“Qələmimi öz qanıma, batırıb yazdım şeirimi” – Sabir Yusifoğlunun şeirləri Featured

 

Elə şairlər var ki, heç kəsin açdığı yol ilə getmirlər, özləri yol, ən azı cığır açıb irəliləyirlər. Onların yazdıqları şeirlər həmişə diqqət çəkir, sevilir, yaddaşlara həkk olunur. Belə şairlərdən biri də poeziyası ilə dünyaya belə sığışmayan, özü isə Sumqayıta sığışıb orada yazıb yaradan Sabir Yusifoğludur. 

Özü haqda “böyük şair”, “məşhur şair” ibarələrinə yer verən, hətta hansısa divar qəzetindən aldığı mükafatı belə gözə soxan əksərlərdən fərqli olaraq Sabir Yusifoğlunun yazdığı tərcümeyi-halı da özü kimi təvazökardır: “Piriyev Sabir Yusif öğlu. 10.02.1962-ci il tarixində Cəlilabad rayonunun Adnalı kəndində anadan olmuşam”. Vəssalam.

 

Sarı-sarı ağacları

Yarpaq-yarpaq soyur külək.

Bəlkə elə isinməyə

Yer axtarır soyuq külək?

 

Ürəyimi - xatirələr,

Yarpaqları - külək ovur.

Adamların arasıynan

Tale məni hara qovur?

 

Ya dəli ol, ya dərdli ol:

Biri bilsə, beşi bilməz.

Bu küləkdə hönkürtüynən

Ağlasan da eşidilməz.

 

Razılaşın ki, hər bir şairin qələmindən bu cür şedevr çıxa bilməz.

 “Ədəbiyyat və incəsənət” portalı poeziyası bir oxunuşa sevilən şair Sabir Yusifoğlunun redaksiyaya təqdim etdiyi yeni və köhnə şeirlərindən ibarət çələngi oxucularının ixtiyarına verir. Əminik ki, bu şeirləri bəyənməyən çətin tapıla.

 

 

ANLARSAN TƏKLİYIİNİ

 

Yavaş-yavaş anlarsan, 

anlarsan təkliyini. 

Çəkib evin küncünə 

ağlarsan təkliyini. 

 

Hamıdan damla-damla, 

gün-gün, il-il çıxarsan. 

Heç nə yerinə dönməz- 

ilan dili çıxarsan. 

 

Uzaq da qaçar səndən, 

yaxın da qaçar səndən. 

Dərmanlar ovuc-ovuc,- 

yuxun da qaçar səndən. 

 

Tutub güzgü önündə 

danlarsan təkliyini. 

Divarlar soyuduqca 

anlarsan təkliyini.

 

Nə sevib sarılmağa, 

nə də ürək qırmağa... 

O da yığışıb gedər,

gedər, 

gedər-gəlməzə, 

sənsə şam yandırmağa...

 

 

VƏTƏNƏ SOYUQ DƏYMƏSİN

 

Ürəyimin saatını 

düzəldib qurdum divara. 

ovuclayıb dərdlərimi 

ürəknən vurdum divara. 

 

Bu divar durub neyləsin, 

bircə belini əyməsin. 

Vətənə soyuq dəyməsin,- 

çiynimi verdim divara. 

 

Dünyanın başı çatışmır,- 

ağlı, ya yaşı çatışmır?! 

Gördüm ki, daşı çatışmır, 

özümü hördüm divara. 

 

 

QƏLƏMİMİ ÖZ QANIMA...

 

Ölümünə yeyib-içdik

bu ömrün də sağlığına

götürüb yazdım şeirimi.

 

bu Vətəni səngər-səngər

ömrü də gün-gün xərcləyib,

itirib yazdım şeirimi.

 

səs batırır bu bataqlıq

meşədə nə itim azıb

oturub yazdım şeirimi.

 

lap köhnə kişilər kimi

qələmimi öz qanıma

batırıb yazdım şeirimi.

 

yeyilib gedən dilimi

dişlərimin arasından

ötürüb yazdım şeirimi.

 

 

ARX BOYUNCA QATARLAR

 

Nə əlimdə daş-kəsək, 

nə hürən o itlər var. 

Nə arx boyunca keçən 

sınıq-salxaq qatarlar. 

 

Yenə bir səs-səmir yox, 

yenə sakitçilikdi. 

Üstündən illər keçən 

ömrüm çilik-çilikdi. 

 

Qapım-bacam bağlıdı, 

köhnə divar yerində. 

Bəlkə çıxıb gələsən 

batan günün birində?..

 

Heç kim düşmür yadıma,- 

axı, yenə niyə SƏN?! 

Qapımı aç, soyuqdu- 

qəlbim sınıb deyəsən...

 

 

ÇIXIRAM TORPAĞIN, DAŞIN BORCUNDAN

 

Çıxıram hamının borcundan bir-bir,

Çıxıram Allahın borcundan belə.

Çıxıram torpağın, daşın borcundan,

Bu canı, bədəni qaytarmaq ilə.

 

Başıma min oyun açan dünyanın,

Heç başım çıxmadı bu zərlərindən.

Çıxıram saralan ağ-qara şəklin

Ovcumu yandıran qız əllərindən.

 

Mən səni nə təhər sevdim, bilirsən?-

Yadına düşəndə səksənir Allah.

Çıxıram ömrümdən hamını bir-bir,

Tək səni çıxmıram, tək Səni, Allah...

 

 

QARA ZOLAQ 

 

Dualarım yan keçir, 

məni hər qarğış tutur. 

Hər dediyim baş tutmur, 

hər atılan daş tutur. 

 

Hər tələyə düşürəm, 

tilov atsam boş gəlir. 

Harda axmaq dərd varsa, 

qaçıb mənə tuş gəlir. 

 

Yollar hörümçək toru- 

ilişib ayaqlarım. 

Arzular göynən gedir, 

ümidlər ayaqyalın. 

 

Hansı tərəfə getsəm, 

yel tutur, yağış tutur. 

Dualarım yan keçir, 

məni hər qarğış tutur.

 

 

ÇOX ŞEYİ ÜZƏ VURMADIM

 

Ta məndə ürək qalmayıb, 

sıxın, sıxın qalanını. 

Evinizi Allah tiksin- 

yıxın, 

yıxın qalanını. 

 

Çox şeyi üzə vurmadım, 

qaraldım, üzə durmadım, 

mən ömrü yüzə vurmadım,- 

vurun, 

çıxın qalanını. 

 

Bezdik, küsdük, küsdürüldük, 

sevgimizdən asdırıldıq,

uzaq-uzaq basdırıldıq. 

Bu torpağa tapşırarsız 

yaxın-yaxın 

qalanları

 

 

HƏSRƏTİNİN LƏZZƏTİNİ ÇƏKİRƏM

 

Ağlamaqnan keçir hələ günlərin, 

Sağlıq olsun, güləcəksən, darıxma.

Darıxıram, 

ağrıyıram, 

ölmürəm...

Ölər olsam, biləcəksən,

darıxma!

 

Heç bilirsən sənsizliyi neynirəm?!-

Küçə-küçə döyürəm bu şəhərə.

Günçıxandan, günbatana...

fırlanıb,

O tin, bu tin

dəyirəm bu şəhərə.

 

Darıxmağı qəşəng bildim... 

qapısı 

toz bağlamış, damı daman ev kimi.

Həsrətinin ləzzətini çəkirəm,

badə-badə, qullab-qullab, keyf kimi.

 

Darıxıram, 

ağrıyıram, 

ölmürəm...

Ölər olsam, biləcəksən, darıxma.

Ağlamaqdan gözün doyar bir səhər,

sağlıq olsun, güləcəksən...

Darıxma...

 

 

BALIQLA SÖHBƏT

 

Dənizdən başqa kim var ki,-

bir sənsən, bir mən yuxusuz, 

gəl otur danışaq, balıq.

Qum üstdə balıqqulağı,

suda səsin batıb qalıb.

 

Taleyimiz birdi deyə,

sözümüz də yaxşı tutur.

Mən səni ələ vermərəm,

bardaş qur, yaxından otur.

 

Bir az dənizin dibindən.

bir az üzündən danışaq.

Söz açaq batan səsindən,

sözün düzündən danışaq.

 

Başımıza bəla açıb, 

sənə kürü, mənə şeir.

Əyri otur, düz danışaq,

kim kimin haqqını yeyir.

 

Dənizə də borcumuz var,

susmağın da hesabın ver.

Ver özünə bu dünyanın

susmaq adlı əzabın ver.

 

Hamımızın sonu birdi,

qum basdırır, ləpə silir.

Sən tilovdan asılarsan,

mən də...

Mən də 

Allah bilir.

 

Gəl bir az dərdləşək balıq,

gəl otur danışaq, balıq.

Hələ balıqçılar yatır,

hələ ömrümüzdən qalıb...

 

 

PALATA ŞERİ

 

Mən ürəyi geniş xalqın

küncə sıxılan oğluyam.

Ümidi göydən üzülüb,

Yerə yıxılan oğluyam.

 

Ayağım yerə dəyəndən

qurulub tələm- düşmürəm.

Əzrayil çoxdan axtarır-,

sadəcə ələ düşmürəm.

 

Sağımda əvvəlki sevgi,

solumda- sağlıq qalmayıb.

Bu dünyanı qucaqlayan

qollarımın arasında

bircə qucaqlıq qalmayıb.

 

Əlimi göyə qaldırıb,

hansı tərəfimə keçim?

Həkim, bəlkə sən bilərsən

bu dünyanın o üzünə

hansı tərəfindən keçim?..

 

 

UZANIR BU YALTAQ SIRA

 

Tutalım məni vurdunuz,

yıxmağa gücünüz çatdı.

Haqdan-ədalətdən hayıf

çıxmağa gücünüz çatdı.

 

Saf kişilər dura-dura,

uzanır bu yaltaq sıra:

"Ura!.. kimsəsiz, fağıra,

“axmağa" gücünüz çatdı.

 

Pisliklərdən keçə-keçə,

mən ki, dünyayla heç-heçə.

...Allahın üzünə necə,

baxmağa gücünüz çatdı?!

 

 

HƏMİD ORMANLI'ya

 

Dərd ehmalca keçib yatır ürəyə,

Söz - dilində, quş - göyündə oynayır.

Gözümüzdən işıq çəkən lal sular

sinəsinə daş dəyəndə oynayır.

 

Göz yaşıdır tüstülənən ocaqlar,

bu nə dağdı, yaxın qaçar, yad ağlar?!

Budağından yetim qalan yarpaqlar

dəli külək başlayanda oynayır.

 

Bəxt bir gözəl,- çəkir bizi oyuna,

qolun qalxmır?!

Yan-yörənə bax, oyna!

Canım, dərdin havasıdı, çıx oyna,

sümüyünə düşməyən də oynayır...

 

Öz içini didib-sökür buludlar,

Hələ bir də göyərməyə ümid var,

nə yaxşı ki, bir Ormanlı Həmid var,-

Daşlayan da, daş dəyən də oynayır!..

 

 

BU DA BELƏ BİR "SƏNSİZ"

 

Güllə yerini yalayan

yalquzaq kimi ulayan,

Mənəm sənsiz…

 

Baş götürüb gedim hara?!

Qəlbimdəki arzulara

Kəfənəm sənsiz…

 

Bəxtim bir yol gətiribmiş,

indi daha itirilmiş

Vətənəm sənsiz… 

 

 

BALACA  ZƏHRAYA

 

Göy üzündən sallanıb

Topa-topa buludlar.

Hayandan gəlir belə

Çapa-çapa buludlar.

 

Uzadıb əllərini,

Silib yerin tərini.

Böyüyür bir-birini

Tapa-tapa buludlar.

 

Göyü ayırdı yerdən,

Nə boyda oldu birdən.

Dənizlərdən, göllərdən

Qopa-qopa buludlar.

 

Pəncərəndən qara bax,

Bəxtin kimi ağappağ.

Saçlarına qonacaq

Lopa-lopa buludlar.

 

 

EHTİRAM İLHAMA 

 

Nə xəbər var oralardan,- 

əsir düşən yurddan, adam? 

Dağlar gözünə dəyirmi 

ay ucaboy cırtdan adam?!

 

Burda nə savad, nə bilik, 

vicdan?-

çoxdan dəlik-dəlik. 

Bir az cavanlıq, evlilik... 

düşür köhlən atdan adam.

 

Ötdü yüz il, gələr min il, 

yerindədi, deyim?-

minir! 

Hansı mərtəbəyə enir, 

çıxır hansı qatdan adam?!

 

Yalan və düz də yaşayır, 

könüldə, gözdə yaşayır. 

YALANDI! 

Üzdə yaşayır,- 

ölür altdan-altdan adam.

 

Ömrü verib uşaqlara, 

qatarlara, uçaqlara, 

çixıb getdi uzaqlara 

ürəydəki çatdan adam!..

 

SÖKÜLƏN, TİKİLƏN ŞƏHƏR...

 

Daha çökür bu şəhərin

mənimlə yaşıd evləri.

Rəngi-ruhu öləziyir,

saralır yaşıl evləri.

 

Qocalıb əldən düşəni

saxlaya bilmir bu şəhər.

Özünə də fərli bir gün

ağlaya bilmir bu şəhər.

 

Divarların daş üzündə

qırışları yağış yumaz.

Bu dünyanın çıxışların,

girişlərin yağış yumaz.

 

Çökən evlərin dalınca,

köçən evlərin dalınca

düşüb qaçar xatirələr.

Diksinərik...

Başımıza,

üstümüzə evlər kimi

birdən uçar xatirələr?!

 

Gələndən haqq-hesab sorub,

gedənləri ötürmədi.

Ömrümüzü rüşvət verdik,

dərdimizi götürmədi.

 

Indi bizi ayaqlayıb,

göyə dırmaşır evləri.

Mənimlə qocalan deyil,

nəvəmlə yaşıd evləri.

 

Buludların ayağından

tutub yapışan bu evlər.

Ayaq üstdə, boş-boşuna

yatan, yatışan bu evlər.

 

Oturub kimi gözləyir

bu şəhərin boş evləri?!

Evlənməyə yaşı düşən

oğlumla tay-tuş evləri. 

 

Divarların daş üzündə

qırışları yağış yumaz.

Bu dünyanın çıxışların,

girişlərin yağış yumaz...

 

 

MƏN BU ÖMRÜN DÖNGƏSİN DƏ DÜZ KEÇDİM 

 

Al ömrümün qalanını,

sür getsin,-

Bəlkə sən bir gün görərsən, qarışqa.

Heç qıymazdım bir kimsəyə bu ömrü,

əvəzində nə verərsən, qarışqa?!

 

Tutdu bizi batan yurdun qarğışı,

gah qıraqda, gah arada qalmışıq.

Darıxanda bu xaraba qalmışı

ağı deyib dindirərsən, qarışqa.

 

Nə danışım o xanımdan, qadından?!

Ölüb getdim, çıxmadı ki yadımdan...

Nəsə tapsan ocağından, odundan,

qəbrim üstə göndərərsən, qarışqa.

 

Dən boydadı yer kürəsi gözündə,

qarışqayıq hamımız yer üzündə.

Çiynindəki bu dünyadan bezəndə,

dartıb qəbrə endirərsən, qarışqa.

 

Keçiləsi bir can vardı, tez keçdim,

öz bəxtimə düşəndən də vaz keçdim,

Mən bu ömrün döngəsin də düz keçdim,

hara gəldi sən sürərsən qarışqa...

 

 

AD GÜNÜNƏ 

        

Dünyaya gəldiyin gündü,

Dünyanın ki, sonu deyil.

Lap elə bil ayrı gündü

Heç ayın da onu deyil.

 

Nə Adəm yaşıdın olub,

Nə də ki, Həvva gözaltın.

Xəyallar aldadıb səni,

Nağıllarda qaçır atın.

 

Nəyə gəlmişdin, bilmədin,

Bilmirsən nəynən gedirsən.

Göydə Allahın var deyə,

Ölsən də göynən gedirsən.

 

Bu yaşda nəynən qazandın

Bu ağlıqda saç-saqqalı?

Ay evin qara günlüsü,

Ay dərdlərin ağsaqqalı.

 

Nə beşulduz otelin var,

Nə banklarda əmanətin.

Vətən üçün öldüyünü

Nə şah bildi, nə millətin…

 

 

BƏXT TƏRƏF QURAQ OLSA DA

 

Nə kimindi, kim kimnəndi,

kim nəyindi, kim kimdi ki?..

Ömür - ustad əlində saz,

Adam - qırılan simdı ki!..

 

Qara bulud gəlir hardan?

Çıxararmı bizi dardan?-

Ay bunu başa çıxardan,

bu lap ağıldan kəmdi ki...

 

Hər yan çilçıraq olsa da,

hər dərdə maraq olsa da.

Bəxt tərəf quraq olsa da,

gözümüz yenə nəmdi ki...

 

Saçını yol, üzünü did,

bəxt yazanın gözünü did!

Bizi yaşadan son ümid,

...və bir də sonsuz qəmdi ki!..

 

 

PAYIZ YAĞIŞLARI HOPUR CANIMA

 

Buludlar dənizi qaldırıb yerdən,

Çırpır küçələrin boz sifətinə.

İslanmış kölgələr qaçır işıqdan,

Oğru adam kimi qısılır tinə.

 

Bəlkə bir nadanın günahı üstə,

Hamının başına döyür bu yağış.

Kiminin gözündə yağışdı elə,

Kiminin içini oyur bu yağış.

 

Mamır bağlayacaq daşların üzü,

Dərdsiz ürəklərin divarı - yosun.

Belə yağandısa mənim qəlbimdən

Vəfasız bir qızın izini yusun.

 

Bu payız yağışlar hopur canıma,

Daha itirilmiş torpaq kimiyəm.

Yağışlar yorulub kəsəcək bir gün,

Mən bundan o yana çətin kiriyəm.

 

Nə qədər gözlərdə görünməz oldum,

Məni gəzən gözlər islanır harda?

Çiçəklər, yarpaqlar quruyub ölür,

Göyərib öləcəm bu yağışlarda.