Bu Vətənin ayaqları üşüyür - Tural Turanın şeiri

 

Bu şeir Tural Turanın oğlu Meteyə yazdığı ilk şeirdir. Doğulan gün qələmə alıb. 2021-ci ilin noyabrında. Hansı ölkədə doğulduğunu qanlı-qadalı müharibə ovqatlı günlərdə övladına ağlaya-ağlaya bu şeirlə izah etməyə çalışıb. 

Tural Turanın “Bu Vətənə ayaqqabı almışam” adlı şeirini oxucularımıza təqdim edirik:

 

Bu Vətənin ovucları üşüyür,

Əlcəyi yox, qış ortası yalındı.

Sinəsinə yağış güllə döşəyir,

Su keçirmir, sırıqlısı qalındı.

 

Bu Vətənin baxışları üşüyür,

Atıb gedib sevdiyi qız özgəyə.

Bu Vətənin alğışları üşüyür,

Çıxa bilmir nə buluda, nə göyə...

 

Bu Vətənin inancları üşüyür,

Tanrısından and kitabı almışam.

Bu Vətənin ayaqları üşüyür, 

Bu Vətənə ayaqqabı almışam.