdır. Faydalılıq artdıqca problemlər də azalacaq. Biz İctimai Şuranın həll yönümlü təkliflərini dinləməyə hazırıq. İnanıram ki, qarşılıqlı əməkdaşlıq nəticəsində birgə problemlərin öhdəsindən gələcəyik”.

Yazıçı Varis Yolçiyev öz çıxışında mədəniyyətin bir qolu olan ədəbiyyatın diqqətdən kənarda qalmaması üçün kitab nəşri və ədəbiyyat üzrə də bir işçi qrupunun yaradılması barədə təklif verib, ictimai şuranln sədri Gəray Əlibəyov bu təklifi dəstəkləyib, Kitab və Yaradıcılıq üzrə işçi qrupunun yaradılması qərara alınıb. 

Sonda toplantı üzvləri fikir mübadiləsi aparıblar. 

Mədəniyyət Nazirliyi yanında İctimai Şura qısa müddıtdə həqiqətən böyük uğurlara imza atıb. 2022-ci ildəki hədəflər belə deməyə əsas verir ki, ölkə mədəniyyətinin çiçəklənməsi üçün fədakar ictimaiyyətçilər bir araya gəliblər.