“Mən şair deyiləm, yavrum, mən bir dəli rəssamam” Featured

Gözəl şairimiz İbrahim İlyaslı ömrünün növbəti – 59-cu baharına qədəm qoyur. “Ədəbiyyat və incəsənət” portalı bu münasibətlə şairi təbrik edir, onun ən yaxşı şeirlərindən bir neçəsini oxucularına ərməğan edir.

 

 

Oturub ömrün içində...

 

Oturub ömrün içində 

Çiçək şəkli çəkirəm.

Yalan rəngləri götürüb

Gerçək şəkli çəkirəm.

 

Çəkirəm ciyərlərimə 

Faniliyin ətrini.

Məndən əziz tutan varmı

Bu faninin xətrini?!

 

Kimsə bilməz nə çəkdirir

Mənə mən çəkdiklərim.

Ölümlərə cücərirlər

Olmağa əkdiklərim.

 

Dəryalar mənə çəkilir,

Tufanlar məndən qopur.

Başıma odlar ələnir,

Ruhuma sular hopur.

 

Şəkillənir qələmimdə

Doğulmamış bir adam.

Mən şair deyiləm, yavrum,

Mən bir dəli rəssamam.

 

 

 Necəsən

 

Mənim səndən uzaqlarda

Yamandı halım, necəsən?

Özgəsinə qismət olan

Cahı-cəlalım, necəsən?

 

Yalana döndü gerçəyim,

Ay gözəlim, ay göyçəyim.

Çəmənim, çölüm, çiçəyim,

Pətəyim, balım, necəsən?

 

Daşam yolun üstə bitən,

Nə sirdi anlamaz yetən.

Gözü, könlü dil-dil ötən,

Dilləri lalım, necəsən?

 

Zər-zibam, ləlim, gövhərim,

Yaqut-Yəmən, simu-zərim,

Barmaqları bəxtəvərim,

Başı bəlalım, necəsən?

 

Üzün dönməz mənə sarı,

Özündən muğat ol barı.

İbrahimin sitəmkarı,

Necəsən, zalım, necəsən?

 

 

Kimdi məni səsləyən

 

Tanrım, görən mən kiməm,

Nəçiyəm bu dünyada?-

Bir payı quru torpaq,

Üç payı su dünyada!

 

Adım Peyğəmbər adı,

Özüm adi bir adam.

Bir də bu adilikdən

Bezib çıxan fəryadam.

 

Qənşərində durduğum,

Aynadakı mənəmmi?

Ruhum mənə dardımı,

Mən ruhuma binəmmi?

 

Əvvəl-axır deyilən

Bir ölçü-biçi varmı?

Varsa bəs ölçüsüzlük

Nədi, bilmək olarmı?

 

Bu cismi-can varlıqdı,

Yoxluq divanəsiyəm.

La İlahə İlləllah!-

Kimdi məni səsləyən?!

 

 

Bu divarın o üzündə

 

Bu divarın o üzündə,

Bir nazlı mələk uyuyub.

Gecə gərib qanadını,

Üstündə lələk uyuyub.

 

O xanədə nə var - oyaq,

Döşəmədən tavanacan.

Qapı, pəncərə, dörd divar,

Çimir almaz sabahacan.

 

Odasının yörəsində

Yüz hoqqadan çıxır külək.

Donub qalıb pəncərədə,

«Heyrət ey büt!…» - oxur külək.

 

Tanrı tamaşası nədi -

O mələyi görən bilir.

Günəş ondan ötrü çıxır,

Ay ondan ötrü yüksəlir.

 

…Divarların bu üzündə,

Qismətim qubardı mənim.

Hər yan gözəllikdi, Tanrım,

Hər yanım divardı mənim.

 

 

Nə günahın yiyəsiydim

 

Nə günahın yiyəsiydim,

Sallanıb, çıxdın qarşıma?

Gəldin - gözümü, könlümü,

Küməmi yıxdın qarşıma.

 

Sən kiminsə halalısan,

Sənə belə baxmaq olmaz!

Göz qadağa qanmır, xanım,

Sənə evdən çıxmaq olmaz!

 

Belə də baxış olarmı?! - 

Pah… obana-elinəcən!..

Davasan, qansan, xatasan,

Dırnağından telinəcən!

 

Xuda canalan yaradıb,

Ta sənə ad lazım deyil.

Valiyə deyək: - Şəhərə

daha cəllad lazım deyil!

 

Sən qisas yeri deyilsən,

Aralıqda batar qanım.

Bu dəfə mənə rəhm elə,

Allahı sevərsən, xanım! 

 

 

Yadına düşdüm

 

Bu gün hardan doğdu belə? -

Gör kimin yadına düşdüm!

Şükür sənə, görk eləyən,

Görkümün yadına düşdüm!

 

Qoşuldum ağlar səsinə,

Çəkildim çağlar səsinə.

Səs verdi dağlar səsinə,-

Ərkimin yadına düşdüm!

 

Aldatdı şeytan nəfəsi,

Atdım məni sevən kəsi.

Hər gün məni lənətləsin,

Hər kimin yadına düşdüm. 

 

 

Billəm

 

«Mən ölsəm ağlayarsanmı?...» 

 

Sən ölsən, ağlamaq nədi?-

Özümü öldürə billəm.

Dostu yandırıb, düşməni

Ölüncə güldürə billəm.

 

Önündə qurub məhşəri,

Heyrətdə qoyub bəşəri,

Mənəm deyən aşiqləri

Tarixdən sildirə billəm.

 

Zəhər deyib şirin cana,

Boyanıb qızıl-al qana.

Bir daha dövrü-dövrana 

Eşq nədi - bildirə billəm!

 

***

 

Şəkillənir qələmimdə

Doğulmamış bir adam.

Mən şair deyiləm, yavrum,

Mən bir dəli rəssamam.