Matriarxat! - Beynəlxalq Buker mükafatının qısa siyahısı heyranlıq doğurur və həyəcan verir Featured

“Ədəbiyyat və incəsənət” portalı The Guardian nəşrinə istinadən dünyanın ən nüfuzlu ədəbiyyat mükafatlarından sayılan Beynəlxalq Buker mükafatının qısa siyahısı barədə icmalı dərc edir. Materialı birbaşa mənbədən Murad Yolçuyev tərcümə etmişdir. 

 

Tərcümə edilmiş bədii ədəbiyyat üzrə 50.000 funt-sterlinq mükafata son iddiaçıların altısından beşi qadındır - Nobel və Buker mükafatları laureatı, polşalı Olqa Tokarcukun (Olga Tokarczuk) ikinci dəfə Buker qalibi olacağı mümkündür. 

Olqa Tokarcukun Məsih olduğunu iddia edən bir adam haqqında yazdığı dastanından Getanjali Şrinin (Geetanjali Shree) yeni həyat yolu tapan dul qadın nağılına qədər mövzu rəngarəngliyi nümayiş etdirən qadın yazıçılar builki Beynəlxalq Buker mükafatının qısa siyahısında əksər yerləri tuturlar. Tərcümə üzrə nüfuzlu bədii ədəbiyyat mükafatı uğrunda mübarizə aparan altı kitabdan beşi qadınlar tərəfindən yazılmış, üçü də qadınlar tərəfindən tərcümə edilmişdir. 

Xatırladaq ki, Beynəlxalq Buker  mükafatı ingilis dilinə tərcümə edilmiş "dünyanın ən yaxşı fantastikası" janrı nümunəsinə verilir və müəllif və tərcüməçi arasında bərabər bölünən 50.000 funt sterlinq pul mükafatından ibarətdir. Münsiflərin sədri, irlandiyalı yazıçı və tərcüməçi Frank Vinnin (Frank Wynne)  dediyinə görə 135 iddiaçının kitabını oxuduqdan sonra münsiflər altı müxtəlif dildən altı ümumi başlıq seçirlər ki, onların hamısı “insan təcrübəsinin sərhədlərini və limitlərini araşdırır”. 

"Münsiflər heyəti olaraq biz çoxlu qeyri-adi kitablar oxumaqdan həzz alırıq" deyə Vinn bildirir. “Onların arasından qısa siyahını təsdiq etmək çətin və bəzən ürək ağrıdan olur.” 

Vinnin münsif yoldaşları Merve Emre, Petina Qappah (Petina Gappah), Viv Qroskop (Viv Groskop) və Ceremi Tianq (Jeremy Tiang) ilə birlikdə seçdikləri adlar "dünyanın hər guşəsinin ədəbiyyatına diqqət yetirməyə” imkan verir.

"Ancaq onların hamısı fantastikanın sonsuz ixtiraçılığının sübutu olan şiddətli və nəfəs kəsən orijinallığı bölüşürlər” - deyir Vinn. 

Nobel mükafatı laureatı Tokarcuk və onun tərcüməçisi Cennifer Croft  2018-ci ildə “Uçuşlar”a görə Buker mükafatını qazanmışdılar. Onların indi 900 səhifəlik “Yaqubun Kitabları” üçün ikinci qalibiyyət şansı var. Vinn bu kitabı Bayenin “Qobelen”i ilə müqayisə edib, onun möhtəşəmliyi belədir – “amma yəqin ki, bir mil yarım daha uzundur”. 

Bu arada Şri və onun tərcüməçisi Deysi Roksvel (Daisy Rockwell) tərəfindən yazılmış “Qum Türbəsi” mükafatın 17 illik tarixində qısa siyahıya düşən ilk hindistanlı  kitabıdır. Münsiflər onun “daim dəyişən perspektivlərini və vaxt çərçivələrini” tərifləyərək, bunu “yüksək və qarşısıalınmaz” adlandırıblar.

“Yaqub Kitabları” və “Qum Türbəsi”, eləcə də Bora Çunqun "Lənətlənmiş Dovşan"ı, Koreyadan Anton Hurun yazdığı “Səmalar” - yeniyetmə zorakılığı haqqında heyranedici nağıl, Mieko Kavakami tərəfindən yazılmış, yapon dilindən Samuel Bett və David Boyd tərəfindən tərcümə edilmiş "janra zidd" qısa hekayələr toplusu - hamısı bir-birindən maraqlıdır. 

Münsiflər “Səmalar”ı Nitsşenin əxlaqla bağlı tənqidini həyata keçirmək üçün məktəb zorakılığı hekayəsindən istifadə edən “intensiv, klostrofobik bir roman” adlandırıblar. 

Münsiflər eləcə də “Sam Bett və David Boydun tərcüməsinin gücü onun həm Mieko Kavakaminin mücərrəd, fəlsəfi fikirlərini, həm də onun dəhşətli insan dramını çatdırmaq bacarığındadır” deyiblər.

Bu sıranı tamamlayanlar isə bunlardır: Yelena Knovs (Elena Knows) və Klaudio Pineyronun (Claudia Piñeiro) yarım-cinayət romanı, Françes Riddl tərəfindən ispan dilindən tərcümə edilmiş qismən əxlaq nağılı və Damion Searls tərəfindən Norveç dilindən tərcümə edilmiş Jon Fossenin “Yeni Ad: Septologiya VI-VII” romanı. 

Hakimlər Fossenin “Septologiya” seriyasının son hissəsinin "incəsənəti, ölümü və Tanrı ideyasını geniş, zərif bir lütflə birləşdirdiyini" söyləyir. 

Həmişə olduğu kimi, qısa siyahıda müstəqil nəşriyyatlar üstünlük təşkil edir. “Qum türbəsi” və “Lənətlənmiş Dovşanı” nəşr edən Tilted Axis və Honford Star bu il ilk dəfə olaraq mükafata namizəd olublar. Bu il həm də ilk dəfə münsiflər heyətinə tərcüməçi sədrlik edir.

“Tərcümə sərhədləri, mədəniyyətləri və dilləri aşan intim, mürəkkəb rəqsdir. Mükəmməl yazıçı və tərcüməçi cütlüyünü kəşf etməyin heyranlığı və həyəcanı ilə müqayisə etmək üçün çox az şey var” deyir Vinn. O, mühakimə prosesinin bəzən “əzabverici” olduğunu etiraf etsə də, 60 illik yubileyi ilə eyni gündə qısa siyahı elan etməsinin “aldığı ən yaxşı hədiyyə” olduğunu söyləyir.

2022-ci il mükafatının qalibi mayın 26-da elan olunacaq. “Ədəbiyyat və incəsənət” portalı təbii ki, sizi yenə də məlumatlandıracaq.

Qapaq fotosunda Olqa Tokarcuk və onun Bukerə iddialı kitabı.

İç fotosunda Frank Vinn.