Doğum günündə Səməd Vurğunun Fəxri xiyabanda məzarı ziyarət olunub Featured

 

Martın 21-də “Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov və İctimai Birliyin üzvləri Azərbaycanın ilk Xalq Şairi Səməd Vurğunun anadan olmasının 116-cı ili münasibətilə Fəxri Xiyabanda Şairin məzarını ziyarət etdilər. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da Səməd Vurğunun məzarını ziyarət etmək üçün Qazaxdan Bakıya gəlmişdi.

Anım tədbirində Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski, İsa Muğannanın yadigarları Sevinc Muğanna və İsa Muğanna, iş adamları, elm xadimləri iştirak edirdilər.

"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov qonaqları salamlayaraq Vətən Müharibəsində, eləcə də pandemiya dövründə öıkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvlərinin bir yumruq kimi birləşərək gördüyü işlərdən söz açıb. Dahi Vurğunun xatirəsini hər zaman əziz tutduqlarını, illərdir davam edən bu ənənənin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Qonaqlardan şəhid anası Ülviyyə Nəbiyeva, Qazax RİH-nin başçısı Rəcəb Babaşov, professor Qəzənfər Paşayev, akademik Nizami Cəfərov, professor Şirindil Alışanlı, Səməd Vurğunun Ev Muzeyinin elmi işçisi Aslan Salmansoy, BDU-nun müəllimi Sədəddin Əfəndi, şair Zaməddin Ziyadoğlu çıxış ediblər. 

Hər il olduğu kimi bu dəfə də tanınmış qazaxlıların - Xalq yazıçısı Mehdi Hüseynin, Xalq yazıçısı İsmayıl Şıxlının, Xalq yazıçısı İsa Muğannanın, Xalq şairi Vaqif Səmədoğlunun,  Xalq yazıçısı Yusif Səmədoğlunun, SSRİ Xalq artisti Leyla Vəkilovanın, Dövlət xadimi Möhsüm Poladovun da məzarları ziyarət olunub. Məzarlara əklillər, tər çiçəklər düzülüb.